Onlayn ictimai-siyasi qəzet
AFFA-nın qərarına fərqli baxışlar var; Deputat: “AFFA adına kimin danışdığı, kimin nə addım atdığı bəlli deyil"
AFFA yeni Azərbaycan milli futbol komandalarının yaradılmasını planlaşdırır. Qurumdan verilən məlumata görə, komandaların bu il fəaliyyətə başlaması gözlənilir. O sırada U-12 və U-14 komandaları da formalaşacaq. Bildirilir ki, məqsəd istedadlı futbolçuları gənc yaşlarından milli komandaya davamlı olaraq cəlb etmək, onları diqqət mərkəzində saxlamaq və karyeralarını inkişaf etdirməyə kömək etməkdir.
Fazil Mustafa
Yeniliklər milli futbolumuza nə vəd edir? Daha hansı işlər görülməlidir ki, legioner asılılığı minimuma ensin? Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa yaranan suallar barədə indidən danışmağı tez hesab edir: “İndiyə qədər bu cür komandaların yaradılmasının, belə qərarların verilməsinin dəfələrlə şahidi olmuşuq. Amma bu indi praktikada reallaşandan sonra buna münasibət bildirmək olar. Yarandı, kiməsə iş yeri açıldı, kimisə bura gətirib yerləşdirdilər, bununla məsələ bitmir ki? İlk öncəliklə görək niyyət burada nədir. Ümumiyyətlə, maraqlı nə düşünülüb? Məncə, belə bir məsələdə hər hansı bir şəkildə praktik vəziyyəti görmədən qərar qəbul etmək olmaz. Ona görə də, bu addımın müsbət nəticələri olarsa, ona baxmaq lazımdır. Yoxsa yaradıldı, plan, strategiya qəbul olundu, futbolda inkişaf düşünüldü, bunlar yol deyil ki? Faktiki olaraq, AFFA-nın nə etmək istədiyi hələ heç kimə məlum deyil. Konkret strategiya ilə bağlı cəmiyyəti inandıracaq hansısa bir fikir söyləyən yoxdur.
Ümumiyyətlə, AFFA adına kimin danışdığı, kimin nə addım atdığı bəlli deyil. O baxımdan bu məsələlər həllini tapmalıdır ki, bilinsin, bunu kim gerçəkləşdirəcək? Atdığı addımlarda nə dərəcədə ciddidir? Bunların hamısı birlikdə dəqiqləşdirilməlidir. Bu baxımdan bir fikir söyləmək üçün çox erkəndir. Hələ bu addımın faydalı olub-olmayacağını söyləmək açığı bir az tezdir. Ümid edək ki, faydalı olsun. Biz də bunu istəyirik. Amma bunu kim faydalı edə biləcəkdir? Hər halda bunun üzərində düşünməliyik".
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı çox vacib problemləri qabartdı. O bu problemlər həll olunmadan belə qərarları mənasız sayır: “Bu adi bir formal qərardır. Azərbaycanın problemi bu deyil axı? 12 və ya 14 yaşlılardan ibarət milli komanda yaratmaqla nə dəyişəcək? U-15 gedib hamıya uduzub gəlir, həmçinin U-17, 19 və 21-lər. Eləcə də, U-12 və 14-lər gedib hamıya uduzub gələcək. Bunlar problemi bir kənarda qoyub başqa işlərlə məşğuldurlar. Burada əsas problemlərdən biri odur ki, Azərbaycanda futbolçu yetişdirmək üçün kadr yoxdur. İnfrastruktur yox dərəcəsindədir. Süni örtüklü meydança üzərində futbolçu yetişdirmək olmaz. Bunu həkimlər də, mütəxəssislər də deyirlər ki, o uşaqlar şikəst böyüyürlər. Həmin uşaqların 17-18 yaşlarında dizlərində problemlər yaranır. Bunun da səbəbi süni örtüklü meydançada oynamalarıdır. Bir sözlə futbolçu yetişdirmək üçün bizdə şərait, kadr yoxdur. Bunlar öncəliklə bu məsələni həll etməlidirlər. Uşaq məktəblərinin məvacibləri artırılmalıdır ki, karyerasını bitirən Azərbaycan futbolçuları gəlib uşaqlarla məşğul olsunlar. Xaricdən məşqçi də gətirmək olardı, yaxud da xaricə adamlar göndərmək olardı. Amma bunların heç biri olmadı. Əvəzində uşaq məktəbinə bədən tərbiyəsi institutunu bitirənlər gəlir. Hansı ki, 60 balla zorla o məktəbə daxil olublar. Futbol şöbəsini bitirənlər gəlib hansısa klubda 300 manata işləyirlər. Başlayırlar, valideynlərdən rüşvət almağa. Hansı valideyn pul verirsə, onun övladını oynadır, pul verməyən kənarda saxlanılır.
Yəni istedadlı uşağın valideynin pulu yoxdursa, o kənarda qalacaq. Beləcə də istedadlar məhv olub gedir. Azərbaycan futbolu rüşvətin içərisində boğulur, xüsusən də uşaq futbolu. Dünyanın heç bir yerində 12 yaşlı uşaqdan nəticə tələb etmirlər. O yığmalara kimləri çağırırlar? O futbolçu öz qohumunu çağırtdırır, yaxud AFFA rəhbərliyi öz qohumunu tapşırır. Bununla da qohumbazlılıqla 12-13 nəfər uşağı bir yerə yığırlar. İstedadlı uşaqları klublardan aparmırlar. Nəticədə Türkmənistan kimi ölkələrə çıxıb uduzurlar, hətta Tacikistana belə məğlub olurlar. SSRİ vaxtı futbolda bizdən geri qalan respublikalardan danışıram.
Azərbaycanın qəsəbə və kəndlərinə getmək lazımdır. Uşaq futbolunu inkişaf etdirmək üçün hansı tədbirləri görmək lazımdır, öncəliklə bu barədə düşünülməlidir. Amma bunlar nə edirlər? Oturublar kabinetlərində, qərar verməklə məşğuldurlar. Kabinet generalları olublar. İndi futbolu necə inkişaf etdirmək olar? Get bir Masallıya, Lənkərana, Qubaya, Qusara ,Mingəçevirə, Tovuza və.s bax. Bu rayonlar Azərbaycanın futbol bazasıdır. Gedin baxın görün o uşaqların oynamağa topları, geyməyə geyimləri, butsları varmı. Oturub isti kabinetlərdən boş-boş qərarlar verməklə hara getmək olar? 2010-cu ildə Gürcüstan Futbol Federasiyasının baş katibindən müsahibə almışdıq. Demişdi ki, Gürcüstanda 156 futbol məktəbi var. Azərbaycandan Gürcüstan bir neçə dəfə kiçikdir. Demişdi ki, həmin kənd və qəsəbələrdəki futbolçu uşaqlar barədə hər həftə masamın üzərinə hesabat qoyulur. Ona görə də, gürcü futbolçular dünyanın adlı-sanlı klublarda iştirak edirlər. Bakının ortasında 4-5 süni örtüklü meydançada uşaq futbolunu inkişaf etdirmək olmaz. Bunları kim edəcək? Qəbul etdiyiniz strategiyanı kim yerinə yetirəcək? Kadrlar varmı? Bər-bəzəkli strategiya qəbul etməklə deyil. İldə bir dəfə AFFA prezidenti AFFA-nın binasına gələcək və İcraiyyə Komitəsinin iclası keçirəcək, bununla ölkədə futbol inkişaf edəcək? Cəfəngiyyatdır, mümkün deyil, olmayacaq. AFFA-nın baş katibi rayon-rayon, kənd-kənd, hətta ev-ev gəzməlidir. Bunlar olmadığı sürəcdə lap U-9, nə bilim U-10 qəbul etsinlər, Azərbaycan futbolunda heç nə dəyişən deyil".
Kənan Məstəliyev
İdman mütəxəssisi Kənan Məstəliyev bu addımı alqışlayır: “Ümumiyyətlə, son zamanlar AFFA rəhbərliyi doğru işlər, vacib qərarlar verməklə məşğuldur. Klub sayının artırılması, Liqada idman prinsipinin qorunmasını bura aid etmək olar. U-12 və U-14 yığmalarının yaradılmasını müsbət amil kimi qiymətləndirə bilərik. Bu yaşlarda futbolun inkişafının təməl prinsiplərindən biri beynəlxalq oyun təcrübəsidir. Uşaqlar nə qədər çox belə matçlara çıxsa, nə qədər müxtəlif futbol məktəblərinin nümayəndələri ilə üz-üzə gələrək təcrübə toplasa, daha tez təkminləşər, daha çox artırarlar. Bildiyimiz kimi, klublarımızın heç də hamısı bunu özləri edəcək maliyyə imkanına malik deyil. Ona görə xeyli sayda gənc və yeniyetmə futbolçu yuxarıda qeyd etdiyimiz təcrübələri yaşaya bilmir, inkişafdan geri qalır. U-12 və U-14 yığmalarının təsisi bu problemin həllinə kömək edə bilər.
Uşaqlar AFFA-nın dəstəyilə xaricdə müxtəlif beynəlxalq turnirlərə qatıla biləcək, təcrübə qazanacaq, xarici klubların "radar"ına daha tez düşə bilərək daha yaxşı karyera qurmaq şansı əldə edəcəklər. Odur ki, federasiyanın bu addımını dəstəkləyirəm. Ölkəmizdə uşaq futbolunun inkişafı və legioner asılılığının azaldılması üçün akademiyaların qurulması vacibdir. Klublar buna diqqət ayırmalı, əsaslı işləri qulpundan yapışmalıdılar. İki bahalı legionerin pulu ilə 10 uşaq komandası saxlamaq, gələcəyin uğurlu təməlini qoymaq, ölkə futbolunun gələcəyinə dəstək vermək olar. Həm klublar, həm də AFFA bu məsələdə fəal olmalıdılar. Qəbul edilən strategiyada bu var, geniş əhatə edilib. Qalır onun reallaşdırılması".
Cavanşir ABBASLI,
"Yeni Müsavat"
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ