İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Senatının xain qətnaməsinə Azərbaycandan sərt reaksiyalar

Azərbaycan-Fransa münasibətlərinə yenidən baxıla, Əlcəzair soyqırımı tanına bilər

Noyabrın 15-də Fransa Senatının aşağı palatası Azərbaycan əleyhinə qətnamə qəbul edib. “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsinə dair qətnamə layihəsi” adlı qətnamənin qəbulunda 332 senator iştirak edib, lehinə 295, əleyhinə isə 1 senator səs verib.

Qətnamədə Azərbaycana qarşı sanksiyaları həyata keçirilməsi tələbləri irəli sürülür. Bədnam sənəddə “Azərbaycanın Ermənistan ərazisindən və Laçın dəhlizindən çəkilməsi” tələb olunub. Layihə müəllifləri “Azərbaycan və onun tərəfdaşlarının Ermənistanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməsini, həmçinin bütün erməni hərbi əsirlərin qaytarılmasını” tələb edirlər. “Azərbaycan hökumətindən 4 yanvar 1969-cu il tarixli hər növ Diskriminasiyanı Qadağan edən Konvensiyaya uyğun olaraq erməni əhalisinin, erməni dini və mədəni mirasının mühafizəsi üçün tədbir görmək” tələb edilir. Bununla yanaşı, Fransa hökumətinə “Dağlıq Qarabağda humanitar büro açmaq” təklif edilir. Təkliflər arasında qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması da yer alır. Eyni zamanda Fransa hökumətindən Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanla diplomatik prosesə başlamaq tələb olunur. Ermənistan-Azərbaycan sərhədində beynəlxalq statuslu sülhməramlı qüvvələrin yerləşdirilməsi də təkliflər arasında var.

Qeyd edək ki, Fransa uzun müddətdir ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyir və onu pozuculuq fəaliyyətində həvəsləndirir.

Fransa Senatında belə bir qətnamənin qəbulu Azərbaycanda sərt reaksiya ilə qarşılanıb. Artıq Azərbaycan Milli Məclisində Fransanın Əlcəzairdə XX əsrin tən ortasında 1 milyon dinc insanı qətlə yetirməklə genosid həyata keçirməsi faktı ilə bağlı parlament dinləmələrinin keçirilməsi və qətnamə qəbul edilməsi təklifləri irəli sürülüb.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, Fransaya dair xarici siyasətimizdə düzəlişlər etməliyik: “Əvvəla, məlumdur ki, buna bənzər bir qətnamə 2020-ci ildə müharibə zamanı da Fransa Senatında qəbul olunmuşdu. Azərbaycan hökuməti isə izahında demişdi ki, bu bəyanatlar məsləhət xarakteri daşıyıb, icbari deyil. Fransada xarici siyasəti qanunverici hakimiyyətdən fərqli olaraq, icraedici hakimiyyət formalaşdırır və həyata keçirir. Bu qətnamənin də hüquqi nəticələri yoxdur, o, heç bir əhəmiyyət daşımır. Lakin başa düşməliyik ki, bu sayaq qərarların qəbul olunması, əlbəttə, Fransanın ümumi siyasətini əks etdirir və bizim üçün qəbuledilməzdir. Amma bu, gözlənilən bir məsələ idi və sadəcə, Fransaya dair xarici siyasətimizdə lazımi düzəlişlər etməliyik. Ümumiyyətlə, Fransanın birmənalı ermənipərəst mövqeyi əsas verir ki, onun hansısa vasitəçilik, yaxud Ermənistan-Azərbaycan münasibətlərinə aid hansısa təşəbbüsü Azərbaycan tərəfindən qəbul olunmasın. Böyük ehtimalla belə də olacaq. Suveren hüquqlarımız imkan verir ki, Qarabağda məsələni istədiyimiz kimi həll edək. Amma Fransanın və Rusiyanın məqsədi budur ki, sülhməramlı missiya adı ilə beynəlxalq mandata, BMT mandatına nail olsunlar, amma bu, xüsusi qətnamə ilə qəbul oluna bilər. Bundan əvvəl Fransanın bu təşəbbüsünə Böyük Britaniya və Rusiya veto qoymuşdu. İndi isə Rusiya öz sülhməramlılarına beynəlxalq mandat qazanmaq üçün Fransa ilə birlikdə hərəkət edir. Biz məhz bu təhlükəyə qarşı addımlar atmalıyıq”.

Brüssel variantı”na düzəliş edilə bilər - Qərb Ermənistanı sülhə hazırlayır?

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov isə bildirdi ki, Fransa Senatının aşağı palatasının Azərbaycan əleyhinə qətnaməsi gözlənilən idi və qətnamə hüquqi təsir qüvvəsi olan sənəd deyil. Fransa hökumətinin qətnaməni təsdiqləyəcəyi ehtimalı çox azdır: “Müharibə bitəndən sonrakı proseslərə əsas amil Azərbaycandır. Yeni reallıqları nəzərə alaraq proseslərin əsas trendini Azərbaycan formalaşdırır. Bu baxımdan Fransanın bu cür qətnamə ilə proseslərə təsir etmək imkanı sıfıra bərabərdir. Fransa Ermənistan vasitəsilə hansısa addımlar atmaq imkanlarını əldə etmək istəyir. Lakin nəzərə alınmalıdır ki, Ermənistanın özünün proseslərə ciddi təsir eləmək imkanları yoxdur. Bu bədnam qətnamədə olan çağırışlar istər beynəlxalq aləmə, istər proseslərə təsir göstərən dövlətlərə heç bir hüquqi təsir imkanına malik deyil. Ümumiyyətlə, bu cür qətnamələri biz 44 günlük müharibə vaxtı da gördük, xüsusilə də Fransa Senatı həmin vaxt indikindən də sərt qətnamə qəbul etmişdi. Azərbaycan isə indi olduğu kimi o zaman da həmin qətnaməyə bir kağız parçası kimi yanaşdıq, öz haqlı işimizi davam etdirdik. Tarix də sübut etdi ki, Azərbaycan düz edib və o qətnamənin dəyəri həmin kağızın qiymətindən də aşağıdır. Bu gündən sonra da belə qətnamələr Ermənistanın xeyrinə təsir edə bilməyəcək. Amma bu qətnamə Azərbaycan-Fransa münasibətlərinə ciddi mənfi təsir göstərəcək. Bu qətnamə Fransanın Cənubi Qafqazda nəinki mövqeyini gücləndirə biləcək, əksinə, mövcud imkanlarını daha da zəiflədəcək, Azərbaycanla Ermənistan arasında sülhə töhfə vermək şansını, ümid etdiyi vasitəçiliyini itirmiş olacaq”.

M.Sadəddinov onu da dedi ki, qətnamə əslində Fransanın erməni qruplarının və erməni disporasının alətinə çevrilmiş gücsüz dövlət halına gəlib çıxdığının göstəricisidir: “Fransa dövləti o vəziyyətə düşüb ki, ermənilərdən verilən sifarişləri yerinə yetirməməkdən çəkinir. Ermənistana reallıqda köməklik edə və Azərbaycana təsir edə bilməyən Fransa öhdəliyini bu cür qətnamələr qəbul etməklə yerinə yetirdiyini erməni diasporuna hesabat vermiş olur. Fransanın son dövrlərdə beynəlxalq nüfuzu xeyli aşağı düşüb. Vaxtilə təsir imkanları olan regionlardan onu sıxışdırıb çıxarırlar. Fransa isterikadan irəli gələn addımlar atır. Azərbaycana qarşı qətnamədə bu isterikanın da təsiri var. Fransa heç nəyə nail ola bilməyəcək. Olan-qalan təsir imkanlarını da itirəcək. Azərbaycan Fransanın açıq soyqırım siyasəti həyata keçirdiyi dövlətlərlə ciddi əlaqələr qurmalıdır, həmin dövlətlərə soyqırımı məsələsinin Fransaya qarşı qaldırılması istiqamətində köməkliklər göstərməlidir. Azərbaycanın əlində bunu etmək üçün imkanlar var. Dünyada ən böyük soyqırımlardan, ən qəddar kütləvi insan qətliamlarından bir çoxunu məhz Fransa həyata keçirib. Fransanın həyata keçirdiyi genosidlər, qətliamlar beynəlxalq müstəviyə qaldırılmalıdır, buna görə Fransadan kompensasiya tələbi gündəmə gətirilməlidir. Bütün müsəlman dövlətlərində Fransanın islamafobiya siyasətinin ifşa olunması istiqamətində geniş fəaliyyət aparılmalıdır. Bu istiqamətlərdə Fransaya qarşı böyük koalisiya qurulmalıdır”.  Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, əgər Fransa prezidentinin və Senatının anti-Azərbaycan ritorikası Ermənistanı və erməni separatizmini qorumaq məqsədi daşıyırsa, tam əks nəticə ilə üzləşəcəklər. Fransa Senatının qətnaməsi təmas xəttində vəziyyəti gərginləşdirəcək: “Fransa prezidenti və ya hökuməti Azərbaycanla bütün körpüləri yandırmamaq üçün senatın qətnaməsindəki bəndləri əsas götürməyə də bilər, ancaq hər zaman həmin qətnamə ilə bizi şantaj etməyə çalışacaqlar. Fransa Senatının qətnaməsi Ermənistanın baş naziri Nikol Paşinyanı Parisdən asılı vəziyyətə salır. Şübhə etmirəm ki, Paşinyan, Ermənistandakı siyasi partiyalar və Qarabağ separatçıları Fransa Senatına təbrik məktubları göndərəcəklər. Əgər Paşinyan Qarabağdan imtinaya hazırlaşırdısa, Fransa Senatı sanki onu "cəsarətləndirdi" və Ermənistanın baş nazirinə belə bir mesaj göndərdi ki, əsla Qarabağın müstəqilliyindən vaz keçməsin. Bu qətnamə Fransa-Azərbaycan münasibətlərinə şübhəsiz təsirsiz ötüşməyəcək".

Dəyişən dünyada Azərbaycanın yeri - Yeganə Hacıyeva ilə söhbət

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva isə bildirdi ki, senatın qətnaməsi Fransa dövlətinin mənafeyinə deyil, erməni iddialarının marağına xidmət edir: "Fransanın ermənipərəst ölkə olması bir neçə vacib amilə əsaslanır. Ölkədə çoxsaylı etnik erməni vətəndaş var və onlar geniş lobbi qrupuna malikdirlər. Hətta buradakı bəzi bölgələrdə seçkinin nəticələrinə həlledici təsir göstərən, ictimai rəyin, media kontentinin formalaşmasında iştirak edən, qanunverici orqanlarda təmsil olunan erməni siyasi qrupları, həmçinin hüquq-mühafizə orqanlarında, bələdiyyə strukturlarında etnik ermənilərdən ibarət kifayət qədər geniş erməni şəbəkəsi mövcuddur. Etnik ermənilərin kompakt yaşadıqları Marsel Fransanın bahalı turizm şəhəridir. Buranın varlı erməniləri maliyyə resursları hesabına ölkədə fikir formalaşdıra bilirlər. Bu və digər səbəblərdən, erməni lobbisinin Fransa qanunverici orqanlarında da Azərbaycana hücumları, böhtan kampaniyaları mütəmadi xarakter alıb.

Əslində Fransa Senatı hansısa kənar dövlətə sanksiya tətbiq edəcək, yaxud məhdudiyyəti müzakirəyə çıxaracaq təsisat deyil, amma tövsiyələr verə bilər və verir. Bu orqan qanunverici əsaslarla öz vətəndaşları üçün nəyisə müsbətə dəyişmək yönündə ideyalar, layihələr təklif etmək səlahiyyətindədir. Maraqlıdır ki, senat heç Fransa Xarici İşlər Nazirliyinə də digər ölkələrlə münasibətləri necə qurmaq barədə göstəriş verə bilmir.

“Dağlıq Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyinin və azadlığının Azərbaycan Respublikası tərəfindən təmin edilmədiyi”ni iddia etmək, ümumiyyətlə, ağ yalandır. Çünki ermənilər Rusiyanın onları Azərbaycan ərazilərinə köçürməsindən sonra həmişə rahat, azad və firavan yaşayıblar.

Digər bir bənddə bildirilir ki, BMT Təhlükəsizlik Şurasının ona sədrlik edən Fransanın müraciəti əsasında keçirilmiş fövqəladə iclasında guya beynəlxalq ictimaiyyətin qınağı olub. Bu da tamamilə yalandır. Ona görə ki, həmin iclasda, BMT Nizamnaməsinin 51-ci bəndinə istinadən, tərəflərin, yəni Azərbaycanın öz sərhədləri çərçivəsində legitim müdafiə haqqı tanınmışdı.

Qətnamənin “Azərbaycan qüvvələrinin və onun müttəfiqlərinin dərhal və qeyd-şərtsiz Ermənistanın suveren ərazisindən çıxmasına çağırış” bəndi isə obrazlı desək, göyə atılmış almadır, çünki ümumiyyətlə, belə bir hal yoxdur.

“Azərbaycan hakimiyyəti və onun regiondakı tərəfdaşları, xüsusilə Türkiyə tərəfindən, gələcəkdə beynəlxalq öhdəliklərinə uyğun olaraq, Ermənistanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə hörmət edilməsini tələb edir” bəndi də tam yersizdir, çünki Türkiyə Ermənistanın ərazi bütövlüyünü hələ ötən əsrin 90-cı illərindən tanıyıb. Ermənistanın isə Türkiyəyə qarşı ərazi iddiası var.

Ümumiyyətlə, senat Fransa dövlətinin mənafeyinə deyil, erməni iddialarının marağına xidmət edir. Burada onu da xatırlatmaq istəyirəm ki, ölkənin xarici siyasət məsələləri üzrə məşhur siyasətçisi, deputat Jerom Lamber hələ keçən il, fransız xalqının maraqlarının bir qrup erməninin girovuna çevrilməsinə etiraz etmişdi. Ümumən, belə bir görüntü var ki, Fransa hökuməti beynəlxalq hüquqa məhəl qoymadan, daim millətçi çıxışlar edən ermənilərin əlində oyuncağa çevrilib".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR