Onlayn ictimai-siyasi qəzet
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevin dəvəti ilə ikigünlük Azərbaycana səfəri haqda Rusiyanın “Nezavisimaya qazeta” nəşri məqalə yazıb.
Musavat.com xəbər verir ki, “NG”yə görə, iki ölkə liderləri arasında danışıqların əsas mövzusu enerji əməkdaşlığının inkişafı, o cümlədən Türkmənistanın infrastrukturunu Azərbaycandan keçən Cənub Qaz Dəhlizi ilə birləşdirəcək, eləcə də İran və Rusiyadan keçən marşrutlardan asılılığı aradan qaldıracaq Transxəzər qaz kəmərinin tikintisi perspektivlərinin müzakirəsi olub. Aşqabadın Xəzərin dibi ilə boru kəmərinin tikintisini maliyyələşdirmək üçün siyasi qərar qəbul edəcəyi gözlənilir.
“Türkmənistanlı həmkarı ilə görüşən Azərbaycan dövlətinin başçısı ona “əziz qardaş” deyə müraciət edərək, səfərin əsas məqsədini – ikitərəfli münasibətlərə nəzərəçarpacaq yeni təkan vermək olduğunu açıq şəkildə vurğulayıb. Qurbanqulu Berdiməhəmmədov cavab olaraq ikitərəfli münasibətlərin səviyyəsini üç sözlə müəyyən edib: “Qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq”.
Rusiya nəşri İlham Əliyevin iki ay əvvəl Avropa İttifaqının nümayəndələri ilə “bir sıra görüşləri” ilə Qurbanqulu Berdiməhəmmədova Bakıya dəvəti arasında əlaqə qurub:
“Azərbaycan lideri Avropa diplomatiyasının rəhbəri Kaja Kallas ilə iki dəfə – aprelin 25-də Bakıda və mayda Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin VI sammiti çərçivəsində görüşüb. Bundan əvvəl, aprelin 1-də Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Bakıda, ardınca Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci nazirlər iclasında iştirak edən Avropa İttifaqının enerji və mənzil-məişət məsələləri üzrə komissarı Dan Yorgensenin səfəri olub. Bu görüşlərdə Azərbaycan qazının Aİ-yə tədarükünün artırılması məsələsi müzakirə olunub. Brüssel potensial mənbələrdən hansının Rusiya qazını əvəz edə biləcəyi sualına cavab axtarırdı. Onların arasında Azərbaycan və Türkmənistan da olub” – deyə, “NG” yazır.
Nəşr yazır ki, hazırda Azərbaycan Avropaya ildə təxminən 13 milyard kubmetr qaz tədarük edir:
“Brüssel əlavə olaraq 14 milyard kubmetr qaz alacağını gözləyir. Bu o deməkdir ki, diqqət Avropaya gedən Cənub Qaz Dəhlizinin gücünün ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsinə yönəlib. İlham Əliyev Aİ-ni Cənub Qaz Dəhlizinin gücünün artırılmasındakı ləngliyinə görə dəfələrlə tənqid edib. O, 2030-cu ilə qədər ixracı demək olar ki, 8 milyard kubmetr artıracağını vəd edir, lakin bunun üçün Aİ-nin açıqladığı yaşıl enerjiyə keçidlə əlaqədar qeyri-müəyyən olan investisiyalar və uzunmüddətli müqavilələr lazımdır. Digər tərəfdən, Bakı digər mənbələrdən əlavə həcmlər cəlb etmədən Aİ-nin tələbini təkbaşına ödəyə bilməyəcək, çünki Azərbaycanın hasil etdiyi bütün qaz artıq müqavilə bağlanıb. Rəsmi məlumatlara görə, 2024-cü ildə Azərbaycanda 50,3 milyard kubmetr təbii qaz hasil edilib. Bunun 25,2 milyard kubmetri 12 ölkəyə ixrac edilib. Üfüqdə 13-cü ölkə, Suriya var. İndi əsas məqsəd Cənub Qaz Dəhlizinin Trans-Əfqan qaz kəmərinin tikintisi üçün Aşqabaddan siyasi razılıq almaqdır”.
“NG” Berdiməhəmmədovun Avropa nəşrinə müsahibəsində dediklərini xatırladıb:
“Türkmənistan lideri deyib ki, Aşqabad Avropa İttifaqı ölkələrinə qaz ixracı məsələsində avropalı tərəfdaşlarla əməkdaşlığa hazırdır. Transxəzər marşrutu tədarükün ən perspektivli marşrutlarından biri hesab olunur. Bununla belə, aktiv diplomatik təmaslara, o cümlədən Türkmənistanın Brüsseldə keçirilən enerji forumlarında iştirakına və xarici işlər naziri Rəşid Meredovla Kaja Kallas arasında son telefon danışığına baxmayaraq, Türkmənistan hələ də gözləmə mövqeyini saxlayır” – nəşr yazır.
Musavat.com
20 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ