Onlayn ictimai-siyasi qəzet
Tiflis ərazilərini azad etmək istəyir; “Başa düşürlər ki, əgər mövqelərini dəyişməsələr...”
Gürcüstan regional kuralları pozmağın ağır nəticələrini 2000-ci illərin ortaları və sonunda yaşadı və görünən budur ki, ölkənin siyasi dairələri bundan ciddi nəticələr çıxarıb. Son illərdə Gürcüstanın Qərbin vassalı olmaqdan imtina etməsi, Rusiya ilə konfrontasiyalara son qoymaq siyasəti açıq şəkildə müşahidə olunur.
Məsələ ondadır ki, Gürcüstan dövləti Qərbin aləti olmaqla gürcü xalqını növbəti faciələrindən özünü kənara çəkmiş olub. Bununla bağlı artıq gürcü siyasətçilər açıq danışırlar.
“Gürcüstan ən ağır təzyiqlərə boyun əymədi, Rusiya Federasiyasına qarşı "ikinci cəbhə" açmadı və bununla da sülhü qorudu". Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze parlament seçkiləri öncəsi seçkiqabağı mitinqdə çıxışı zamanı deyib.
“Biz ən ağır təzyiqə boyun əymədik, ikinci cəbhə açmadıq, sanksiyalara qoşulmadıq. Böyük risk bahasına biz ölkə üçün sülhü qoruduq”, Kobaxidze bildirib.
Bəs bu siyasət Gürcüstan üçün praqmatik sayıla bilərmi? Rusiya ilə Gürcüstan barışa bilərmi? Perspektivləri nə ola bilər bunun? Tiflis siyasi yolla işğal olunmuş ərazilərini geri qaytara bilərmi?
Abutalıb Səmədov
“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanın bu gün tutduğu mövqe Qərbin maraqlarına ciddi zərbə vurdu. Tiflisə təzyiqlər var idi və Qərb Ermənistanın Cənubi Qafqazda təklənməməsi üçün təzyiqlər göstərirdi ki, onlar da Ermənistanla eyni mövqedən çıxış eləsinlər. Hətta həvəsləndirmək üçün Avropa İttifaqına namizədliyini də təsdiqlədilər. Gürcüstan yaxşı başa düşürdü ki, Qərbin dediyini eləməsə, Avropa İttifaqı məsələsi çətinləşəcək və bu istiqamətdə Gürcüstana qarşı addımlar atılacaq: “Həmin addımlar atıldı. Nədən Gürcüstan bu mövqeni tutdu? Təbiidir ki, əsas səbəb itirilən ərazilər məsələsidir. Gürcüstan yaxşı başa düşür ki, əgər mövqeyi dəyişməsə, Rusiyanı qane eləyən müəyyən addımlar atılmasa, ərazilərin geri qaytarılması ən azı uzun illər ləngiyə bilər, yaxud ümumiyyətlə baş tutmaya bilər. Gürcüstan onu da görür ki, bu istiqamətdə Qərb elə bir ciddi addım atmaq iqtidarında da deyil. Bu səbəbdən hətta Avropa İttifaqına namizədlik məsələsində özünü müəyyən problemlərə salmaq hesabına olsa da Gürcüstan Rusiyaya münasibətdə siyasəti dəyişmək qərarına gəldi”.
A.Səmədov hesab edir ki, bu siyasət indiki şəraitdə praqmatik siyasətdir və reallıqlara uyğundur: “2008-ci ildən bu tərəfə Qərb Gürcüstan ərazilərinin qaytarılması üçün heç bir ciddi addım atmayıb və atmaq imkanı da yoxdur. Rusiyanın Ukrayna cəbhəsində ciddi məğlubiyyətə uğramaq ehtimalı da gün-gündən azalır. Bütün bunları nəzərə alan Gürcüstan Rusiya ilə barışmaq yolunu tutdu və hesab edirəm ki, burada elə bir problem də qalmayıb. Nikol Paşinyanın isə tutduğu yoldan geri qayıtması çox çətindir. Ən azından yaxın illərdə çox çətindir. Ancaq Gürcüstanın Rusiya ilə barışmaq imkanı var və bütün bu addımlar yalnız bir məqsədlə atılır - əraziləri geri qaytarmaq. Gürcüstanın Ermənistandan fərqli olaraq Rusiyaya bağlılığı o qədər deyil. Təbiidir ki, iqtisadi asılılıq var, ancaq Ermənistan daha çox asılıdır. Hesab edirəm artıq bu istiqamətdə ilkin danışıqlar aparılıb, müəyyən gizli razılaşmalar yəqin mövcuddur ki, Gürcüstan bu xətti tutub. Əks halda, bu cür davranmaq və Qərbi narazı salan bu cür addımlar atmaq son dərəcə yanlış olardı, son nəticədə Gürcüstan, atalarımızın dediyi kimi, Əli aşından da olardı, Vəli aşından da".
İşğal olunmuş ərazilərin qaytarılacağının mümkün olub-olmayacağına gəlincə, ekspert vurğuladı ki, Gürcüstanın işğal olunmuş əraziləri yalnız siyasi yolla geri qaytarıla bilər. Gürcüstanın elə hərbi gücü yoxdur ki, o, həmin əraziləri hərbi yolla qaytarsın və Rusiyanı da məğlub eləyə bilsin. Bu səbəbdən də işğal olunmuş əraziləri geri qaytarmağın yalınız bir yolu var. O da siyasi yoldur və bu yolu da Gürcüstan tutub.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ