İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransanın Bakıdan şok istəyi: Azərbaycan dəmir yolları...

Bu istiqamətdə Parislə  anlaşma mümkünmü?

Fransa Parlamentinin aşağı palatası - Milli Assambleya Azərbaycan əleyhinə bədnam qətnamə layihəsini müzakirəyə çıxarıb. Səsvermədə iştirak edən 256 deputatın hamısı sənədin lehinə səs verib.Qeyd edək ki, yarım ay öncə də Fransa Senatı eyni addımı ataraq, Azərbaycana qarşı bədnam qətnamə layihəsi qəbul edib.

Göründüyü kimi, Fransa terrorizmi dəstəkləyən dövlət olaraq, Azərbaycan ictimaiyyətinin bir daha dərin nifrətini qazandı.  Bir sözlə bir xalqa qarşı terror aktları həyata keçirən, Xocalı faciəsi kimi əsrin soyqırımına yol verən, bir ölkənin qanuni ərazilərini 30 il müddətində işğal altında saxlayan, tarixi mədəniyyət abidələrini viran edən, məscidlərində donuz saxlayan bir təcavüzkar ölkəni dəstəkləyənlərə ad verməyə insan çətinlik çəkir…

Təsadüfi deyil ki, Fransa həm birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə Ermənistanın Azərbaycana qarşı təcavüzünü silahla, pulla, ardıcıl siyasi dəstək təmin etməklə müdafiə edib. Təkcə bir faktı qeyd etmək bu ölkənin əsl mahiyyətini üzə çıxarır. 44 günlük II Qarabağa savaşı zamanı Fransa prezidenti Emmanuel Makron həyasızcasına Azərbaycanın işğalçı savaş apardığını bəyan etmişdi. Rəsmi Paris bu gün də bu siyasətini davam etdirir. Əslində burada təəccüblü heç nə görünmür. Belə ki, 19-cu əsrin ortalarında Şimali və Orta Amerikadan Afrikaya qədər olan əraziləri işğal edən, müqavimət göstərən xalqlara qarşı qətliam həyata keçirən, təkcə işğala qarşı dirənən Əlcazirdə 1,5 milyon insanı qıran, bir əsrlik işğal dövründə Afrikada amansız soyqırımlar həyata keçirən Fransadan bundan artığını gözləmək olmaz. Ali Baş Komandan İlham Əliyevin günlər öncə elə ermənilərlə fransızları “bacı” adlandırması əks düşərgənin sifətinə vurulan tarixi bir sillə idi…

Yeri gəlmişkən, noyabrın 25-də dövlət başçısı ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Makronu sülh danışıqlarını pozmaqda ittiham etməsi və Brüssel danışıqlardan imtinanı da xatırlatmaq yerinə düşər. Fransa kimi dövlətlər unutmasın ki, Azərbaycan heç vaxt nə onların, nə də digər bir ölkənin müstəmləkəsi olmayacaq, Fransa Azərbaycanı heç bir ölkə ilə qarışdırmamalıdır, Bakı əleyhinə qəbul olunan bu qətnamələri Azərbaycan xalqı və dövləti rədd edir. 

Azərbaycan XİN-in qəbul edilən bu qətnamə cavabı da gecikməyib. Bildirilib ki, Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu bu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.“Fransa Milli Assambleyasının bu qətnaməsini də qəti şəkildə rədd edir və siyasi riyakarlıq kimi qiymətləndiririk”. Bu barədə Azərbaycan Respublikasının Milli Məclisinin açıqlamasında deyilir. Göründüyü kimi, proseslər getdikcə daha da dərinləşir. 

Amma bununla belə, Bakı-Paris gərginliyində bir yumşalmanı müşahidə etdiyimizi də etiraf edək. Musavat.com-un təhlilçiləri bu qənaətə Fransa XİN sözçüsünün açıqlamasından sonra gəlib. Həmin açıqlamaya görə, Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında deyib ki, Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir. Daha sonra qeyd olunub ki, parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib. Onların sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. O, xarici işlər naziri Ketrin Kolonnanın Fransanın sülh əldə etmək fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcəyi barədə bəyanatlarını xatırladıb.

Musavat.com-a münasibətlərdə ilıqlaşma ehtimalının olmasına dair ekspert rəylərini təqdim etməzdən öncə bir məqamı qeyd etməyi özünə borc bilir. Bizim əldə etdiyimiz bilgilərə görə, Fransanın Azərbaycanla tərs düşməsinin əsas səbəbi Ermənistana sevgi məsələsi deyil. Yaxud da, yalnız bu amil səbəb deyil. Məsələ burasındadır ki, Fransa dövləti Azərbaycandan dəmir yollarını istəyir. Eyni ilə, Rusiyanın Ermənistanın dəmir yollarına sahibləndiyi kimi, Fransa da Azərbaycanın dəmir yollarının bütün hüquqlarını istəməkdədir. Bakıdan Parisə ‘’dəmir yox’’dan sonra Fransa Ermənistanı təhrik edərək, 20-ci ilin iyulunda Tovuz döyüşlərini başlatdı. Azərbaycanın 44 günlük müharibəsi dövründə və ondan sonra da hər fürsətdə, ölkəmizin maraqlarına qarşı çıxdı və çıxmaqdadır. İndi isə ortaya belə bir ilıq bəyanat çıxır -  əcaba, Bakı ilə Paris dəmir yollarında anlaşırlarmı? Bu, mümkündürmü? Yaxud da, lazımdırmı?

"Noyabrın 30-da Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamə tamamilə əsassız, qərəzli bir sənəddir". Bunu "Report"a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov deyib.O hesab edir ki, bu, bir daha Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə tərəfsiz və obyektiv yanaşmadığını göstərir: Deputat onu da qeyd edib ki, Fransa hökumətinin nümayəndəsi də Milli Assambleyada aparılan müzakirələr zamanı faktiki olaraq qətnaməni dəstəkləyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nigar Arpadarainin isə qətnaməyə münasibəti belə olub: “ Bununla Fransa Cənubi Qafqazda sülh və sabitliyə töhfə vermək fürsətlərini qaçırır. Bu, son 3 ildə üçüncü belə qətnamədir. Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında vasitəçi olmaq imkanını birmənalı itirdi. Bu qətnamə beynəlxalq hüquq normalarına açıq hörmətsizlik nümayiş etdirir, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alır. Fransa Senatının və Milli Assambleyasının absurd və qərəzli qətnamələrinə münasibətdə həm Azərbaycan Prezidenti, həm Milli Məclis, həm də bütün Azərbaycan xalqının mövqeyi birdir. Biz bu qətnamələri qəti şəkildə rədd edirik”.

Cəza alan deputat Bəhruz Məhərrəmov açıqlama yaydı

Deputat Bəhruz Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Fransa Milli Assambleyasının anti-Azərbaycan ritorikası bizim üçün yenilik deyil: “Senatın qətnaməsi kimi Aşağı Palatanın da mövqeyi bizim üçün əhəmiyyətsiz, heç bir hüquqi və siyasi nəticə doğurmayan bir kağız parçasıdır. 

Təbii ki, Fransa Parlamentinin bu mövqeyi bizi narahat edir, amma başa düşməliyik ki, bu addımlar Azərbaycanın beynəlxalq imicinə xələl gətirə biləcək gücə malik deyil. Amma tam əksinə, bu mövqeyin Parisin özünün onsuz da bərbad olan imicinə beynəlxalq hüququn ümumtanınmış prinsipləri fonunda ciddi zərbəyə çevrilməsi qaçılmazdır. Fransa qanunverici hakimiyyəti bu rəsmi mövqeyi beynəlxalq hüququn "dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı" başda olmaqla ən azı 5 prinsipi ilə daban-dabana ziddir və özündə təcavüzkar, mürtəce imperialist mahiyyət ehtiva etməklə bəşəri təhdid kimi çıxış edir. 

Habelə Fransa mövcud təhlükəli gedişlərlə Cənubi Qafqazda ehtimal olunan sülh müqaviləsi önündə əsas səddə çevrildiyini göstərir. Əlbəttə, bu bizim üçün yenilik deyil, çünki 27 illik həmsədrliyi dönəmində əslində Fransa eyni formada işğal rejiminin davamılılığında müstəsna rol oynayıb, amma ötən dövrdən fərqli olaraq bu gün Azərbaycan ərazi bütövlüyünü təmin edib, regionda əsas güc və nüfuz sahibidir, bu mənada əvvəlki ssenarilərdən məhrum olan Fransa Senat və aşağı palatada qətnamələrlə hücum strategiyasını seçib. Amma əslində bu qətnamələr, Fransanın özünün ifşası kontekstində daha çox gündəmə gəlməkdədir. Çünki Fransa Parlament səviyyəsində separatizmə, terrora dəstək verməklə Əlcəzair, Ruanda, Cad, Mali, Kamboca və Vyetnamdakı bütövlükdə 20 milyona yaxın insanın ölümü ilə nəticələnən dövlət terroru təfəkkürünün müasir dövrdə də yaşatdığını bəyan etmiş oldu. Bu həm də əslində BMT Nizamnaməsini rədd etmək deməkdir. Belə olan halda Fransanın BMT Təhlükəsizlik Şurasını daimi üzvü kimi qalması təşkilatın özünün məramına ziddir və bütövlükdə BMT-nin sonrakı fəaliyyətinə olan qlobal etimadı sual altına qoyur. Rəsmən terror saçan, Fransadan başqa bütün dünyada separatizmi təşfiq edən bir dövlətin bəşəri təhlükəsizlik məsələsində söz sahibi olması birmənalı formada qlobal təhdid deməkdir. 

Azərbaycan Prezidenti də həm Zəfər günü Şuşada, həm də ötən həftə ADA-da məhz bu situasiyanı rəhbər tutaraq, Parisin istənilən formada Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçi olması ehtimalını rədd etmişdi. Bu gün Parisdən gələn xoruz bannamaları bir daha cənab İlham Əliyevin Fransanın qərəzli və vicdansız mövqeyinin sülh prosesinə mane ola biləcəyi ehtimallarında nə qədər haqlı olduğunu göstərdi. 

Bütün baş verənlərin fonunda Fransa Azərbaycan münasibətlərinin bu qədər gərginləşməsi özlüyündə həm də  çox ciddi suallar yaradır, Parisin məqsədi və hədəfi nədir? 

Təbii ki, ondan başlamalıyıq ki, "bacı" adlandırsa belə, Ermənistan, yaxud ermənilər Paris üçün bir neçə dəfə istifadə edib atmaq üçün istifadə etdiyi köməkçi vasitədən başqa bir şey deyil. Çünki ermənilərin bu gün Fransa siyasətində həlledici gücü sadəcə boş mifdir. Erməni lobbisi ən yaxşı halda Marsel bələdiyyəsinin seçkilərində hansısa formada təsirli ola bilərlər. Demək ki, Parisin məqsədləri daha fərqli müstəvidə araşdırılmalıdır”.

Çox vacib bir məqama da toxundu: “Fransa tarixinə nəzər yetirsək Şimali Afrika, Cənubi Şərqi Asiya kimi dövlətlərdə fransızların fəaliyyəti əslində bu gün Parisin Qafqazda niyyətinin nə olduğu barədə ilkin ehtimallar irəli sürməyə əsas verir. Makron Fransası neoimperializm niyyətini Qafqazda canlandırmaq fikrinə düşüb və Qafqazda isə Fransanın mürtəce siyasəti önündə ən ciddi maneə iqtisadi və siyasi cəhətdən tam müstəqil olan Azərbaycandır. Prezident İlham Əliyev bütün dünya dövlətləri, o cümlədən də Fransa ilə əməkdaşlığı təşfiq edən açıq siyasi kurs yürüdür, bunun faydalarını da hər bir azərbaycanlı hiss edir. Amma bu kurs hər bir tərəfdaşdan bərabərhüquqlu münasibətlər, suverenliyimizə və Azərbaycanın milli maraqlarına hörmət edilməsini tələb edir. Əlbəttə, bu niyyət Paris üçün arzuedilən deyil və baş verənlərin kökündə Parisin daşa dəyən niyyəti dayana bilər.  Amma reallıq ondan ibarətdir ki, Paris qətnamələrlə faktiki olaraq edə biləcəyinin maksimumunu etdi. Çünki Prezident İlham Əliyev elə bir siyasi-diplomatik konfiqurasiyaya nail olub ki, Paris bölgədə Azərbaycanla hərbi dildə danışa bilməz, beynəlxalq təşkilatlar çərçivəsində isə Azərbaycana hücum cəhdləri güclü tərəfdaşlıqlarımız fonunda ard-arda fiaskoya uğramaqdadır. 

Habelə, Fransanın insan haqları amili fonunda Azərbaycana ənənəvi səlib yürüşünün də biabırçı formada sonuclandığının şahidi olmaqdayıq. Belə ki, Ərəb Liqasının iclasında Qoşulmama Hərəkatının sədri kimi cənab İlham Əliyev Fransanın soyqırım törətmiş cinayətkar kimi əsl simasını ifşa etməklə, bu ölkənin insan haqlarından danışa biləcək sonuncu dövlət olduğunu qlobal müstəvidə sübut etdi. Ard-arda fiaskolar və qətnamələrin nümunəsində istifadə etdiyi son uğursuz cəhddən sonra Parisin əvvəlki ampulasında davam edə biləcəyi inandırıcı deyil və hesab edirəm ki, Fransanın dəyişmiş ritorikasına şahidlik edəcəyimiz gün uzaqda deyil. Paris ağrılı formada da olsa bölgənin əsl sahibinin kim olduğunu qəbul etməyə məhkumdur. Təsadüfi deyil ki, Fransa xarici işlər nazirliyinin nümayəndələri artıq hakimiyyətlərin bölgüsü prinsipini əsas gətirərək Parlamentin mövqeyinin Fransanın xarici siyasət kursunu ehtiva etmədiyini bəyan etdi. Amma Azərbaycan boş sözlər, vədlər üçün vaxtı olmayan kifayət qədər ciddi beynəlxalq oyunçudur və istənilən addıma münasibətdə adekvat cavab verəcək”. 

Cavanşir ABBASLI
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR