İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda Avromaydan... hökumət istefaya gedəcəkmi...

Tiflisdə “Evə, Avropaya” şüarlı aksiyalar davam edir, gürcü ekspert hesab edir ki, Rusiyanı qıcıqlandırmamaq üçün Gürcüstana Avropa Birliyinə üzvlük üçün namizəd statusu verilmədi; təhlilçi: “Bu aksiyalar, sadəcə, hakimiyyətin Avropaya doğru inteqrasiyasını daha da sürətləndirə bilər”

Gürcüstanın paytaxtı Tiflisdə başlayan “Evə, Avropaya” şüarlı aksiyanın bir qrup iştirakçısı iyulun 4-də gecəni hökumət administrasiyasının binası qarşısında keçirib. “Yeni Müsavat” xəbər verir ki, əllərində Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutan aksiyaçılar səhər saatlarından etibarən də səs-küylə, fitlə və zərb alətlərində çalmaqla hökumətin siyasətinə etirazlarını ifadə edirlər.

Təşkilatçılar bildiriblər ki, hakim Gürcü Arzusu Partiyasının siyasəti ölkənin Avropa gələcəyinə təhdid yaradır. Aksiyanın əsas tələbi baş nazir və hökumətin istefası, həmçinin milli razılıq hökumətinin yaradılmasıdır.

Gürcü ekspert Ramaz Sakvarelidze deyib ki, Rusiyanı qıcıqlandırmamaq üçün Gürcüstana Avropa Birliyinə üzvlük üçün namizəd statusu verilmədi. “Onlar bu manevri etdilər. Ukraynaya münasibətdə Avropanı məcbur etməyən manevr... Ukrayna hələ uzun zaman namizəd statusunda qalacaq. Və bizimlə bağlı perspektiv danışıqları da heç bir anlama gəlmir”, - o bildirib. Ekspert əlavə edib ki, indiki mərhələdə nə namizəd statusu Gürcüstana nəsə verir, nə də Avropa perspektivi:

“Beləliklə, mümkündür ki, Avropa Rusiyaya deyib ki, biz sizi qıcıqlandırmırıq. Rusiyanı qıcıqlandırmamaq son dövrlərdə Avropanın əsas vəzifələrindən biri olub. Onlar hətta Zelenskiyə görə Kiyevə gəlib onu Rusiya ilə sərfəli şərtlərlə razı salmaq istəyiblər. Amma alınmayıb”. Ekspertin fikrincə, elə həmin dövrdə belə qərar qəbul edilib ki, Moldova və Ukrayna ayrı, Gürcüstan isə ayrıdır.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova etirazların hökumətin istefası ilə nəticələnəcəyinə inanmır. Onun fikrincə, Aİ-nin qərarı ortadadır: “Gürcüstanın prezidenti xanım Zurabişvili belə izah edirdi ki, Avropa İttifaqının bir parçası olmaq üçün daha çox iş görməliyik. Ölkənin demokratikləşməsi, iqtisadiyyatının Qərb standartlarına uyğunlaşması istiqamətində hələ çox addımlar atılmalıdır. Gürcüstanda ideal demokratiya qurulmayıb. Eyni zamanda mövcud hakimiyyət Rusiya ilə münasibətlərdə xeyli dərəcədə həssas siyasət yürüdür. Bu da liberal fəalları, qərbpərəst vətəndaş cəmiyyətini ayağa qaldırır. Onlar Rusiya ilə bütün bağların qoparılıb tam avrointeqrasiya xətti seçilməsini tələb edirlər. Lakin yaxın keçmişin təcrübəsi bunun Gürcüstan üçün hansı mənfi nəticələrə gətirib çıxardığını göstərdi. Söhbət Saakaşvili hakimiyyəti dönəmində Moskva ilə münasibətlərin tamamilə pisləşməsi səbəbindən Rusiya Gürcüstana aqressiv siyasət apardı. Odur ki, Tiflisdə aktivistlərin aksiyalarına baxmayaraq, gürcü hökuməti orta xətt götürərək siyasət yürüdür. Ona görə hökumətin istefasını istisna edirəm. Sadəcə, bu aksiyalar hakimiyyətin Avropaya doğru inteqrasiyasını daha da sürətləndirə bilər. Hətta aksiyaların iqtidarın maraqlarına xidmət etməsi də istisna deyil. Bununla rəsmi Tiflis Kremlə ismarış verir ki, müxaliflər, vətəndaş cəmiyyəti ondan bunu tələb edir”.

Ekspertin zənnincə, əgər hadisələr məcrasından çıxarsa, hökumət devrilərsə, həbs edilmiş keçmiş prezident Mixail Saakaşvili azad oluna bilər: “Qəribədir ki, ”Mişa"nı azad etmək üçün Qərbdən və Vaşinqtondan gürcü hökumətinə ağır təzyiqlər olmadı. Onun tərəfdarları da sona qədər mübarizə aparmadılar. Amma vəziyyət dəyişsə, fors-major situasiya yaranarsa, o halda sabiq prezidentin azadlığa çıxması mümkündür, amma hakimiyyətə qayıdışını güman etmirəm. Bununla belə, bir ehtimal kimi qeyd edirik, hazırkı reallıqda hökumətin istefası mümkün görünmür. Bundan əlavə, Gürcüstanda yeni Avromaydan təşkili indi Qərbin planlarına daxil deyil. Onların başı Ukrayna müharibəsinə qarışıb”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR