İnsanlara hürriyət, millətlərə istiqlal!

Gorbagor Minsk Qrupunun amerikalı həmsədri “xortladı” və... görün nə dedi

Uorlik sayıqlayır ki, “status ətrafında müzakirə vacibdir, “Dağlıq Qarabağ xalqı”nın müdafiəsi ilə bağlı prosedur zərurəti var” - ağzından erməni konyakının dadı getməyib

Sirr deyil ki, Ermənistan hələ də keçmiş Minsk Qrupunun (MQ) xiffətini çəkir, səbirsizliklə onun “diriləcəyini” gözləyir. Çünki məhz bu üzdəniraq qurum “öz müqəddəratını təyin etmə” adı altında faktiki Azərbaycan ərazisində ikinci erməni “dövləti”ni yaratmaqla məşğul idi. O səbəbə ermənilər hər fürsətdə gorbagor olmuş MQ-ni gündəmə gətirməyə cəhd edirlər.

“Yeni Müsavat” bildirir ki, artıq cəhənnəmlik olmuş qurumun amerikalı sabiq həmsədri Ceyms Uorliki tapıb danışdırmaq da eyni mərama xidmət edir.

“Bir neçə məsələ üzrə proseslər eyni vaxtda getməlidir. Prezident Əliyev və baş nazir Paşinyanın bunu təşviq etməsi vacibdir. Məsələn, Ermənistan və Azərbaycanın delimitasiya prosesinə başlaması son dərəcə vacibdir ki, bu da eskalasiya risklərini azalda bilər” - Uorlik “Amerikanın səsi” radiosunun erməni redaksiyasına müsahibəsində belə deyib.

O, sülh razılaşmasına, Qarabağ ətrafındakı situasiyanın həllinə hazırda nə mane olur suallarını cavablandırıb. “Status ətrafında müzakirələrin olması vacibdir. Mən bilirəm ki, Prezident Əliyev münaqişənin bütün məqamlarını həll olunmuş hesab edir və bütün bunlar Azərbaycanın ərazi bütövlüyü məsələsidir, lakin Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsi ilə bağlı prosedur zərurəti var. Bu, status ətrafında mühüm müzakirədir. Başqa məsələlər də var. Məsələn, rabitə, su ehtiyatları, hərbi əsirlərin qaytarılması. Bütün bu problemlərin həlli əngəllərlə üzləşir. Lakin onları həll etmək olar. Bundan ötrü prezidentin və baş nazirin də cəlb olunduğu çoxtərəfli yanaşma vacibdir”, - deyə keçmiş həmsədr qeyd edib.

“Status,” “Dağlıq Qarabağ xalqı”, “Dağlıq Qarabağ xalqının haqları”, “erməni hərbi əsirlər”... Adam hələ də erməni leksikonu ilə, erməni ağzı ilə danışır. Görünür ağzından erməni konyakının dadı getməyib. Hər şey qırağa, bəs hələ də öz evinə qayıda bilməyən köklü azərbaycanlı əhalinin elementar hüquqları necə olsun? Nədən onlar haqda mister Uorlik bir kəlmə də deməyib? Ümumiyyətlə, sabiq “vasitəçi” belə müdrik idisə, niyə həmsədr olduğu dönəmdə bir iş görə bilmədi? Nəinki o, bütövlükdə MQ bir şeyə yaramadı...

Səbəb indi az qala, məktəbliyə də məlumdur: ona görə ki, Minsk Qrupu BMT TŞ-nin 4 qətnaməsi əsasında konfliktin həlli ilə yox, erməni işğalını rəsmiləşdirməklə, təcavüzkar Ermənistanı razı salmaqla məşğul idi. Sonluq məlum - 44 günlük Vətən savaşı, “Dəmir yumruq”la işğalçının başının əzilməsi. Odur ki, cənab Uorlik Bakıya “qiymətli” tövsiyələr vermək əvəzinə hələ də simsarı olduğu erməniləri ağıllı olmağa çağırsaydı, qat-qat faydalı iş görmüş olardı. Ancaq edəcəkmi?

ALDP sədri Fuad Əliyev:“Ehtimal var ki, növbədənkənar parlament seçkiləri  keçirilsin” » Sözçü qəzeti

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirir ki, Uorlik başını daşa döyür. Partiya sədrinin sözlərinə görə, Minsk Qrupunu diriltmək cəhdləri baş tutmayacaq: “Bunu Lavrov da açıqladı. Dedi ki, Minsk Qrupu arxivdir, fransızlar və amerikalılar onu dəfn ediblər. Ukrayna müharibəsi də Qərblə Rusiyanın əlaqələrini kəskinləşdirdiyi üçün həmsədr ölkələrin bir araya gəlməsi mümkün deyil. Odur ki, keçmiş həmsədrin başından böyük sözləri heç kimə lazım deyil. Azərbaycan prezidenti də onları qəbul edərkən demişdi ki, sözünüz varsa, kameralara deyin. Bu, təxminən onları iti qovan kimi qovmaq idi. Çünki Minsk Qrupu adlanan yaramaz institut 30 il torpaqların erməni işğalında qalmasına xidmət edib. Onlar ən yaxşı halda sülh sazişinə, humanitar məsələlərə töhfə verə bilər. Bunu da etmək niyyətində görünmürlər, əvəzində Uorlik Baydenin dediyi ”Dağlıq Qarabağ xalqı" ifadəsini, “status” mövzularını dilə gətirir. Bizim üçün “status” çoxdan bitmiş mövzudur. Hətta Lavrov da bu məsələnin gələcək nəsillərə saxlanmasını açıqlayır, ancaq Azərbaycanın mövqeyi bəllidir. Biz etnik ermənilərə heç bir muxtariyyət verməyəcəyik. O zaman burada yaşayan digər xalqlara haqsızlıq etmiş olarıq, çünki Qarabağdakı ermənilər sayca talışlardan, ləzgilərdən, avarlardan çox deyil. Ona görə də hər kəs Azərbaycan vətəndaşı olaraq yaşayacaq. Xoşları gəlmirsə, yol açıqdır, Laçın koridoru ilə Ermənistana köçə bilərlər. Uorlik də onları özü ilə Kaliforniyaya apara bilər".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR