Onlayn ictimai-siyasi qəzet
...Gürcüstan millisinin 2021-ci ildə keçirilən (pandemiya səbəbindən 2020-ci ildə təxirə salınmışdı) Avropa çempionatına vəsiqə qazanmaq şansı vardı. Gürcüstan millisi Millətlər Liqasının D qrupunun qalibi olmuş, 2020-ci ilin oktyabrında Millətlər Liqasının yarımfinalında Belarusa qalib gəlmiş, lakin noyabrda Şimali Makedoniyaya final görüşündə minimal hesabla uduzaraq Avropa çempionatında iştirak etmək arzularına çatmamışdılar.
Bu, həmin ilin payızı idi ki, 27 sentyabrda Azərbaycanda Vətən müharibəsi başlamış, ölkədə hərbi vəziyyət elan edilmiş, qismən səfərbərlik başlamışdı. Bir az da konkretləşdirsək, Gürcüstan millisi məsələn, 8 oktyabrda finala vəsiqə qazananda Azərbaycan ordusu Cəbrayılı düşmən tapdağından xilas etmiş, Hadrutun yolu açılmış, Füzuli istiqamətində isə ağır döyüşlər gedirdi. Gürcüstanın Avropaya getmək arzuları gözlərində qalanda, noyabrın 12-də Azərbaycan Şuşanı da geri almış, Ermənistan isə təslimçi üçtərəfli sənədi imzalamağa məcbur olmuşdu...
Bunları yada salmağı, Gürcüstanın bu həftə Yunanıstanla oyunda penaltilər seriyasında qalib gələrək ilk dəfə Avropa çempionatına vəsiqə qazanmasını qətiyyən qısqanclıq kimi anlamayın. Mən gürcülərə azarkeşlik edirdim və onların qazanmasına sevindim. Rəylərə baxıram, Gürcüstanın bu uğurunu bizim milli komandanın uğursuz çıxışları ilə müqayisə edirlər. Çoxlu “niyə” sualları da var.
Bilmirəm, 2020-ci ilin payızında Gürcüstan cəmiyyəti də “necə oldu ki, Azərbaycan öz torpaqlarını geri aldı, bizim ərazilər isə hələ də işğalda qalır” sualını verib, özlərinə dərd etdilərmi?
Söyləmək çətindir, hər halda Azərbaycanın tarixi uğuru Gürcüstanın Avropa çempionatına vəsiqəsi ilə müqayisə edilə bilməz, gürcülərin sevinci bizim həmin günlərdə yaşadığımız həyəcanın, sevincin yanında heç nədir!
Gürcüstanın indiki hökuməti məncə, anlayır ki, onların ərazi bütövlüyünü Qərb “dimdiyində” gətirməyəcək. Rəsmi Tiflis bir neçə ay əvvəl ölkənin birləşməsi (mümkündür ki, bəlkə də federasiya şəklində) halında Abxaziya və Cənubi Osetiyaya 10 milyard dollar sərmayə qoymağa hazır olduqlarını bəyan edib. Gürcüstan rəsmiləri “müstəqilliyini elan etmiş” separatçı Abxaziyanı ikinci Monakoya, Suxumini isə ikinci Monte-Karloya çevirmək vədi verir. Ukraynaya hərbi təcavüzündən sonra Tiflis Qərb dövlətlərinin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaqdan imtina edib, rəsmi olaraq Ukraynanı dəstəkləsələr də, öz ritorika və hərəkətlərində çox təmkinlidirlər. Ümid edək ki, Gürcüstan da ağıllı siyasət sayəsində torpaqları üzərində suverenliyini bərpa edə biləcək... Bunun yolları var.
Qayıdıram futbola. Bizim gənc nəsil bilmir, Gürcüstan futbolu Qafqazda həmişə fərqlənib, bunu Tiflis “Dinamo”sunun SSRİ çempionatında iki dəfə çempionluğu, 1981-ci ildə isə UEFA-nın ən titullu Kuboklar Kubokunu qazanması da təsdiqləyir.
Gürcüstan klubları SSRİ-nin əsas futbol komandasına Anzor Kavazaşvili, Otar Qabeliya (qapıçılar), Murtaz Xurçilava, Aleksandr Çivadze (mərkəz müdafiəçiləri), Mixail Mesxi, David Kipiani (hücuma meylli yarımmüdafiəçilər), Ramaz Şenqeliya (hücumçu) kimi futbolçular vermişdi. Ümumilikdə, Gürcüstanın 21 futbolçusu SSRİ yığmasının tərkibində dünya və Avropa çempionatının finalında iştirak etmişdi. Gürcülər SSRİ yığmasına ruslardan və ukraynalılardan sonra ən çox futbolçu verən üçüncü etnik qrup kimi tarixə düşüb.
Tengiz Sulakvelidze, Vitali Daraselia, Vladimir Qutsayev - bizim uşaqlığımızda əzbərlədiyimiz adlar idi... Sonrakı illərdə Şota Arviladze, Kaxa Kaladze və başqaları Avropada gürcü futbolunun ulduzları sırasına adlarını yazdırdılar.
Gürcüstanın bu millisi demək olar ki, bütünlüklə Avropa liqalarında çıxış edən futbolçulardan ibarətdir. Gürcüstan millisinin tərkibində Xviça Kvaraçxeliya (“Napoli”) ilə bərabər daha kimlər var? Qapıçı Georgi Mamardaşvili 2021-ci ildən “Valensiya”da çıxış edir, indi “Bavariya” və “Nyukasl” ona göz dikib. Millinin daha bir üzvü Georgi Koçoraşvili özünü İspaniyada - “Levante”nin tərkibində sübut etməyi bacardı. Daha bir Georgi (Çakvetadze) İngiltərənin ikinci güclü divizionundan “Uotford” üçün vacib oyunçudur.
AVRO-2024 daha güclü klublara keçmək şansı əldə etmək üçün fürsətdir. Gürcülərin rəqibləri də məğlubedilməz görünmür: püşkatma onları Portuqaliya, Türkiyə və Çexiya ilə bir araya gətirib. Dördlüyün aşkar favoriti yalnız Kriştiano Ronaldonun komandasıdır, qalanları ilə mübarizə aparmaq olar. Türkiyə bu çempionatda olmasaydı, Gürcüstana azarkeşlik etmək də olardı...
Gürcüstan millisinin bu uğuru iki mifi dağıtdı. Millinin inkişafının klublarla əlaqələndirilməsi və baş məşqçinin yerli mütəxəssis olması. Gürcüstan klubları Avropada uğurlu çıxış etmir. Komandanın baş məşqçisi isə fransalıdır. Demək, əsas millinin oyunçularıdır. Milli ruhdur.
Bizim milli ruh baxımından da gürcülərə həsəd aparmağımıza gərək yoxdur. Vətən müharibəsi bunu sübut etdi. Milli komandaya da sıra gələcək...
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ