İnsanlara hürriyət, millətlərə istiqlal!

Bazarlarda "polka" icarə verənlərin boğazına "kəndir" vurulur: YENİ QANUN

Bu il oktyabrın 1-dən bazarlarda icarəçilərin faktiki fəaliyyət göstərməsi yalnız onların icarəyə götürdükləri obyektlərin vergi orqanında uçota alınması təmin edildikdən sonra mümkün olacaq.

Musavat.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bazarlara vergi nəzarətinin təmin edilməsi ilə bağlı Vergi Məcəlləsinə ötən ilin sonunda edilmiş dəyişikliklər oktyabrın 1-dən qüvvəyə minəcək. Bu öhdəliyin təmin edilməsini bazar mülkiyyətçiləri həyata keçirməlidir.

Bununla yanaşı, bazarlarda daşınmaz əmlaklar sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat obyektinin girişində onun vergi orqanında uçota alınması ilə bağlı informasiya, yəni vergi ödəyicisinin adı və VÖEN-i göstərilən məlumat yerləşdirilməlidir.

Qanunvericiliyin yeni tələblərinə əsasən, bazarların mülkiyyətçiləri tərəfindən icarə müqaviləsinə xitam verilmiş, fəaliyyətini dayandıran, eləcə də fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumat formasının rübdə 1 dəfə vergi orqanlarına təqdim edilməsi ilə bağlı vəzifə də müəyyən edilib. Dəyişikliklər kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarlarına aid deyil.

Bazarların mülkiyyətçiləri oktyabrın 1-dən növbəti 6 ay ərzində vergi orqanında uçota alınmamış təsərrüfat obyektinin və həmin obyekti icarəyə götürənlərin uçota alınmasını təmin etməlidir.

Dəyişikliklər qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısının alınması və uçot intizamının gücləndirilməsinə xidmət edəcək, bazarlarda uçotsuz fəaliyyətin qarşısı alınacaq. Bu isə, öz növbəsində, icarə haqlarının rəsmiləşdirilməsinə, bazar mülkiyyətçilərinin qanunauyğun şəkildə fəaliyyət göstərməsinə gətirib çıxaracaq.

Bu dəyişiklik konkret olaraq kimlərə şamil olunur? Bazarda vergi qeydiyyatında olmayan nə qədər obyekt var?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a belə şərh verib: "Bazarlar dedikdə, burada kənd təsərrüfatı məhsullarının satıldığı bazarlar – yəni meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilən yerlər bu dəyişikliyinin predmeti deyil. Onlar əvvəlki qaydada fəaliyyətlərini davam etdirə biləcəklər. Dəyişikliyin mahiyyəti isə başqadır. Məsələn, müəyyən ticarət mərkəzləri və "moll"arda icarə verən qismində çıxış edən şəxslər var. Yəni sahibkarlar gedib orada piştaxta (ticarət yeri) götürür, məhsullarını yerləşdirir, məişət əşyaları və digər mallar satırlar. Bu sahədə isə belə problem vardı: bəzi sahibkarlar vergi ödəyir, bəziləri isə yayınırdı. İndi edilən dəyişikliklə məsuliyyət təkcə həmin sahibkarların üzərinə qoyulmur. Eyni zamanda "polka"ları icarə verən, yəni ticarət mərkəzinin və ya bazarın icarəçisi olan şəxslərin də üzərinə məsuliyyət qoyulur. Vergi Xidməti başa düşdü ki, hər bir sahibkarı ayrı-ayrılıqda izləmək çətindir. Ona görə də həm satıcı, həm də icarə verən məsuliyyət daşıyacaq". 

3989f1b0-c851-4cce-8989-ae6850a7e530.jpeg (42 KB)

İqtisadçı qeyd edir ki, bir nəfər yüzlərlə yer icarə verə bilərdi, indi onun üzərinə məsuliyyət qoyulur ki, icarə verəndə orada obyektin uçotunu aparmağa, obyektin qeydiyyata alınmasına cavabdehdir:"Əgər obyekt qeydiyyata düşməsə, bu ondan tələb ediləcək və cərimələnəcək. Burada Vergi öz inzibatçılığını rahatlaşdırdı, eyni zamanda ticarət obyekti cərimələnməməsi üçün icarə verdiyi şəxsləri məcburi qeydiyyata keçirəcək, yoxsa icarə müqaviləsini uzatmayacaq. Nüans bundan ibarətdir. Vergi inzibatçılığını rahatlaşdırdı, eyni zamanda vergidən yayınma hallarının riskini azaltdı. Qeydiyyatsız fəaliyyət aşkar edilən kimi ticarət şəbəkəsini cərimələyəcək.

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli də məsələ ilə bağlı Musavat.com-a fikrini bölüşüb:" Bunu ilk baxışdan sahibkarların fəaliyyətinə növbəti əngəl kimi qiymətləndirmək olar. Hətta, bu iqtisadi fəaliyyətin qısa müddətdə məhdudlaşdırılmasına səbəb ola bilər. Amma bu keçilməsi vacib olan prosesdir. Uzunmüddətli təsirləri kölgə iqtisadiyyətını azalda bilən addımlardan biridir".

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2025

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR