İnsanlara hürriyət, millətlərə istiqlal!

FTX zabiti Bakıda söyüş söydü - başında butulka sındırdılar

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada nazir müşaviri olmuş Konstantin Kuçer və Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılır.

İş üzrə zərərçəkən statusunda isə ABŞ sanksiyaları altına düşən Rusiya Müdafiə Nazirliyi ilə əlaqəli “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Valeriy Zaxarenko Bakıya lisenziyası ləğv edilmiş “Günay Bank”dakı hesabda olan bir neçə milyon avro pulla bağlı gəlib. Lakin bank bağlandığından həmin pulları bankdan çıxarmaq problemi ilə üzləşib.

Bu problemi yoluna qoymaq üçün Oleq Bakinski, Antoniviç Kuçer ilə Valeriy Zaxarenkonun görüşü təşkil olunub. Onların görüşü Xətai rayonunda yerləşən Babək Plazada baş tutub.

İttihama görə, görüş zamanı tərəflər ortaq məxrəcə gələ bilməyiblər və aralarında mübahisə düşüb. Oleq Bakinski şüşə butulka ilə Zaxarenkoya xəsarət yetirib. Bundan sonra FTX zabiti Valeriy Zaxarenkoya tibbi yardım göstərmək üçün onu Yeni Klinikaya aparıblar. Oleq Bakinski ittihamı qətiyyətlə rədd edir. Valeriy Zaxarenko ilə bəlli olan budur ki, onun rəhbərlik “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.

Müttəhim Konstantin Kuçerə qarşı “Aviazapchast” Açıq Səhmdar Cəmiyyəti adından 1 milyon manat, “Promyshlennye Postavkı Kazakhstan” Məhdud Məsuliyyətli Cəmiyyəti isə 5 milyon 184 min manatlıq iddia qaldırıb. Valeriy Zaxarenko Konstantin Kuçerlə yanaşı, Oleq Bakinskiyə qarşı da mülki iddia verib. Zərərçəkən onların hər birindən 50 min manat tələb edir. Məhkəmə mülki iddiaları icraata qəbul edib. Hakim mülki iddialarla bağlı məhkəmənin sonunda qərar veriləcəyini açıqlayıb. Konstantin Kuçer xuliqanlıq və dələduzluqda, Oleq Bakinski isə az ağır xəsarət yetirmə, xuliqanlıqda ittiham olunur.

Konstantin Kuçer vaxtilə Ukrayna Müdafiə Nazirliyinin aviasiya məsələləri üzrə müşaviri olub. O, məhkəmədə tərcüməçinin xidmətindən istifadə edir. Oleq Bakinski isə Azərbaycan dilində sərbəst danışdığından tərcüməçi xidmətindən imtina edib. Konstantin Kuçer də ittihamı qəbul etmir, özünü təqsirli bilmir.

Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsidir.

Prosesdə şahid Elşən Soltanovun ifadə verib. O un sözlərinə görə, Konstantin Kuçerin şirkətində direktor vəzifəsində çalışıb:

“O, “Aviazapçast” ASC ilə müqavilə bağlananda şirkətdə işləyirdi. Şirkətlə bağlanan müqaviləyə də özü imza atdı. İşlədiyim yer mülki hava gəmilərinin ehtiyat hissələrinin satışı ilə məşğul idi. Bir neçə xarici şirkətlə müqavilə imzalanmışdı. Lakin həmin şirkətlərin adları yadımda deyil. Müqavilələrlə bağlı danışıqları Kuçer və digərləri aparırdı”.

Konstatin Kuçerin vəkili cinayət işi üzrə zərərçəkənlərin ölkəyə giriş-çıxış vaxtlarının məhkəməyə təqdim olunması üçün Dövlət Sərhəd Xidmətinə müraciət edilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Hakim Elnur Nuriyev prosesdə sənədlərin təqdim edilməsi mərhələsini keçildiyini bildirib. Oleq Bakinskinin vəkili müvvəkilinin ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə yenidən vəsatət təqdim edib.

Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Rusiya-Ukrayna müharibəsindən əvvəl Oleq Bakinski Ukraynada Azərbaycan diasporunun ən parlaq üzvlərindən olub. O, Kiyev Azərbaycanlıları Konqresinə rəhbərlik edib. Oleq Bakinski 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib.

2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. Oleq Bakinski milliyyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb.

“Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır.

Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı”, - deyə müsahibələrindən birində Oleq Bakinski qeyd etmişdi.

Rusiyanın Ukraynaya qarşı elan edilməmiş müharibə başlatdığı gün Oleq Krapivin həmyerlilərimizə dəstək verən tək-tük şəxslərdən biri olub. Azərbaycanın Ukraynadakı səfirinin biabırçı qaçışı fonunda Oleq Krapivin qısa müddətdə 1100 həmyerlimizi bomba yağışı altından çıxarıb Azərbaycana göndərə bilmişdi. Onun Azərbaycan adına və həmyerlilərimizə verdiyi dəstək saymaqla bitməz. Maraqlı qüvvələrin səyi nəticəsində 2022-ci il iyunun 26-dan Oleq Krapivinin Ukraynada yaşama izni ləğv olunub.

Həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə də qadağa qoyulub. Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.

Proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR