Onlayn ictimai-siyasi qəzet
Artıq bir neçə gündür Gürcüstanın paytaxtı Tbilisidə “Xarici agentlər haqqında” qanun layihəsinə etiraz əlaməti olaraq aksiyalar keçirilir. Ötən gün gecə isə Hökumət evi yaxınlığında etirazçılarla polis arasında toqquşmalar olub. Polis onlara yaxınlaşan etirazçıları geri itələməyə çalışsa da, nümayişçilər asayiş keşikçilərinin göstərişlərinə tabe olmayıblar və əksinə, kordonu yarmağa çalışıblar. Etirazçılardan bir neçəsi saxlanılıb.
Maraqlıdır, “Xarici agentlər haqqında” qanun layihəsi nə üçün Gürcüstanda bu qədər etiraz doğurub? Bu qanunun qəbulu ölkənin ictimai-siyasi həyatında nəyi dəyişəcək?
Mövzu ilə bağlı Medianews.az-a danışan Gürcüstandakı müxalif Vahid Milli Hərəkat Partiyasının bələdiyyə deputatı Nərgiz Əliyeva bildirib ki, iqtidar ölkəni Avropaya inteqrasiya yolundan döndərmək istəyir.
Soydaşımızın sözlərinə görə, hakim partiya lideri, oliqarx Bidzina İvanişvili Rusiyadakı biznes maraqlarını qorumaq üçün xalqın maraqlarını qurban verir: “Gürcüstan əhalisinin çox bir hissəsi Avropa İttifaqına üzv olmaq üçün on illərlə çaba göstərir və mübarizə aparır. Bunun üçün konkret şərtlər var və bu şərtlər dövlət tərəfindən yerinə yetirilməlidir. Sabiq prezident Mixeil Saakaşvilinin hakimiyyəti illərində Gürcüstanın Avropa İttifaqına qoşulma şansı artıb, demokratik islahatlar, dövlət idarəetmə sistemi təkmilləşdirilib və sair addımlar atılıb. Bunun nəticəsində bu gün Gürcüstan Avropaya vizasız gediş-gəliş imkanı əldə edib. Növbəti uğur isə cari ildə Avropa İttifaqına namizədlik statusu əldə etməyimiz olub. Bu isə birbaşa xalqın iradəsi nəticəsində, yəni kütləvi aksiyaların keçirilməsi, cəmiyyətin haqlı tələblərinin irəli sürülməsi nəticəsində baş verib. Lakin hazırkı hakimiyyət açıq şəkildə ölkəni Avropa İttifaqına inteqrasiya kursundan uzaqlaşdıraraq, rusiyayönümlü siyasət həyata keçirir. Buna səbəb hakim partiya lideri, oliqarx Bidzina İvanişvilinin Rusiyada mövcud olan biznes və aktivləridir. Hazırkı hakimiyyət şəxsi biznes maraqları üçün ölkə üzərindən bazarlıq edir desək, yanılmarıq. Bu isə xalq tərəfindən ciddi etirazlara səbəb olur. Yəni, xalq bir yana, hakimiyyətin maraqları bir yana qoyulur”.
N.Əliyeva söyləyib ki, hakim partiyanın rusiyayönümlü addımlarından biri də ötən ilin mart ayında parlamentdə dinləməyə oyulan “Xarici agentlər haqqında” qanun layihəsi olub: “Layihəyə əsasən, Gürcüstanda xarici ölkədən qrantlar alaraq maliyyələşən və fəaliyyət göstərən qeyri-hökumət təşkilatları (QHT), media və digər qurumlar, həmçinin bu qurumların layihələrində çalışan və illik gəliri 20 faizdən çox olan vətəndaşlar dövlət nəzarətinə alınır, casus adlandırılır. Bunun davamının nələrə səbəb olacağı indidən bəllidir. Təbii ki, azad media qurumlarının fəaliyyəti çərçivəyə salınacaq, onlara ciddi problemlər yaradılacaqdır. Bu qanun fiziki, hüquqi şəxslərə ciddi şəkildə mənfi təsir göstərəcəkdir. Nəzərə alaq ki, Gürcüstanda 10 mindən çox QHT fəaliyyət göstərir. Rəsmi olaraq onların 300-ə yaxını azərbaycanlıların birləşdiyi icma təşkilatları və media qurumlarıdır. Azərbaycan mədəniyyətinin təbliği, həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirilən layihələr, habelə Azərbaycanın dəstəyi ilə Gürcüstanda aparılan işlər də bu qanun sayəsində ciddi maneələrlə üzləşəcəkdir”.
Bələdiyyə deputatı “Xarici agentlər haqqında” qanun layihəsinin nə üçün “rus qanunu” adlandırılmasına da aydınlıq gətirib. O qeyd edib ki, eyni məzmunlu qanun Rusiyada 2012-ci ildə qəbul edilib: “Rusiyada bu qanunun nələrə səbəb olduğunu aydın müşahidə edə bilirik. Birbaşa Kremlin sifarişi ilə olan bu qanun layihəsinin ilk təqdimatı ötən ilin mart ayında kütləvi etiraz aksiyalarına səbəb oldu. Ona görə də hakim partiya nümayəndələri qanunu layihəsini parlamentdən geri çəkməli oldular. Lakin bu il yenidən gündəmə gətirərək, xalqı aldatdılar. Bu isə daha böyük sosial narazılığa və etirazlara səbəb oldu. Üç gündür Tbilisi və Gürcüstanın bir sıra bölgəsində etirazlar səngimir. Aksiyalarda yüzminlərlə insan iştirak edir. Xalq bu qanunun antidemokratik olduğunu, Gürcüstanı Avropa İttifaqından uzaqlaşdırdığını bəyan edir, sözügedən qanunun qəbul olunmamasını istəyir. Eyni zamanda Avropa ölkələrinin rəsmiləri, diplomatik korpus nümayəndələri də bu qanunun qəbul edilməməsini tövsiyə edirlər”.
N.Əliyeva vurğulayıb ki, “Xarici agentlər haqqında” qanun layihəsinin qəbulu Gürcüstan vətəndaşlarının Avropa İttifaqına üzv ölkələrə vizasız gediş-gəlişinə də maneə yaradacaq, viza rejiminin yenidən bərpasına səbəb olacaq: “Bu da insanların iqtisadi durumuma ciddi təsir edəcək. Nəzərə alaq ki, hazırda Gürcüstanda işsizlik, aşağı iqtisadi durum hökm sürür. Əhalinin böyük əksəriyyəti Avropa ölkələrində işləyir. Bütün bu reallıqlara və etirazlara baxmayaraq, hakimiyyət parlamentdə çoxluq təşkil etdiyi üçün bu qanunu ilk sessiyada qəbul edib. Xalqın sözü, iradəsi, onlar üçün önəmsiz olub. Lakin prezidentin bu qanuna veto qoyulacağı gözlənilir. Düşünürəm ki, aksiyalar davam edəcəkdir. Bu qanunun qəbulu xalqa böyük hörmətsizlik və Gürcüstan vətəndaşlarının iradəsinə zidd siyasi addımdır. Oktyabr ayında keçiriləcək seçkilərdə isə əminliklə deyə bilərik ki, bu hakimiyyətin sonu gələcəkdir. Çünki hazırda Gürcüstan əhalisi bir yanda, hakimiyyət başqa tərəfdədir. Xalq və ölkə maraqlarını şəxsi maraqlarına satan, müstəqilliyimizi, azadlığımızı riskə atan hakimiyyətin əlində olan ölkə olaraq, çox narahatıq. Səbirsizliklə Gürcüstanda mövcud hakimiyyətin dəyişməsini gözləyirik”.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ