Onlayn ictimai-siyasi qəzet
Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində açıq iclasa yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.
Hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Martin Ryan bəzi dəqiqləşdirmələrə ehtiyac olduğunu deyib.
O bildirib ki, bu dəqiqləşmə digər təqsirləndirilən Azad Məmmədli, həmçinin tərcümə ilə bağlıdır:
"Burada məxfi əməkdaşlıqdan, məxfi görüşlərdən danışılır. Fransız dilində "məxfi" sözü "gizli" kimi qəbul edilir. Bizim Frederik Devos, Loran Qrard, Loran Lödi və Fransa səfirliyinin digər əməkdaşları ilə gizli görüşlərimiz olub. Görüşlərdə Azad Məmmədli də iştirak edib".
Hakim Martin Ryanın diqqətinə çatdırıb ki, məhkəmənin hazırkı mərhələsində onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilir, bundan sonra ona münasibət bildirməyə şərait yaradılacaq.
Proses təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrin elanı ilə davam edib.
Qeyd edək ki, ötən məhkəmə iclasında Martin Ryanın 42 səhifədən ibarət ifadəsinin 18 səhifəsi elan olunmuşdu. Bugünkü iclasda ifadənin qalan hissəsi elan edilib.
Martin Ryanın DTX-də verdiyi ifadədən məlum olub ki, o, Frederik Devos, Azad Məmmədli və digər şəxslərlə görüşüb. Görüşlər zamanı həmin dövrdə Azərbaycan-Ermənistan arasında olan müharibə, pakistanlı muzdlu döyüşçülərin olması haqda söhbətlər aparılıb.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Frederik Devos Azad Məmmədli ilə görüşləri zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslər və tələbə yoldaşları barədə məlumat istəyib:
"Azad Məmmədli də təhsil aldığı universitetin tələbələri, tələbə yoldaşları barədə məlumatları Frederik Devosa verdi. Onlarla bağlı geniş məlumatları izah etdi. Daha sonra Azad Məmmədli Devosa azərbaycanlı tanışı A.Ş. barədə məlumat verdi".
Daha sonra məhkəmədə Martin Ryanın mobil telefonunda aşkar olunan fotoşəkillərlə bağlı izahat verdiyi ifadəsi elan olunub.
İfadələrdən məlum olur ki, o, Bakıda restoranlardan birində görüşləri zamanı həmin dövrdə Azərbaycana yeni gəlmiş Loran Lödi və Leron Qrard, onların ailə üzvləri və digər şəxslərlə keçirdiyi görüşləri barədə izahat verib. Onun ifadəsinə görə, görüşdə Azad Məmmədli də iştirak edib.
Fransa vətəndaşı ifadəsində göstərib ki, Frederik Devos Azərbaycana gələndən sonra Azad Məmmədli ilə görüşüb, onunla sıx əlaqəsi olub. O, Azad Məmmədlidən Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslərlə maraqlanıb.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, yaradılmış Bakı Frankofoniya Assosiasiyası Fransanın Azərbaycandakı səfirliyinə tabe olub:
"Bu quruma Loran Qrardın həyat yoldaşı Aleksandra rəhbərlik edirdi. Həmin assosiasiyaya azərbaycanlılardan ibarət üzvlər qəbul edirdilər. Bundan sonra fransız iş adamı Serj Banvel də bu quruma üzv oldu. Qurumun nəzdində əyləncəli tədbirlər təşkil edilirdi. Amma bu tədbirlər əyləncə mahiyyəti daşımırdı. Orada bəzi şəxslərə yaxınlaşaraq onlarla məxfi danışıqlar aparılırdı. Danışıqları aparanlar Fransa xüsusi xidmət orqanlarının əməkdaşları idi".
Martin Ryan qeyd edib ki, Loran Lödi onunla həmişə "vatsap" proqramı vasitəsi ilə əlaqə saxlayıb, heç vaxt açıq nömrədən zəng etməməyi tapşırıb: "Loran Lödi Azərbaycan-Ermənistan münaqişəsi barədə suallar verirdi. Mövzudan kənara çıxaraq Əlcəzairdə Fransa səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı olduğu zaman bu ölkənin vəzifəli şəxsləri ilə əlaqələrindən, onların qapalı geyimdə səfirliyə gəlmələrindən, səfirliyə daxil olandan sonra geyimlərini dəyişmələrindən, sonra görüşlər keçirmələrindən söz açırdı".
Təqsirləndirilən şəxs bildirib ki, bir azərbaycanlı jurnalist ona müraciət edərək suallar ünvanlayıb: "Həmin müsahibə Ermənistanın müdafiə nazirinin Fransaya səfəri vaxtına təsadüf edirdi. Mən də səfərlə bağlı videomüsahibə verdim. Bu müsahibə yayımlanandan sonra Fransa səfirliyinin qarşısında Loran Lödi ilə rastlaşdım. O, həmin müsahibəni təzyiq altında verib-vermədiyimi soruşdu. Ona müsahibəni özüm verdiyimi dedim".
Daha sonra prosesdə Martin Ryanın Azad Məmmədli ilə, eləcə də Fransa səfirliyi adı altında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə olan telefon danışıqları elan edilib.
Danışıqlardan biri Martin Ryanın Azad Məmmədli ilə Zəngəzur dəhlizi ilə bağlı söhbətlərdir. Həmin söhbətlərdən məlum olur ki, Zəngəzur dəhlizi açılandan sonra hansı ölkənin ora nəzarət edəcəyi diqqətdə saxlanılıb. Azad Məmmədli həmin dəhlizə Rusiya Federasiyasının FSB-sinin yox, Fransanın silahlı qüvvələrinin nəzarət etməsini istədiyini deyib.
Martin Ryan ilə Azad Məmmədli arasında İran-Azərbaycan, həmçinin Azərbaycan-Rusiya münasibətiləri ilə bağlı söhbətləri də elan edilib.
Hakim Martin Ryanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin elanının yekunlaşdığını deyib. Bildirib ki, ifadələrlə bağlı müzakirə növbəti iclasda aparılacaq.
İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
Növbəti proses sentyabrın 8-də davam edəcək.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
24 Iyul 2025
23 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ