İnsanlara hürriyət, millətlərə istiqlal!

Güneyli gənclərlə təmas üçün fürsət yaranıb

Hikmət Babaoğlu: “İranda yaşayan 10 milyonlarla soydaşımızın Azərbaycan dilində təhsil almaq hüququ əldə etməsinə mütləq nail olmaq lazımdır”

“Azərbaycanın etnosiyasi coğrafiyası onun inzibati-siyasi coğrafiyasından böyükdür. Bu gün 10 milyon azərbaycanlının yaşadığı müstəqil Azərbaycan Respublikasının sərhədlərindən kənarda milyonlarla azərbaycanlı yaşayır və onlar müxtəlif ölkələrin vətəndaşlarıdır”.

Bu fikirləri millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat” a bildirib. O qeyd edib ki, Azərbaycan xalqının böyük hissəsi İran ərazisində yaşayır, buna görə də onların dil, milli identiklik problemləri, ortaq milli düşüncəyə sahib olmaları, ortaq tarixi, dil, mədəni mirasımıza sahib çıxmaları, heç şübhəsiz ki, bütövlükdə Azərbaycan xalqının problemidir: “Bu, həm də müstəqil Azərbaycan dövlətinin missiyasıdır. Çünki bu gün bütün dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqının dövləti müstəqil Azərbaycan Respublikasıdırsa, onların dil, mədəni, düşüncə identikliyinin qorunmasına bağlı, hazırkı vəziyyətdə isə hətta bərpa olunması ilə  bağlı mühüm addımlar atmalıdır. Hazırda əsrdə çox mühüm kardinal tarixi proseslər baş verir. Bu gün milli identikliklə bağlı yeni çağırışlar və yeni siyasi vektorlar müəyyən edilir. XXI əsr dini-milli identiklik əsri hesab olunur. Ona görə də İranda yaşayan azərbaycanlıların ana dilinə münasibəti də hazırkı çağırışlar kontekstində dəyişməlidir. Hər şeydən öncə onların Azərbaycan dilində təhsil alma hüquqları bərpa olunmalıdır. Bu, İran konstitusiyasında öz əksini tapıb. Dil milli identikliyi təyin edən birinci faktordur.

Hikmət Babaoğlu: “AXC-Müsavat cütlüyü BMT Təhlükəsizlik Şurasının 5 üzvünə  qarşı ərazi iddiası irəli sürmüşdü”

Hikmət Babaoğlu

Dil varsa, hər hansı bir şəxs bu dildə danışır və ana dili hesab edirsə, bu dildə düşünürsə, demək, milli identikliyin əsas bazası burada formalaşır. Qalan digər musiqi zövqü, tarixə, mədəniyyətə, ədəbiyyata, poeziyaya, ictimai proseslərə münasibət kimi digər yardımçı faktorların hamısının ümumiləşməsi prosesi məhz dil üzərindən baş verir. Ona görə də  İranda yaşayan 10 milyonlarla soydaşımızın Azərbaycan dilində təhsil almaq hüququ əldə etməsinə mütləq nail olmaq lazımdır. Bunun üçün nə etmək mümkündürsə, Azərbaycan dövləti etməlidir. Müxtəlif formada qonşuluq münasibətləri, iqtisadi əməkdaşlıq, diplomatik münasibətlər kontekstində daima bu məsələni xatırlatmalı və onların ana dilində təhsil almaları üçün müxtəlif addımlar atmalıdır”.

Millət vəkili vurğuladı ki, vətənpərvərlik, milli düşüncə mirasımıza sahib çıxmaq kimi mənəvi duyğuların da təbliğ olunması olduqca vacibdir: “Milli identikliyi yaradan əsas məsələlərdən biri də budur. Yəni sosial fərdləri bir-birinə bənzədən birinci faktor ortaq bir dildə danışmaqdırsa, ikinci faktor ortaq düşüncəyə sahib olmasıdır. Milli düşüncə əslində buna deyilir. Yəni biz hamımız ortaq qəhrəmanlarımızın, dastan qəhrəmanlarımızın igidliyindən zövq almalıyıq, böyük Üzeyir Hacıbəyovun musiqisindən eyni dərəcədə təsirlənməliyik, böyük şair Şəhriyarın şeirlərindən eyni dərəcədə kövrəlməliyik, Füzuli bizi eyni dərəcədə düşündürməlidir, Nəsimi bizi eyni dərəcədə bir növ filosoflaşdırmalıdır, böyük Nizami multikultural dəyərləri təbliğ etməsi ilə bizdə eyni milli assosiasiya yaratmalıdır. Bu, milli eyniyyəti təyin edir. Ona görə də mən düşünürəm ki, bu istiqamətdə artıq konkret addımların atılmasının vaxtı çatıb. Necə ki, Azərbaycan Prezidenti Türk Dövlətləri Təşkilatının baş katibi  Bağdad Amreyevi qəbul edərkən bu məsələyə toxundu və məsələni dəqiq qoydu. Azərbaycan Prezidenti bu görüşdə etdiyi çıxışda Azərbaycanın deyil, təkcə dünyada  təkcə azərbaycanlıların deyil, bütün türk xalqlarının lideri kimi çıxış etdi.

O qeyd etdi ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların da Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdən kənarda yaşayan türk xalqlarının da milli identikliyi, onların təhlükəsizliyi, hüquqları və salamatlığı bizim vəzifəmizdir, borcumuzdur. Mən düşünürəm ki, bu, XXI əsrdə mühüm bir çağırışdır. Əsrlər boyu gözlədiyimiz, öyrəndiyimiz və həyata keçməsini arzuladığımız, İsmayıl bəy Qaspralıların, Əlibəy Hüseynzadələrin, Əhməd Ağaoğullarının görmək istədiyi, arzuladığı o böyük gələcəyi, vahid siyasi, ideoloji konsepsiya halında Azərbaycan Prezidentinin dilindən səsləndirilməsi çox mühüm bir hadisədir. Ona görə də təkcə dövlət deyil, bütün digər ictimai institutlar-insan hüquqları institutları, qeyri-hökumət təşkilatları, müxtəlif mədəni, təhsillə bağlı institutlar milli identikliyin təmin olunması üçün səfərbər olaraq bu istiqamətdə hər birimiz üzərimizə düşən vəzifəni həyata keçirməliyik. Əgər belə olacaqsa, o zaman o taydakı gənclərimizin milli identikliyini təmin edə bilərik. Çünki günü-gündən Cənubi İranda yaşayan azərbaycanlılar öz milli tarixindən, milli mədəniyyətindən, hətta milli coğrafiyalarından ayrı düşürlər. İranın tərkibində yaşayan azərbaycanlılara qarşı demoqrafik mühəndislik aparılır.

Başqa ərazilərdən bizim milli sərhədlərimizə müxtəlif yad elementlər köçürülür və dövlət onların müxtəlif cinayətkarlıq hərəkətlərinə göz yumaraq,  azərbaycanlılar üzərində bir mənəvi, psixoloji üstünlük yaratmağa çalışırlar. Hətta başqa xarici ölkələrdən, konkret halda, məsələn, İraqdan bəzi etnik qruplar köçürülərək azərbaycanlıların sıxışdırılaraq çıxarıldığı ərazilərə yerləşdirilir və sıxışdırılma təkcə inzibati qaydalardan deyil, həm də iqtisadi, maliyyə təzyiqləri ilə həyata keçirilir. Azərbaycanlıların yaşadığı ərazilər qəsdən iqtisadi baxımdan inkişaf etdirilir və beləliklə, məişət qayğıları üzərindən azərbaycanlıların köçü baş verir və bu, çox təhlükəli bir tendensiyadır. Ona görə də bunu hər şeydən öncə biz daima gündəmdə saxlamalıyıq və bu məsələlərlə bağlı daima həyəcan təbili çalmalıyıq. Düşünürəm ki, təmaslar üçün bu gün heç vaxt olmadığı qədər yaxşı fürsət yaranıb. Müxtəlif sosial şəbəkələr, internet resursları üzərindən bizim gənclər də fəal şəkildə bu prosesə qoşulmalıdır. Yəni eyni millətin övladları kimi biz informasiya məkanında bir ümumi Vətən formalaşdırmalıyıq. İnformasiya məkanında  mənəvi, etnik, mədəni coğrafiyamızın bütövlüyünü təmin etməliyik ki, sonradan düşüncələrimizdə bu bütövlük formalaşmış olsun. Eyni zamanda bir millətin vahid millət olması üçün onun sinxron hərəkət qabiliyyəti olmalıdır.

Bu nə deməkdir? Yəni biz hamımız, tutaq ki, Novruz bayramında dünyanın harasında yaşayır-yaşasın, azərbaycanlılar eyni hissləri keçirirlər. Bu bir millətin bütün fərdlərinin bir-birindən xəbərsiz  kütləvi sinxron hərəkətidir. Sosiologiya izah edir ki, nə qədər ki, bu var, demək, o millət hələ də bütövdür. Düşünürəm ki, bütövlük alt qatlarda dediyimiz kontekstdə var. Və yaxud eyni zamanda maraqlı bir sosial təcrübənin şahidi oldum. Bir neçə il bundan əvvəl Cənubi Azərbaycanda "Səni deyirlər" adlı bir mahnı səsləndirildi və sosial şəbəkələr üzərindən yayıldı. Bu bir növ Azərbaycan xalqının sinxron hərəkəti üçün bir imtahan idi. Azərbaycanın hər yerində eyni şövqlə, eyni maraqla bu mahnı oxundu. Yəni biz hələ də millət olaraq vahid, canlı orqanizm kimi hərəkət etməyi bacarırıq. Əgər bunu bu günə qədər itirməmişiksə, bax bu kütləvi sinxron hərəkətin üzərində gələcəyimizi yenidən inşa edə bilərik".

Nigar HƏSƏNLİ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR