İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli-quzeyli ana dilimizin saflıq problemi - çıxış yolu...

Firudin Cəlilov: “Güneyli soydaşlarımızın dili daha təmizdir, çünki... ”

Xəbər verildiyi kimi, Güney Azərbaycanda milli fəallar aksiyaya başlayıblar. “Azad İran” Telegram kanalının məlumatına görə, aksiya Azərbaycan dilini fars ifadələrindən və sözlərindən təmizləməyə və ana dilini inkişaf etdirməyə çağırmaq üçün keçirilir. 

Sirr deyil ki, Azərbaycan dilinin Güney ləhcəsi həqiqətən fars sözləri ilə doludur. O dərəcədə ki, bəzən güneyli quzeylini, quzeyli də güneylini anlaya bilmir. Bəs səbəb nədir - ana dilində məktəbin olmaması və uzun zaman Quzeylə mədəni əlaqələrin yoxluğumu? Çıxış yolu nədir? Dilimizin o tayda da, bu tayda da təmiz, vahid qalması üçün Azərbaycan dövləti nə edə bilər? Bəlkə ortaq bir qurum yaradılsın? Güneydə başladılan dil aksiyasının faydası olacaqmı? 

Doğrudur, bu tayda da rus sözlərindən və ifadələrindən istifadə edilir. Amma Quzey Azərbaycanda orta və ali məktəblərimiz var - harada ki Azərbaycan türkcəsinin saflığı qorunur, təbliğ edilir. Ana dilinin qrammatikası öyrədilir. Dil kitablarımız, dil institutumuz, yazılı dilimiz də öz yerində.

Mövzu ilə bağlı sabiq təhsil naziri, professor Firudin Cəlilov “Yeni Müsavat”a danışıb. Professor qeyd edib ki, dil əsasən 2 sahədə fəaliyyətdə olur - xalqın məişət dili və yazılı ədəbi dil. Bunların arasında isə böyük fərq var: “Güney Azərbaycanda yazılı ədəbi dil olmadığı üçün təbii ki, fərqliliklər hiss olunur. Güneyli soydaşlarımız bizim yazdığımız ədəbi dili anlamaqda çətinlik çəkirlər. Əsas səbəb də budur ki, Güney Azərbaycanda ana dilində məktəb yoxdur. Küçədə, bazarda necə danışırlarsa, həmin səviyyədə söhbət gedir. Beləliklə də dil baxımından Güney və Quzey Azərbaycan arasında üslub fərqi var”.

Firudin Cəlilov: İranda məktəblərdə Azərbaycan dilindən istifadə edən  uşaqlara təzyiq olunub - AZƏRTAC

Firudin Cəlilov güneyli soydaşlarımızın dilinin daha saf, təmiz olduğunu vurğulayıb: “Güneyli soydaşlarımızın danışdığı dil daha təmizdir, qədim sözləri qoruyub saxlaya biliblər. Güneylilərin dilində Avropa Birliyindən, Rusiyadan gəlmə sözlər demək olar ki, yox dərəcəsindədir. Amma Quzeydə həm məişət, həm də ədəbi dildə kifayət qədər gəlmə sözlər var. Buna görə də dillər arasında müəyyən fərq hiss olunur. Lakin quzeyli kəndli ilə güneyli kəndli bir yerdə söhbət edəndə dilləri arasında heç bir fərq olmur, çünki hər ikisi xalq dilində danışır. Amma qeyd etdiyim kimi, ədəbi dildə fərqlər var.

Bu problemi aradan qaldırmaq üçün 90-cı illərdə latın əlifbasına keçid etdik ki, onlar bizim yazımızı oxuya bilsinlər. Çünki İranda həm orta, həm də ali məktəblərdə ingilis dili keçirilir, hansı ki latın əlifbası ilə yazılır. Beləliklə, latın əlifbasına keçid etdikdən sonra onlar bizim qəzet və kitabları oxuya bildilər. Bundan əvvəl bizdə kiril əlifbası olduğundan güneylilərin bizim qəzet və kitabları oxuması mümkünsüz idi. Yəni məhz güneylilərə görə latın əlifbasına keçdik ki, arada əlaqə yaransın. Hazırda bu əlaqə var və Güneydə xeyli sayda çox savadlı, istedadlı gənclərimiz var.

Mən onlara həmişə məsləhət etmişəm ki, siz orta məktəb, ana dili şüarı ilə gündəmi doldurun. Çünki hazırda elə bir vəziyyətdir ki, bəzi siyasi hərəkatların vaxtı deyil, onun zamanı yetişməyib. Amma məktəb məsələsi həm də xalqın kimliyi ilə bağlıdır. “Ana dilində məktəb olsun” kimi şüarlar, istəklər xalqda milli kimlik hissini oyadır.

Təbrizin “Traxtor” futbol komandası oynayanda adətən soydaşlarımız bir yerə toplaşaraq, ana dilində şüarlar səsləndirirlər. Bu, elə-belə deyil. Gübeydə milli oyanış Quzeydən qat-qat çoxdur".

Professor bu günə qədər Güney Azərbaycanda ana dilində məktəblərin açılmaması probleminə də toxunub: “İran rejimi dəyişməyənə qədər Güney Azərbaycanda ana dilimizdə məktəb olmayacaq. Çünki İran rejimi anlayır ki, əgər ana dilimizdə məktəb olarsa, 40 milyonluq xalqın övladları həmin məktəbi bitirsə, 5-10 ilə İranda böyük dəyişiklik olar. Ona görə də ana dilində məktəb açmamaqla milli ovqatın qarşısını almağa çalışırlar.

Beləliklə, neçə ki bu rejim hakimiyyətdədir, Güney Azərbaycanda ana dilimizdə məktəb olnayacaq".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR