İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Azərbaycanlıları Konqresindən sərt bəyanat: “Hiddətimizi bildiririk”

Musavat.com xəbər verir ki, Gürcüstan Azərbaycanlıları Konqresi Marneulidə azərbaycanlı gəncə qarşı baş vermiş insidentlə bağlı bəyanat yayıb. Qurum hadisəni kəskin pisləyərək, bunu etnik ayrı-seçkiliyin təzahürü kimi qiymətləndirib.

Bəyanatda deyilir:

“Bir neçə gün öncə Marneuli şəhərindəki şirniyyat evlərinin birində M. Qiqaninin azərbaycanlı bir gənci gürcü dilini bilmədiyinə görə təhqir etməsi və ona şillə vurması haqda yayılmış fakta, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq, nifrətimizi bildiririk!

Heç kimə haqq verilməmişdir ki, milli mənsubiyyətinə görə başqasını aşağılaya, alçalda, təhqir edə.

Vətəndaşı olduğumuz Gürcüstan dövlətinin qanunları bizim milli kimliyimizi və dilimizi qoruyur. Bunu azərbaycandilli məktəblərimizin varlığı, ali məktəblərə qəbul zamanı milli qəbul imtahanlarının olması, Gürcüstanda yaşayan xalqların etnik kimliyini aşağılayan, təhqir edən şəxslər üçün ölkəmizin cinayət məcəlləsində cəza tədbirlərinin nəzərdə tutulması təsdiq edir.

Hüquq-mühafizə orqanları M. Qiqanini saxlamış və ona cinayət işi açmışdır. Həmin cinayət baş verdiyi anda parlament deputatımız Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze, “Gürcü Arzusu” partiyasından Marneuli meri vəzifəsinə namizəd Daur İsmayılov, bələdiyyə məclis üzvü Vasil Xaxulaşvili hadisəyə vaxtında müdaxilə etmiş və insidentin böyüməsinin qarşısını almışlar.

Marneulidə birgə yaşadığımız bütün xalqlarla bərabər, etnik azlıq olan svanlarla da həmişə dostluq şəraitində yaşamışıq, onların dövlət dilində danışmamasına heç vaxt etiraz etməmişik!

Fikrimizi bir gürcü atalar sözü ilə bitirmək istəyirik: “İnsandakı hörmət gül axtarar, nifrət isə tikan axtarar”.
Gəlin birlikdə gül axtaraq, tikan axtarmayaq!”

Musavat.com bildirir ki, Konqresin bəyanatı Gürcüstanda yaşayan azərbaycanlıların haqlı narahatlığını əks etdirir. Son zamanlar müşahidə olunan ayrı-seçkilik halları cəmiyyətdə gərginlik yaratmaqla yanaşı, Gürcüstan-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərə bilər. Qurumun mövqeyi açıq şəkildə bildirir ki, etnik kimliyə görə təhqir və alçaltma cəmiyyətin birliyinə və sabitliyinə ciddi təhdiddir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR