Onlayn ictimai-siyasi qəzet
“Hazır yeməyə dağlar da dayanmaz”
(Azərbaycan ata sözü)
Əhaliyə xəbər verildiyi kimi (bizdə hər bir şey əhaliyə xəbər verilir, yanlış anlaşılmasın), bələdiyyə seçkisini gələn il yanvarın axırlarında keçirmək məqsədəuyğun sayılmışdır. MSK sədri Məzahir müəllimin mövzu üzrə açıqlaması da yayıldı. Lakin ortada çox narahatlıq doğuran, əsəblərimizi korlayan, kefimizə soğan doğrayan, inflyasiyaya səbəb olan, Orta Doğu böhranını kəskinləşdirən önəmli fərq vardır: Məzahir müəllim bu seçkiyə xaricdən müşahidəçi dəvət edilməyəcəyini söyləmişdir!
Müstəqillik tariximizdə ilk dəfədir belə halla qarşılaşırıq. Tutaq ki, Qərbdən-zaddan gələnlər ara qarışdırır, saxta bəyanatlar verir. Bəs Rusiya? Bəs Belarus? Bəs MDB? İran, İraq, Yeni Kaledoniya, Qvineya, Numea və sairə ölkələr? Axı o cür dost bölgələrdən müşahidəçi çağırmaq olardı.
Hesab edirəm ki, bələdiyyə seçkilərimizin xarici müşahidəçilər olmadan keçirilməsi böyük ziyan vuracaqdır. Əlbəttə, bizə yox, xaricilərə! Dünya üçün zərərlidir. Çünki Azərbaycandakı bələdiyyə seçkiləri daima dünya xalqları üçün demokratiya, plüralizm, liberalizm, konservatizm, impressionizm, kubizm, sosializm dərsi olmuşdur. Gəlib müşahidə edir, öyrənirdilər, sonra öz ölkələrində tətbiq edirdilər.
Bəlkə də çox adamın yadından çıxıb, bizdə ilk bələdiyyə seçkisi 1999-cu ilin 12 dekabrında keçirilmişdi. Bundan qısa müddət sonra, 31 dekabrda Rusiya prezidenti Yeltsin istefa verdi və istefasının əsas səbəblərindən biri kimi Azərbaycanda bələdiyyə seçkilərini göstərmişdi. Sitat: “Əgər biz burada o cür demokratik özünüidarəetmə qura bilmiriksə, mən axırıncı rumkanı içməkdən imtina edirəm”. Sitatın sonu.
İkinci bələdiyyə seçkimiz 2004-cü ilə təsadüf edirdi. Həmin vaxt ABŞ və koalisiya ordusu İraqda Səddam Hüseyn tərəfdarları ilə savaşırdı. Lakin Azərbaycanda bələdiyyə seçkiləri olacağını eşidən kimi tərəflər atəşkəs müqaviləsi imzaladılar. Bir müddət həqiqətən də qədim Dəclə-Fərat vadisində insan qanı tökülmədi. Tarixçi alim Yaqub Mahmudov həmin dövrdə araşdırma aparmışdı, sən demə son 5 min ildə ilk dəfə bu ərazidə sülh bərpa olunmuşdu.
Doğrudur, seçkidən sonra müharibə yenə davam etdi, ancaq bir-iki ay da qənimət deyildirmi? Şair demişkən: “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”.
Hər halda, növbəti bələdiyyə seçkimizin tam müşahidəçisiz qalacağına da inanmaq istəmirəm, çünki Məzahir müəllim müəyyən dərəcədə bizə ümid vermişdir. Deyir, biz çağırmırıq, ancaq xaricdən kim istəsə özü, sərbəst, öz maliyyə vəsaitləri hesabına gəlib bələdiyyə seçkisini müşahidə edə bilər. Allaha şükür. Heç olmazsa bu imkan saxlanılmışdır. O cür təcrübə yoxa çıxmasın gərək.
Sonda bir rəngli xəbər var, mövzumuza dəxli olmasa da burda yazıram. Xaricdə bir təşkilat hər ilin axırında növbəti ilin rəngini elan edir. 2025-ci ilin rəngi qəhvəyi olacaqdır. Ana dilimizdə yazsam, kariçni.
Vəssalam. Ta gələn ilimiz nə rəngdə olacaq, nəyə oxşayacaq, özünüz fikirləşin. Başa düşməyənlər varsa, bir lətifə ilə yazının ağzını qapayıram:
“Çapayev həmişə döyüşə qırmızı köynəkdə gedirmiş. Bir gün Anka soruşur ki, Çapay, sən niyə həmişə döyüşə qırmızı köynək geyirsən, ağqvardiyaçılaran qənimi söyləyir: “Mən hər an yaralana bilərəm, üstüm qan olsa döyüşçülərimiz qorxar. Ona görə qırmızı geyinirəm ki, qanımın rəngi görünməsin”. Anka azca düşünür və deyir: “Həə, aydın oldu niyə Petka hər döyüşə qəhvəyi şalvarda gedir”.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ