Onlayn ictimai-siyasi qəzet
Bu yazı bir qədər dedektiv janrında hekayətlərə bənzəyəcək, amma onun belə alınmasında hansısa məqsədli, yönləndirici hal yoxdur. Sadəcə, informasiya mühitimizin qapalılığı, “əlaqədar orqanlardan” xəbər, şərh almağın paslı kəlbətinlə diş çəkdirmək kimi ağır, çətin olması üzündən bizim yazılar da Aqata Kristinin, Konan Doylun əsərlərinə bənzəməyə məcburdur.
Keçmiş administrasiya rəhbəri, AKP MK-nın ideoloqu, akademik Ramiz Mehdiyevin haqqında yazılmayan şey qalmadı. Onun korrupsiya, şantaj, çevriliş, xəyanət və sairə əməllərindən indi danışmayan, yazmayan yoxdur. Amma bir məsələ deyəsən hələlik hamının diqqətindən yayınıbdır. Güman edirəm, bu yazıdan sonra “əlaqədar orqanlar” istintaq materiallarına qaldırdığımız məsələni də əlavə edəcəkdir. Bu, Mehdiyevin... Sasanilər dövləti ilə əlaqəsi haqqındadır. Bəli, yanlış oxumadınız. Qarğıdalı qovurun, yaxın oturun, söhbət var.
İl 2011. Lap dəqiq yazsaq, oktyabr ayının 17-si. Həmin gün Azərbaycan mediasında qəribə informasiya yayılmışdı. İnformasiyada Qəbələdə arxeoloji araşdırma aparılması və qazıntı yerinə... Prezident Administrasiyası rəhbəri Ramiz Mehdiyevin, fövqəladə hallar naziri Heydərovun və daxili işlər naziri Usubovun baş çəkdiyi açıqlanmışdı. Azərbaycanda hansısa arxeoloji qazıntı yerinə bu cür yüksək vəzifəli şəxslərin dəyməsi qeyri-adi hal idi. Bəlkə də Qəbələnin rəsmi kuratoru olan fövqəlnazirin və polis nazirinin hansısa arxeoloji əraziyə baş çəkməsini başa düşmək olardı. Üstəlik, qazıntıların Qəbələ hava limanının tikinti ərazisində aparıldığı vurğulanmışdı, deməli nazirlərin getməsi mümkün idi. Amma biz nə o vaxtacan, nə də ondan sonra Ramiz Mehdiyevin hansısa arxeoloji ekspedisiyaya baş çəkdiyini görməmişik.
Məsələni əsrar pərdəsinə bürüyən detallar çoxdur. Məsələn, həmin qazıntılar haqda AMEA-nın elmi nəşrlərində, o cümlədən, ekspedisiya başçısı arxeoloq alim Qəhrəman Ağayevin biblioqrafik məlumatlarında hər hansı detala rast gəlmirik. Qəhrəman Ağayevin həmin qazıntılara başçılıq etməsi də bir az şübhəlidir, çünki əslən naxçıvanlı olan Ağayev əsasən Naxçıvanın Şahtaxtı abidələri üzrə ixtisaslaşıb.
“Mehdiyev” və “arxeologiya” sözləri xalqımızda nə qədər təbii qarşılansa da (Şah Abbası taxtda, Nadiri qundaqda görməsi anlamında), onun Qəbələ səfəri şaiyələr yaratdı. Üstəlik, həmin dövrdə qəzetlərdə paralel olaraq belə informasiya da getdi: “Qəbələdə hun hökmdarı Attilanın 300 kiloqramlıq qızıl atı tapılıb”. Qəribədir ki, qısa müddət sonra həmin xəbər rəsmi mediadan silindi. Çünki artıq xalq arasında belə söhbətlər yayılırdı: “Mehdiyev həmin qızıl at heykəlini mənimsəyib”.
Lakin bəzi versiyalara görə, Mehdiyevi qazıntı yerinə cəlb edən Attilanın at heykəli deyil, daha ciddi və dəyərli, bəlkə də misli-bərabəri olmayan arxeoloji tapıntı imiş. Söhbət Sasani hökmdarı 2-ci Xosrovun yoxa çıxmış xəzinəsindən gedir!
Burada qısaca qeyd edim ki, 2-ci Xosrov Pərviz babası 1-ci Xosrov Ənuşirəvandan fərqli olaraq adil hökmdar kimi tanınmayıb, əksinə, camaatı soyub-talayıb nəhəng xəzinə yaradıbmış. Məsələn, ərəb tarixçisi Təbəri yazır ki, Xosrovun hakimiyyətinin 13-cü ilində xəzinəsində təkcə gümüş pullar 3296 ton idi. Hökmranlığının 30-cu ilində isə 1 milyard 600 milyon dirhəmlik xəzinə toplamışdı. (Bunu indiki pula çevirsək yəqin trilyonlar edər).
Xosrov Pərvizin misilsiz var-dövləti Firdovsinin “Şahnamə” əsərində də təsvir edilib. Lakin müsəlman ərəblərin cənubdan hücumları, daxildəki qeyri-sabitliyin artması padşahı xəzinə haqqında fikirləşməyə məcbur edirdi. (Xosrov özü zərdüşti idi və Məhəmməd peyğəmbərin islama dəvət məktubunu cırıb atmışdı). Ona görə Xosrov xəzinəni ölkənin şimalına, dağlara aparıb gizlədir. Tarixi mənbələrə görə bu ərazi... Qəbələ-Dağıstan arasında bir yerdir!
Mənim versiyama görə, 2011-ci ildə Mehdiyev Qəbələyə məhz Xosrovun aşkar edilmiş xəzinəsini mənimsəməyə getmişdi və Attilanın atı söhbətini də diqqəti yayındırmaq üçün ortaya atmışdı.
Əlbəttə, Xosrov xəzinəni bəlkə xilas edə bilmişdi, amma özünü xilas edə bilmədi, oğlu Şiruyənin saray çevrilişində öldürüldü. Tarixin bu dərsini unutmaq lazım deyil.
Sonda alban tarixçisi Moisey Kalankatlının “Alban ölkəsinin tarixi” əsərindən Xosrov Pərviz dövrünə aid sitatla yazını bitirək: “Haçana qədər bizim mal-mülkümüzü sarayın nəfinə müsadirə edəcəklər, qızıl-gümüşlərimizi şahın xəzinəsinə yığacaqlar? Haçana qədər bizim yollarımız bağlı qalacaq, başqa ölkələrlə sərfəli ticarətimizə mane olacaqlar? Haçana qədər biz qorxu altında yaşamalıyıq?”
Şərhsiz.
02 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ