İnsanlara hürriyət, millətlərə istiqlal!

General Milli: “Rusiya artıq Ukraynada strateji baxımdan uduzub”

“Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibədə qarşısına qoyduğu məqsədlərin hər birinə nail olmayıb və uğursuzluğa düçar olub”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu fikir ABŞ-ın Birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri, general Mark Milli tərəfindən səslənib.

General Milli və ABŞ Müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiəsi üzrə kontakt qrupunun (Ramşteyn formatı adlanan) onlayn formatda keçirilən yeddinci iclasında mühüm mesajlar veriblər.

"Ruslar strateji, əməliyyat və taktiki cəhətdən məğlub durumdadırlar. Nə etməyə çalışsalar, uğursuzluğa düçar oldular", - deyə, Milli xüsusilə son vaxtlar Xerson bölgələrində baş verən hadisələrə diqqət çəkib.

Bununla bərabər, amerikalı general Ukraynanın yaxın gələcəkdə tam hərbi qələbə qazanmasını və Rusiya ordusunun bütün beynəlxalq səviyyədə tanınmış ərazilərindən, o cümlədən Krımdan çıxmasını hələlik "aşağı ehtimal" kimi qiymətləndirib. General rus qoşunlarının çıxarılmasını daha çox hərbi deyil, siyasi qərarın nəticəsi olaraq gördüyünü söyləyib.

Baş qərargah rəisi Rusiya və Ukrayna arasında danışıqların tez başlamasının tərəfdarı olduğunu və bunun bir çox insanın həyatını xilas etməyə kömək edəcəyini bildirib. Bununla belə, o Birləşmiş Ştatların Ukraynaya öz azadlığını və suverenliyini qorumaqda “lazım olduğu qədər” kömək edəcəklərini vurğulayıb.

Müdafiə naziri Ostinin sözlərinə görə, Rusiyanın Ukraynanın kritik infrastrukturuna son raket zərbələri “yalnız Ukraynanın qətiyyətini və Kontakt qrupunun Ukraynanı dəstəkləmək əzmini gücləndirir”.

Pentaqon rəhbəri Kiyevə müasir hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılmasının vacibliyini qeyd edib. Ostinin bildirdiyinə əsasən, bu yaxınlarda Ukraynaya göndərilən NASAMS sistemləri artıq 100 faiz effektivliyini göstərib.

Qeyd edək ki, bu həftənin çərşənbə günü Ramşteyn formatında keçirilən görüşdə qəbul edilən konkret qərarlar barədə məlumat verilməyib. Lakin gələn məlumatlara görə, Almaniya da daxil olmaqla, bir sıra NATO ölkələri Ukraynaya növbəti hərbi yardım paketləri müzakirə ediblər. Hələ NATO-ya üzv olmayan İsveçin yeni hökuməti isə Ukraynaya əvvəlkilərdən daha çox - 287 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR