Onlayn ictimai-siyasi qəzet
Fransanın İrəvandakı səfiri, antitürk mövqeli Olivye Dekottini erməni radikal-revanşistləri qəzəbləndirən ifadə işlədib. Diplomat Ermənistanın hələ 1991-ci ildə Alma-Ata bəyannaməsinə imza atmaqla Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını bildirib.
Revanşistlər isə Ermənistanın faşist rəhbərlərin yox, məhz hazırkı baş nazir Nikol Paşinyanın dövründə keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanındığında israr edirlər...
Qısa arayış kimi bildirək ki, 1991-ci il dekabrın 23-də imzalanmış Alma-Ata bəyannaməsi MDB-nin yaradılması üçün bazis rolu oynayan sənəd sayılır. Eyni zamanda, bu, SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılaşmasının (8 dekabr 1991) təsdiqlənməsi idi.
Həmin sənədin ilk bəndlərinin birində üzv respublikaların bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşacağı, mövcud dövlət sərhədlərini dəyişdirilməyəcəkləri haqda öhdəlik əks olunub. Yəni söhbət SSRİ tərkibində müttəfiq respublikalar arasında mövcud olmuş inzibati sərhədlərin dövlət sərhədinə çevrilməsinin qəbul olunmasından gedir...
Ancaq məlumdur ki, Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyan öz aləmində biclik işlədərək, onu şərtlə imzalayıb. Yəni guya “Dağlıq Qarabağ”ın artıq Azərbaycana de-fakto tabe olmadığı üçün “DQ”nin də ölkəmizin ərazi bütövlüyünə aidiyyəti yoxmuş. Gerçək isə belədir ki, SSRİ-nin sonuncu (1977) konstitusiyasına görə (78-ci bənd), müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməzdi.
Elə o səbəbə Mixail Qorbaçov DQMV-ni Azərbaycandan qoparıb Ermənistana peşkəş edə bilmədi. Ermənilər nə qədər əlləşsələr də, min oyunda çıxsalar da, qondarma “drq” heç bir ölkə, hətta Ermənistanın özü müstəqil dövlət kimi tanımadı. Çünki öncə Bakının razılığı alınmalı idi. Yeri gəlmişkən, Paşinyan ara-sıra həm də bu reallığı istinadla bədnam Minsk Qrupu dönəmində “Dağlıq Qarabağ”ın həmişə Azərbaycana məxsus olduğunu bildirir...
Yenə eyni səbəbə 1988-ci ildən başlayaraq, ta 2023-cü ilin sentyabr antirerror əməliyyatınadək xunta rejiminin Qarabağda keçirdiyi bütün “seçkilər”, “referendumlar” qeyri-legitim və qanunsuzdur! Yəni onların heç bir hüquqi qüvvəsi yoxdur.
Bakıda separatçı ünsürlər həm də buna görə mühakimə olunurlar. Yoxsa ki, iş-işdən keçəndən sonra Araik Arutunyanın ötən həftə məhkəmədə dediyi “konflikt SSRİ xüsusi xidmət orqanları tərəfindən təhrik edilib, ona görə də biz özümüzü qurban hesab edirik” sözləri ilə xuntaçılar məsuliyyətdən yayına bilməzlər. Gecdir...
Bu da var ki, Nikol Paşinyanın 2022-ci ilin 6 oktyabrında Praqada 4-tərəfli formatda (Azərbaycan-Ermənistan-Avropa İttifaqı- Fransa) təsdiqlədiyi və Qarabağı Azərbaycanın tərkib hissəsi sayan sənəd-bəyanat da Bakı ilə sülh müqaviləsi imzalamaq üçün yetərli hesab oluna bilməz. Ona görə ki, Ermənistan konstitusiyası hələ də “Dağlıq Qarabağı” öz ərazisi sayır. Bundan əlavə, Ter-Petrosyan dönəmində qəbul edilmiş qanuna görə, Ermənistanın heç bir rəhbəri “Dağlıq Qarabağ”ın Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi sənədə imza ata bilməz. Həmin qanun indiyədək qüvvədədir.
Odur ki, rəsmi Bakı İrəvandan konstitusiyanı dəyişdirməklə yanaşı, həmin qanunverici aktların da ləğvini tələb eləməkdə tam haqlıdır. “Siçan-pişik ” oyunu bitib. Çoxdan...
Analitik xidmət,
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ