İnsanlara hürriyət, millətlərə istiqlal!

Gender söhbəti yenidən gündəmdə - fərqli mövqelər

Ekspertlər hesab edir ki, “zorən bərabərlik” iddiasından uzaq durmaq hər iki cinsin xeyrinədir

Xəbər verildiyi kimi, Azərbaycan şahmat millisinin üzvü Şəhriyar Məmmədyarov açıqlamaları ilə müzakirələrə səbəb olub. Yutubda yayımlanan “Persona” verilişində qonaq olan qrosmeyster qadınların bütün sahələrdə kişilərdən geridə olduğunu bildirib.

“Bacılarınızla rəqabətə çox gedirdiniz” sualına şahmatçı belə cavab verib: “Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox zəifdir. Düzdür, bu fikir qadınların çoxunun xoşuna gəlməyəcək, amma dünyanın yüz ən yaxşı şahmatçısından biri belə qadın deyil. Yəni heç bir qadın şahmatçı kişilərlə mübarizə apara bilmir. Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?!”

Onun bu sözləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, sərt tənqid olunub. Düzdür, peyğəmbərlər arasında da qadın yoxdur. Amma İslam dini qadına, anaya çox böyük dəyər verir. “Cənnət anaların ayaqları altındadır”, - buyurub peyğəmbərimiz (s). 

Araşdırmaçı jurnalist, dini məsələlər üzrə mütəxəssis Rəsul Mirhəşimli mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, cəmiyyətdə olan problemlərdən biri insanların müxtəlif məsələlərlə bağlı qarşılıqlı anlaşma şəraitində müzakirələr apara bilməməsidir: “İki gündür şahmatçımızın dediyi fikirlər sosial şəbəkələrdə dartışma mövzusuna çevrilib. Müşahidələr onu göstərir ki, məsələyə münasibət bildirənlərin böyük əksəriyyəti ortaya atılan fikrin cəmiyyətdə hansı fikir ayrılıqlarına səbəb olacağına, problemlər yarada biləcəyinə deyil, qadının kişidən, yaxud kişinin qadından üstünlüyünü sübut etməyə çalışır. Bu mənzərə müzakirələrin rasional təfəkkürə deyil, maksimalist düşüncəyə söykəndiyi görüntülərini yaradır. 

O ki qaldı İslam dininin üstünlük dərəcəsinin təyin edilməsi barədə baxışlarına, dinimiz cinsiyyət fərqi ilə kimisə kimsədən üstün tutmur. Dinimizə görə, üstünlük dərəcəsini təyin edən göstərici təqva, yəni günahlardan ən çox qorunmaqdır. 

İslam dini qadına böyük dəyər verir. Dinimiz qadını ümmətin yarısı kimi görür. Eyni zamanda İslam dini qadınlara cəmiyyət üçün insan yetişdirən şəxsiyyət kimi baxır. Dinimizin qadına verdiyi dəyər, onun cəmiyyətdəki yerinin harada olduğu Qurani-Kərimin ayələri ilə bəyan edilir. Bu dəyərin hansı səviyyədə olduğunu uzun araşdırmalar aparmadan da hər kəsin görməsi mümkündür. Qurani-Kərimin mətnlərində ayrıca “Məryəm”, “Nisa” (Qadınlar) surələrinin olması qadının Allah qatında və cəmiyyətdə necə olduğu barədə dinin münasibətini bəyan edir.

Quranın ayələrindən başqa, peyğəmbərimizin də qadınlar barədə buyurduqları dinimizin qadına verdiyi dəyəri öyrənməyə vəsilə olur. “Sizin ən xeyirliniz qadını ilə ən gözəl rəftar edəninizdir”, “Qadınlar Allahın sizə əmanətidir” hədisləri ilə qadınların önəminin dinimizə görə baxışlar toplusunu görmək olar.  İslam dinində kişi və qadın bir-birilərini tamamlayan varlıqlar kimi qəbul edilir. İslamda qadına dəyər verməyən, qadının ünvanına aşağılayıcı ifadələr işlədən hər bir kişi qınanılır. Eyni zamanda qadınlara qarşı pis rəftar edən kişilər mənfi insanlar hesab olunur".

Novella Cəfəroğlu: “Qərbin insan hüquqları təşkilatları ilə daha intensiv  işləməliyik”

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu da mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əksinə, qadınlarımız kişilərdən daha güclüdür: “Ətrafımızda da görürük, qadınlarımız işləyir, öz ayaqları üzərində durmağı bacarır, yeri gələndə ailənin yükünü çiyinlərində daşıyırlar. Baxın, son dövrlər qadına şiddətdən də çox danışılır, boşanmaların səbəbi də bununla bağlıdır. Qadınlar əzaba, şiddətə dözməyib, özlərində güc tapıb boşanır, özlərini də, uşaqlarını da saxlaya bilirlər. Ümumiyyətlə, yaxşı kişi yanındakı qadını ucaltmalı, baş tacı etməlidir. Bu eləcə də qadına aiddir. Hər iki tərəf bir-birinə dəstək olmalıdır. Əgər kişi qadınlar zəifdir deyirsə, bunun özü zəiflik əlamətidir. Bu gün qadınlar artıq çox inkişaf ediblər, həm təhsil səviyyələri, həm də ictimai-siyasi həyatda onların rolu danılmazdır. Bir sözlə, qadınlarımız artıq bir şəxsiyyətdir. Bəzən bu səbəbdən qadınlara qarşı qısqanclıq da var. Kimin də arvadı onu evdə incidir, deyir qadınlar zəifdir”.    

İndiki təhsil sistemi sosial ədaləti təmin edə bilmir - TƏNQİD - AzEdu.az  AZƏRBAYCAN TƏHSİL PORTALI

 Qoşqar Məhərrəmov

Təhsil eksperti Qoşqar Məhərrəmov mövzu ilə bağlı fikirlərini bildirib: “Qadınlar və kişilər mövzusunda ona görə mövqe bildirmək istərdim ki, burada bir bioloji, bir də sosial cinsiyyət anlayışına toxunmaq istəyirəm. Sosial mənada qadın və kişi xüsusiyyətləri onlara qazandırılıb. Onlar bunu seçməyiblər. Onların bioloji fərqləri göz önündə idi. Bu bioloji fərqlər sosial fərqləri də təbii olaraq doğuracaqdı. Qadın ta qədimdə övladını dünyaya gətirib ona digər məməlilər kimi süd verməli idi. Məhz ona görə də qadın evdə qalmalı oldu. Belə olduqda kişi çöldə ov ovlamalı və yemək gətirməli idi. Beləcə, kişinin əzələ kütləsi çox olmasa öləcəkdi. Bu təbii seçim güclü kişilərin həyatda qalmasına nəticə verdi və əzələli, iti zəkalı olmaq təbii seçimdə selektiv üstünlük oldu. Qadınlar isə evdə qalıb uşaqlarına baxmaqla vəzifələnmiş oldular. Bu bioloji hal günümüzə qədər öz təsirini göstərməkdədir. Qadın və kişi bütün mədəni hüquq sistemlərində bərabərdir. Bu bərabərlik isə sosial həyatda məcburi formaya gətirildiyi zaman hər iki cinsiyyətə əziyyət olar. Ona görə də bərabərlik iddiasından uzaq durmaq hər iki cinsin xeyrindədir. Bəs fərqlər üzərindən əzmək necə? Bu isə məqbul hesab edilə bilməz. Kiminsə hansısa mövzuda üstünlüyünü deməsi, qeyd etməsi, vurğulaması kamil insan anlayışı ilə assosiasiya edilə bilməz. Qeyd etdiyim kimi, kamil insanlar belə bilərəkdən, ya da bilmədən səhv edə, düşünə, danışa bilər”. 

Afaq MİRAYİQ,
“Yeni Müsavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR