Onlayn ictimai-siyasi qəzet
Biz əvvəllər belə deyildik. Duyarlı, mərhəmətli, şəfqətli idik, dinindən, milliyyətindən, irqindən asılı olmayaraq, yıxılan görəndə qolundan tutub qaldırardıq.
Yüz dəfələrlə olub, xaricdə yaşayan həmvətənlərimiz ekstremal situasiyalarda özlərini yanan avtobusun, qatarın içinə vurub insanları xilas ediblər, dənizdə, çayda batanları qurtarmaq üçün özlərini dalğanın üstünə atıblar.
Bizimkilərdə qəribə bir yardımsevərlik var, dar ayaqda təmənna güdmədən edərlər.
Əslində indi də eləyik, amma ermənilərə münasibətdə artıq mərhəmətliliyimiz çox tənəzzül edib. Səbəbləri dətindir, sonrakı abzaslarda yazaram.
Bir neçə gündür, Qarabağdan sadə ermənilərin köçünü əks etdirən videolar, şəkillər yayılır. Qatar-qatar, karvan-karvan gedirlər. Onlara şair Şəhriyarın sözü ilə “getmə, tərsa balası” deyə bilmirik.
Əzizləri, qohumları ilə birlikdə o günlərin daha betərini yaşayan insanlar belə bu mənzərəyə soyuqqanlı baxa bilmirlər. O insanların nə çəkdiyini, qeyri-müəyyənlik içində hansı məchulluğa getdiklərini, başlarına nə gələcəyini bilmədiklərini bilirik.
Zarafat deyil, 60-70 yaşlı insanlar 50 il boyunca tikib başa gətirdikləri ev-eşiklərini, doğulub-böyüdükləri şəhəri, kəndi qoyub gedirlər – bəziləri yataqxanalara yerləşəcək, bəziləri çadırlarda qalacaqlar, hərəsi bir tərəfə dağılacaq, pərən-pərən düşəcəklər.
Kim bilməsə də, bunun nə demək olduğunu ermənistanlı qaçqınlar, qarabağlı məcburi köçkünlər yaxşı bilirlər.
Ancaq başqa vaxt hər kəsin, hər millətin bənzər halına acıyan insanlarımızın çoxu bu, bir dəstə erməni avantüristin (başabəla siyasətçi və ziyalıların, hərbi canilərin) girovuna çevrilmiş, bu və ya digər şəkildə o avantürada iştirak etmiş bədbəxt insanların halına acımır.
Ermənilər 35 il ərzində bizə etdikləri zülmlərlə, pisliklərlə bizi özlərinə münasibətdə özləri kimi düşünməyə, özləri qədər “mərhəmətli” olmağa gətirib çıxarıblar.
Cəmiyyətin düşüncəsinin güzgüsü olan sosial şəbəkələrdə “erməni köçü”nü əks etdirən video və fotolarla yüzlərlə, minlərlə bu cür şərhlər yazılır: “Onlara bu da azdır”; “Gedişləri olsun, dönüşləri olmasın”; “Cəhənnəmə qədər yolları var”; “Çox gözəl mənzərədir”; “Bunlar rahat maşınlarda gedirlər, biz ayaqyalın qaçmışdıq”; “Elə getsinlər, təki də qalmasın”; “Yazlq-zad deyillər, bizə güllə atanların hamısı bunların evində böyüyüb” və sair və ilaxır.
Püskürən nifrətin lavasına yaxın getmək, qarşısında durmaq mümkün deyil. Görün, 1980-ci illərdə iki millətin arasına nifaq toxumu səpən balayanlar, aqanbekyanlar, ambarsumyanlar, kaputikyanlar, igityanlar araya necə bir düşmənçilik, qan-qada salıblar.
Bu iki millət yüz il əvvəlki ədavəti böyük ölçüdə unutmuş, yenidən bir-birilə qaynayıb-qarışmışdı, fəqət adını yuxarıdakı abzasda çəkdiyim və çəkmədiyim bədnam “erməni ziyalıları” köhnə ədavəti qızışdıraraq, öz xalqlarının beynini zəhərlədilər. Bu zəhərləmə aktı yoluxucu oldu, ermənilərin tam əksəriyyətinə sirayət etdi, əsas zərbəsi də bizə dəydi.
Bugünkü mənzərənin müəllifləri məhz həmin o balayanlar, aqabekyanlardır. Yaşları 90-a dirənib, hələ də sağdırlar və guya ki, çox sevdikləri erməni xalqının bu acı gününü seyr edirlər, vicdanları varsa, “bunların bu günə düşməsinin baiskarı biz olduq” deyə düşünməlidirlər.
Bu 35 ildə ermənilər təkcə bizim 35 mindən çox soydaşımızı öldürməyiblər, həm də içimizdəki mərhəmət hissini (ən azı onlara qarşı) öldürüblər, bizi dünyaya açıq, irəli düşüncəli, hər bir dini-milli icmayla qaynayıb-qarışmağı bacaran toplumdan millətçi şüarlar hayqıran adamlara çeviriblər.
Biz bu məşəqqət, iztirab dolu illərdə dönə-dönə anladıq ki, bizim özümüzdən başqa kimsəmiz yoxdur, ya toparlanıb güclü olmalıyıq, ya da başqa millətlərin insaf və rəhminə ümid bəsləyə-bəsləyə daha yaman günlərə qalacağıq.
Uzun illər üstünə şikayətlənmədiyimiz ölkə, dövlət, beynəlxalq təşkilat qalmadı. Onlar bizi eləcə dinlədilər, halımıza yanırmış kimi başlarını buladılar, amma dərdimizə də bir çarə etmədilər.
Fəqət indi o əcnəbilər köçhaköçdə olan ermənilərin halına daha ürəkdən yanırlar. Erməni qaçqınlar Laçın postunu keçməmiş artıq ABŞ, Almaniya, Fransa, Hollandiya, Belçika və başqa ölkələr onlara 5, 10, 15, 20 milyon dollar və ya avro həcmində yardımlar ayırıblar. Yəni ermənilər qarabağlı köçkünlərin çəkdiyi əzab-əziyyətin onda birini çəkməyəcəklər.
Amma yenə də, elliklə doğulub-böyüdüyn yurdundan köçmək dünyanın ən ağır, ən kədərli işlərindən biridir. Buna görə bütün məsuliyyət vaxtilə “ermənilərlə azərbaycanlılar arasında etnik uyuşmazlıq var, birlikdə yaşamaları mümkün deyil” deyən koçaryanların üzərindədir.
***
Köç prosesini əks etdirən videoların birində belə bir epizod var: Hərbçimiz yola düşməyə hazırlaşan mikroavtobusun içindəki qadın və uşaqlara hamburger, peçenye kimi qida paylayır. 7-8 yaşlı bir qız qidaları alır, özündən sağa-sola keçirir. Uşağın üzündə minnətdarlıq ifadəsi var, hələ heç nəyi başa düşmür. Beynini zəhərləməsələr, o, böyüyəndə bu epizodu xoş xatirə kimi xatırlayacaq, zəhərləsər, şovinistə çevriləcək.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ