İnsanlara hürriyət, millətlərə istiqlal!

Gəncə Dövlət Universitetindən “kəndirli qovluq” tələbinə cavab-RƏSMİ  

 

Azərbaycanda bəzi universitetlərin tələbələrdən kağız sənədlər tələb etməsi ilə bağlı iddialar səslənir. Qeydiyyat üçün bir çox sənədin elektron qaydada əldə edilməsi mümkün olsa da, bir neçə ali təhsil müəssisəsində kağız sənədlər tələb olunması ilə bağlı iddia birmənalı qarşılanmır. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də məsələni sosial media vasitəsilə gündəmə gətirib. O bildirib ki, Elm və Təhsil Nazirliyi (ETN) tələbələrin universitetlərə qeydiyyatı üçün heç bir sənəd tələb olunmadığını bildirsə də, qeydiyyatın yalnız portal.edu.az üzərindən olacağını elan etsə də, reallıq başqadır:

“ETN elan edib ki, portalda qeydiyyat üçün tələbələrdən heç bir sənəd tələb olunmur. Yəni tələbə sistemə daxil olanda özünün bütün sənədlərini (attestat, yaşayış yeri, DİM məlumatları, hərbi çağırışla bağlı məlumatlar, güzəşt hüququ verən sənədlər və s.) sistemdə görür və onları sadəcə təsdiqləyir. Bir daha təkrar edirik ki, tələbə heç bir sənədi sistemə yükləmir! ETN universitetlərə də bu sənədlərə giriş imkanı yaradıb. Yəni universitetə tələbənin attestatı lazımdırsa, universitet öz giriş məlumatları ilə ETN sisteminə daxil olub onu görə bilir, bu məlumatların hamısını özünə çəkə bilir və s. Bundan artıq nə olmalıydı? Yəni əsl rəqəmsal hökumət komponentləri bu qeydiyyat prosesində qurulub. Qurumlar gecə-gündüz çalışıb rəqəmsal bir platforma qurublar və bir də usanmadan deyirəm ki, qeydiyyat üçün heç bir sənəd istəmirlər”.

WhatsApp Image 2024-08-29 at 15.46.04.jpeg (195 KB)

Ekspert əlavə edib ki, monitorinqin nəticəsi təəssüf doğurur:

“ETN və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA), inteqrasiya olunan bütün qurumlara bu cür effektiv və mükəmməl sistem üçün "halal olsun" demək doğru olardı. İndi görək real vəziyyət necədir. Ötən gündən başlayaraq biz bu prosesi monitorinq edirik. Monitorinqin bəzi nəticələri çox düşündürücüdür və çox təəssüf doğurur.

Universitetlərin elanlarından görünür ki, yenə də portal.edu.az-dan kənar, paralel qeydiyyat aparanlar, kağız sənədlər tələb edənlər var :

  1. BDU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir
  2. AzTU - heç bir sənəd və paralel qeydiyyat tələb etmir
  3. BMU - özü üçün kağız formada əlavə sənədlər tələb edir
  4. GDU- özü üçün "Kəndirli qovluq" və digər çoxsaylı sənədlər istəyir, Köhnə Yevlax avtovağzalının yanında
  5. ATU- əlavə çoxsaylı kağız sənədlər tələb olunur
  6. ADPU - əlavə kağız sənədlər tələb olunur

Ümid edirəm ETN və İRİA-da bunlardan xəbərdardır. Güman ki, hökumət fərqindədir ki, dövlətin ayırdığı bu qədər resurslar "Kəndirli qovluq" dövrünə qayıtmaq üçün nəzərdə tutulmayıb. Anlamıram ki, bu tip absurd və qanuna zidd, tələbələrdə və valideynlərdə çaşqınlıq və narazılıq yaradan, hökumətin apardığı siyasətə sayğısızlıq nümayiş etdirən bu tip elanlarla universitetlər nə demək istəyirlər?

İnanıram ki ETN, Agentlik tez bir zamanda universitetlərə xəbərdarlıq edəcək və bu tip elanlar hər yerdən yığışdırılacaq”.

Musavat.com məsələni araşdırmaq üçün adıçəkilən bir neçə universitetlə əlaqə saxlayıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Taleh Mirzəyev Musavat.com-a açıqlamasında bildirdi ki, bütün ali və orta ixtisas təhsili müəssisələrində, o cümlədən Pedaqoji Universitetdə təhsil alanların qeydiyyatı tam onlayn formada, portal.edu.az platforması üzərindən həyata keçirilir: “Elan mətnində qeyd olunan “Tələbələr müvafiq sənədləri dərslər başladıqda universitetə təqdim etməlidir” cümləsində onlayn qeydiyyatdakı sənədlərin kağız forması nəzərdə tutulmur. Burada nəzərdə tutulan attestatın əsli, sağlamlıq haqqında arayış, oğlanlar üçün ilkin hərbi qeydiyyat və ya hərbi bilet kimi ali təhsil müəssisəsinə əsillərinin təqdim olunması zəruri olan sənədlər nəzərdə tutulur, yəni bu heç bir halda paralel qeydiyyat demək deyil. Bu prosedurlar tamamilə qanunvericiliyə uyğundur”.

Bakı Mühəndislik Universitetinin (BMU) mətbuat katibi Elman Babayev də Musavat.com-a bildirdi ki, qeydiyyat dövründə universitetə tələbə buraxılmır: “BM-da qeydiyyat tam onlayn qaydada aparır. Yalnız dərslər başlayandan sonra attestatın əsli, şəxsiyyət vəsiqəsinin surəti, 3x4 ölçüdə rəngli fotoşəkil (2 ədəd) istənilir ki, bu da şəxsi iş üçündür. Bu da bütün universitetlərdə tələb edilir”.

İddiaya görə Gəncə Dövlət Universitetinin (GDU) elanında tələb olunan sənədlərin siyahısında  kəndirli qovluq var. GDU-dan Musavat.com-a bildirildi ki, tələbələrdən kəndirli qovluq istənməsi ilə bağlı iddianın heç bir əsası yoxdur: “Bütün universitetlərdə olduğu kimi, Gəncə Dövlət Universitetində qeydiyyat onlayn qaydada aparılır. Qeydiyyat portal.edu.az portalı üzərindən həyata keçirilir. GDU-da kəndirli qovluq tələbi yoxdur”.

Nigar HƏSƏNLİ,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR