Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın quru sərhədləri hazırda qapalıdır. Dövlət rəhbərliyi bunun xarici - quru yolla sərhəddən gələ biləcək təhlükələrlə əlaqəli olduğunu bəyan edib.
Sərhədlərimizdən qanunsuz yolla ölkəmizə soxulmaq istəyənlər hər zaman mövcud olub. Xüsusilə İran vətəndaşlarının mütəmadi qanunsuz cəhdlərinin şahidi oluruq.
Maraqlıdır ki, artıq İran üzərindən üçüncü ölkələrin vətəndaşları da Azərbaycana keçməyə cəhdlər göstərirlər.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib ki, sentyabrın 21-də saat 15:17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları 2002-ci il təvəllüdlü Mədəvi Muhəmmədxəlil Cavad, 2003-cü il təvəllüdlü Məhəmmədi Əlirza Məhəmmədhəsən, 2004-cü il təvəllüdlü Rzayi Əzizulla Məhəmmədalim və 2006-cı il təvəllüdlü Məhəmmədi Mehdi Zaher saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
18-20 yaşlı gənclərin bu marşrutla ölkəmizə gəlməsi maraq doğurmaya bilməz. Onları bura gətirən səbəblər nədir? Məqsəd nədir?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Əfqanıstan hazırda həyat səviyyəsinə görə dünyada sonuncu yerləri tutur. Ona görə də əfqanlar daha yaxşı yaşayış xəyalı ilə qonşu ölkələrə, həmçinin Azərbaycana üz tuturlar: “Ötən il Cəlilabad Rrayon Məhkəməsində üç Əfqanıstan vətəndaşının məhkəməsi oldu.
Onlardan biri, 19 yaşlı Feyyaz məhkəmədə demişdi ki, təxminən 6 ay əvvəl Əfqanıstandan İrana qaçaq yolla gəlib, Tehranda işləyib yaşamağa başlamışdı. Amma sənədləri qaydasında olmadığına görə onu ölkəsinə deportasiya edəcəkdilər. O isə qayıtmaq istəmirdi. Bu üzdən Azərbaycana keçmək qərarına gəlib.
O da məhkəmədə bildirib ki, Azərbaycana qaçaq yolla keçmək üçün 1800 manat pul istəyiblər, verməyə razılaşıb.
Ümumiyyətlə, hər üç Əfqanıstan vətəndaşı məhkəmədə ifadə verərkən onları Azərbaycan sərhədinə gətirən və keçirən iranlılar, avtomobil haqda eyni fikirləri səsləndirib. Onlar bildirib ki, həmin şəxslər, sadəcə, sərhədi keçirməyə söz veriblər. Sərhədi keçəndən sonra özləri Bakıya gedib çıxmalıydılar: “Ondan sonrasını özümüz həll etməliydik. Onların işi bizi ancaq sərhəddən keçirmək idi” demişdi əfqanlar.
Onlar peşman olduqlarını vurğulayıblar və məhkəmədən yüngül cəza verilməsini istəyiblər.
Cəlilabad Rayon Məhkəməsinin hakimi Qalib Paşayevin çıxardığı hökmə əsasən, əfqanların hər biri 1 il azadlıqdan məhrum edilmişdi. Əfqanları ölkələrindən didərgin salan oradakı yaşam şərtləri, işsizlik, hərc-mərclikdir. Ölkədən qaçan əfqanlar üçün hər yer cənnət kimi görünür".
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ