Onlayn ictimai-siyasi qəzet
Donald Trampın Ağ Evə qayıdışı Almaniya kansleri Olaf Şoltsun yenidən seçilmə şanslarını artıra və Xristian Demokratik İttifaqının (XDS) lideri, XDS/XCS blokunun kanslerliyə namizədi Fridrix Mersin seçki uğurlarına mane ola bilər.
Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi yazıb.
Agentliyin məlumatına görə, Mersin müşavirləri Trampın yanvarın 20-də keçiriləcək inauqurasiyasını narahatlıqla gözləyirlər və bu hadisənin seçki balansını dəyişdirə biləcək bir dönüm nöqtəsinə çevriləcəyinə inanırlar.
“Bloomberg”in fikrincə, Şolts şənbə günü Berlində keçirilən Almaniyanın Sosial Demokrat Partiyasının (SDP) qurultayında özünü “Amerikan ritorikasına qarşı demokratik dəyərlərin müdafiəçisi” kimi təqdim edə bilib. Olaf Şolts Trampın Qrenlandiyaya iddialarına münasibət bildirərək deyib ki, Qərb dəyərlərinə görə, “sərhədlər toxunulmaz olmalıdır” və “heç bir ölkə digərinin həyəti ola bilməz”.
Eyni zamanda həm SDP, həm də XDS üzvləri arasında “Almaniya üçün Alternativ” (AfD) Partiyasının və onun həmsədri Alis Vaydelin artan populyarlığı ilə bağlı narahatlıqlar mövcuddur. Qeyd olunur ki, İlon Maskın AfD-yə verdiyi dəstək bu populyarlığın artmasına təsir edir.
Cümə axşamı “X” sosial platformasında Maskın Vaydel ilə keçirdiyi onlayn müzakirə diqqəti cəlb edib.
Dekabr ayının sonunda Almaniya prezidenti Frank-Valter Ştaynmayer Bundestaqda kanslerə qarşı etimadsızlıq votumundan sonra parlamentin buraxılması və növbədənkənar seçkilərin 23 fevral 2025-ci ildə keçirilməsi barədə qərar qəbul edib.
Musavat.com
12 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ