İnsanlara hürriyət, millətlərə istiqlal!

Gözəl ölkənin "qızılbarmaq" cibgirləri - Əli Əkbər İtaliyadan yazır

İsveçrədə yaşayan azərbaycanlı mühacir yazıçı Əli Əkbər növbəti dəfə İtaliyada səyahətdə olarkən köhnə və yeni təəssüratlarını qələmə alıb. Bu qeydləri İtaliyaya səfərə hazırlaşanlar üçün əvəzsiz "yol bələdçisi" saymaq olar. Əli Əkbər yazır:

İtaliya gözəldir. İtaliyadakı qədər gəzməli-görməli, füsunkar məkan, sahil, dağ, meşə Avropanın heç bir yerində yoxdur. Mətbəxinə isə söz ola bilməz. Bir problem var ki, saxtakarlığın, yalanın, oğurluğun, bicliyin, dələduzluğun və hər növ (burada zəruri redaktə işi aparılıb)qəbahət hərəklərn ustasıdırlar.

Mənim İtaliyaya hər səfərim gərginlik və əsəb deməkdir. İki yerə parçalanmalısan - bir yandan zövq almalı, digər yandan daim göz-qulaq olmalısan ki, sənə maddi və mənəvi planda kəf gəlməsinlər. Cibgirlərin sayı üzrə Avropa çempionu İtaliyada pulqabınız, telefonunuz, eynəyiniz, çantanız bir göz qırpımında elə yoxa çıxır ki, ruhunuz da incimir. Belədir İtaliya, bu barədə iyrəncliyin dibidir. Alçaqlığın zirvəsidir. Çox .... ölkədir, çox.

Özü də, İtaliyada şübhələnməli olduğun tiplər divara işübhə doğuran insanlar deyil. Əsla! Şübhələnməli, qorxmalı olduğun tiplər, Azərbaycandakı analoqlarına "Qəzənfər müəllim", "Sədaqət xanım" deyə biləcəyin, baş əyəcəyin, hörmət edəcəyin tiplərdir. İtaliyada BÜTÜN oğrular senyor ve senyoralardır. Təpədən dırnağa brend, təpədən dırnağa zadəganlıq, təpədən dırnağa dəb etalonudurlar. Haqqında pis düşünsən, "Allah bəlamı verər, bu ki, mədəniyyətin, tərbiyənin, alicənablığın təcəssümüdür. Bunlara canımı, malımı etibar edə bilərəm" deməli olduğun tiplərdir.

Amma deyil. Təpədən dırnağa zövq, şıqlıq, alicənablıq təcəssümü olanlar girir cibinə. Qadınlı-kişili!

Sevindirici haldır ki, İtaliyada xalq və dövlət olaraq imiclərindən narahat olan könüllülər peyda olub (nəhayət!). Onlar turistik məkanlarda cibgirləri dərhal tanıyırlar (öz qanlarıdır axı, necə tanımasınlar?) və dərhal bağırmağa başlayırlar ki, "Amandır! Ehtiyatlı olun! Arxanızda cibgir var!"

Küçələrdə, metrolarda, növbələrdə - hər yerdə gəzirlər və turistləri soymağa hazırlaşan cibgirləri güdürlər. Görən kimi də qışqırmağa başlayırlar. Cibgirlər isə dabanlarına tüpürüb qaçırlar. Bəzən də aqressiya göstərirlər.

İtaliya gözəl ölkədir. Yeddi milyard dəfə olduğum, gəzdiyim, həzz aldığım ölkədir. Amma bu ölkədəki qədər cındır adama da heç yerdə rast gəlməmişəm. Neynəyim. Deməyə məcburam. Onları o qədər yaxşı tanıyıram ki...".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR