İnsanlara hürriyət, millətlərə istiqlal!

Futbol fanatizminin fəsadları – Coşmuş vətənpərvərlik hissi toqquşmalar törədir

Futbol fanatizmi artıq dini fanatizm qədər təhlükəli olmağa başlayıb. Günümüzdə, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında baş verənlər bunun göstəricisidir.

Artıq milli komandaları qarşılaşan neçə ölkənin futbol azarkeşləri əlbəyaxa davaya girişib, bir-birinə bədən xəsarəti yetirməyə çalışıblar. Bu sırada türklər və gürcülər, albanlarla serblər, eləcə də ingilislər var.

Serbiyalı azarkeşlərlə alban azarkeşlərin davası təkcə idman yarışmasına görə deyil, ortada milli nifaq da var. Bilindiyi kimi, 30 il öncə Serbiyadakı Srebrenitsa şəhərində yaşayan serblər tərəfindən albanlara qarşı genosid aktı həyata keçirilib. O vaxtdan bəri serblərlə albanların münasibəti düzəlmir.

Bu dəfə ingilislərlə birləşən albanlar serblərə hücum ediblər. Ancaq onlar, görünür, bir detaldan xəbərsiz olublar. Alban və ingilis azarkeşlərin hücum etdiyi azarkeş qrupunun üçündə Serbiya prezidenti Danilo Vuçiçin oğlu və onu müşayiət edən mülki geyimli 20 xüsusi təyinatlı əsgər olub. Onlar isə prezidentin oğlunu və özlərini taqım olaraq müdafiə ediblər.

dava-qur-tur.JPG (57 KB)

Bəs türklərlə gürcülərin dava-dalaşının səbəbi nədir? Heç nə. Futbol fanatizmi. Bu iki ölkənin arasında hər hansı bir münaqişə yoxdur. Sadəcə, hər iki tərəfdə idman motivi ilə coşmuş vətənpərvərlik duyğusu var.

İngilislərin və italyanların futbol fanatizmi çoxdan bəllidir. Onlar hələ ötən əsrdə stadionlarda və ondan kənarda çox dava-qırğınlar törədiblər, nə qədər insanın ölümünə bais olublar. Şotlandlar da iş futbola gələndə heç faraöat durmurlar, dava salırlar. Ayrıca Dortmundda yaşayan almanların da futbol fanatizmi dillə deyilir.

Son illərdə isə bu tendensiya başqa ölkələrdə də sürətlə inkişaf etməkdədir.

Bəzi ölkələrdəki futbol fanatizminin bünövrəsində milli məsələ durur. Məsələn, İspaniyanın Kataloniya bölgəsinin insanları “Barselona” komandasına ona görə o cür kütləviliklə və qızğınlıqla azarkeşlik edirlər ki, bu komanda zaman-zaman madridliləri məyus edir, paytaxt komandalarına məğlubiyyət acısı daddırır.

İranda “Traktor” klubunun azarkeşləri ona görə çox və fəaldırlar ki, onlar stadiona toplaşaraq siyasi şüarlar qışqıra, milli identikliklərini özləri və onlara tamaşa edənlərin gözündə təsdiq edə bilirlər.

Sevimli komandaları məğlub olanda klubun avtobusuna qalxaraq legioner futbolçuları döyən polyak azarkeşlərin hərəkəti isə idman azarkeşliyinin çox, nasizmin təzahürüydü. Bu hadisə ötən il baş vermişdi və polyakların döydüyü legionerlər arasında komandanın ən çox qol vuran hücumçusu, azərbaycanlı Mahir Emreli də vardı. Sual çıxırdı ki, necə olur, komanda qalib gələndə yerli oyunçular öyülür, məğlub olanda isə yalnız legionerlər söyülür və döyülür?
İdman yarışları barədə dünya miqyasında tez-tez təkrarlanan belə bir fikir var ki, guya belə yarışlar xalqlar arasında dostluq körpüsü yaradır, sülhü möhkəmləndirir, ünsiyyəti gücləndirir və s.

Yanlış söhbətdir. Əslində böyük mükafatı olan peşəkar idman yarışları xalqlar arasındakı ixtilafı dərinləşdirir, köhnə düşmənçilikləri oyadır, nifaqı alovlandırır, qarşılıqlı nifrəti körükləyir və s.

davvva-daall.JPG (65 KB)

Məsələn, almanlarla fransızlar, ingilislərlə almanlar, şotlandlarla ingilislər, yunanlarla türklər, ruslarla fransızlar bu cür idman yarışlarında qarşılaşanda dərhal hamının yadına 100-200 il öncəki müharibələr düşür və idmançılar sahədə yarış qaydaları çərçivəsində davransa da, azarkeşlər əndazəni aşır, özlərini tarixi münaqişənin davam edən epizodunun cəngavəri sayır, əllərinə keçən kəsici-deşici, küt alətlərlə bir-birinə hücum edirlər.

Daha sülh mesajları, dostluq körpüsü harada qaldı? Bir şey ki bu lokal toqquşmalar insan ölümləri ilə nəticələnə bilər, demək, idman yarışları heç də sülhə, xalqlar dostluğunu dərinləşməsinə xidmət etmir.

Bu cür idman yarışları, sadəcə, köhnə müharibələrin miniatürləşdirilmiş, simvolikləşdirilmiş variantıdır. Başqa idman növlərinin hamısında müəyyən intriqa var, amma futbol daha qabarıq şəkildə köhnə müharibələri andırır: “əsgər”-oyunçular gah mərkəzdən, gah cinahdan hücuma keçirlər, bəzən müdafiəyə çəkilir, qala-qapının toxunulmazlığını qoruyur, bir sözlə, gerçək müharibədə olduğu kimi, bir-birini topa tuturlar.

Sovet dövründə Bakının “Neftçi” və İrəvanın “Ararat” komandaları arasında keçirilən matçlardakı gərginliyin, yüksək intriqanın səbəbi heç də idman azarkeşliyi ilə bağlı deyildi, bu, çox təbliğ olunmasa da (ən azı bizim tərəfdən), üstü ört-basdır edilsə də, “erməni-müsəlman davası” deyilən tarixi münaqişənin afterşoklarıydı. Erməni azerkeşlər də, bizimkilər də meydançada futbol oynayan idmançılara cəngavər kimi baxırdılar. Onların qazanacağı qələbə hansı xalqın daha güclü, daha döyüşkən olduğunun göstəricisi olacaqdı.

“Qarabağ” futbol klubunun 14 il öncə başlayan yüksəlişinə diqqət edək. Nədən bu komanda təkcə ağdamlıların, qarabağlıların yox, Naxçıvandan Borçalıya, Lənkərandan Qusara qədər bütün xalqın sevimlisi oldu? Adına və ard-arda qazandığı qələbələrə, Azərbaycanı Avropada təmsil etdiyinə görə. Azərbaycanlı azarkeşlər bu komandaya milli döyüşçülük funksiyası, vətənpərvərlik borcu yüklədilər və öz kütləvi dəstəkləri ilə komandanın arxasında durdular. Sanki “Qarabağ” o zamanlar bizdə olmayan Qarabağı azad etməyə mükəlləf olan xüsusi təyinatlı hərbi birlik idi. İlk beynəlxalq qələbələri bizə “Qarabağ” daddırdı, ardı da yaxşı gəldi.

Yəni futbol təkcə idman oyunu deyil, o həm də siyasi yarışmadır. Milli komandalar dövlətin bayrağı altında çıxış edirlər. Oyundan öncə ölkələrin himni çalınır. Ona görə də bəzən “bu idmandır, siyasəti qatmayaq” deyə uzaq ölkələrin, hətta bizə dost olmayan dövlətlərin milli komandasını dəstəkləyənlərin arqumenti yersizdir. Onlar çempion olanda özləri qürur duyur, öz böyüklüklərindən, döyüşkənliklərindən danışırlar. Ondan bizə nə? Biz niyə sevinirik ki?

Fikir verirsinizsə, keçmişdə imperiya olmuş dövlətlərin komandaları daha güclüdür: Almaniya, İspaniya, İngiltərə, İtaliya, Fransa, Portuqaliya, Hollandiya, Belçika, Türkiyə. Bu, təsadüfi deyil. Siyasət bu idman növünün fitrətindədir.

Bura qədər normaldır. Ancaq bu məsələdə yeganə pis olan cəhət odur ki, futbol fanatizmi get-gedə şiddətlənir və xalqlar arasındakı münasibətləri gərginləşdirir. Bir yerdən sonra bu şiddət durdurulmalı və səngidilməlidir. Yoxsa idman yarışları millətlər arasında müharibələr qədər qarşılıqlı nifrət yaradacaq.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR