Onlayn ictimai-siyasi qəzet
1990-ci il yanvarın 19-dan 20-ə keçən gecə, 34 il əvvəl Bakı azadlığı uğrunda silahsız mübarizəyə qalxan insanların ölümünə şahidlik etdi, küçələr qan gölünə döndü.
70 il Azərbaycana qarşı davam edən Sovet təcavüzü bir gecədə tarixin ən dəhşətli faciəsi ilə nəticələndi. Həmin gecə 137 günahsız insan milli mübarizədə amansızlıqla qətlə yetirildi, yüzlərlə insan yaralandı.
Qanlı gecənin şahidlərindən biri də “Bakı Metropoliteni” QSC-nin qatar maşinisti Vilayət Əsgərovdur . Qəhrəman maşinistin həmin vaxt 33 yaşı var idi. O gecənin dəhşətlərini Musavat.com-la bölüşüb:
“Həmin vaxt “Bakı Metropoliteni” Əcəmi stansiyasına qədər idi. Mən axşam növbəsində idim. Günorta saatlarından 20 Yanvar stansiyasına doğru güclü axın var idi. Nərimanov, Əhmədli, 28 May tərəfdən kütlə ancaq oraya gedirdi. Saat 20:00 radələrində bizə məlumat verdilər ki, Azərbaycan Televiziyasının blokunu partladıblar, şəhərə müdaxilə var.
Dispetçer ilə əlaqə saxladıq, dedilər, ordu şəhərə girir, insanları xilas etməliyik. Qərar verildi ki, dayanmadan insanları daşıyaq ki, qırğından salamat çıxa bilsinlər. Gecə saat 1-2 radələrində dispetçerdən növbəti tapşırıq gəldi: 20 Yanvar stansiyasında 5-7 dəqiqə dayanmalıydıq ki, daha çox insan götürək. Metropolitenin polisləri çıxışlarda durub insanları içəri çağırırdılar, lakin heç kim içəri gəlmək istəmirdi.
Mən gecə saat 1-də bir saatlıq fasiləyə çıxdım, məni digər yoldaş əvəz etdi. Həmin vaxt stansiyanın çıxışına çıxıb ordunun hərəkətinə baxırdım.
Şamaxinka deyilən ərazidən necə gəldiklərini şəxsən özüm gördüm. Yola qoyulan avtobuslarımızı, təcli yardım maşınlarını vurub üstündən keçirdilər. Atılan güllələrin hər biri sayrışırdı. Hündürmərtəbəli evlərin hansında işıq yanırdısa, oranı vururdular. Bir oğlan motosikletlə yaxınlaşdı, onu həmin an vurdular. Beləliklə, qatarlar 20 Yanvardan Neftçilər, Əhmədli tərəfə gedirdi.
Əsas həyəcan indiki Koroğlu stansiyası tərəfdə, aeroport yolunda idi. Yolu kəsmək üçün barikadalar qurulmuşdu....
Həmin vaxt 33 indi isə 68 yaşım var. Amma acı xatirə heç undulmur.
İş yoldaşımız İlqar Qarayev də həmin gün şəhid oldu. Bəxtiyar Vahabzadə təklif etdi ki, şəhidlər indiki Şəhidlər Xiyabanında dəfn edilsin.
Yanvarın 22-23-də dəfnlərdə iştirak etdik. Tabutları aparanda camaat o qədər qərənfil atırdı ki, biz qərənfilin içində görünmürdük”.
Şahanə Rəhimli
Musavat.com
20 Yanvar 2025
00:12 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
19 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ