Onlayn ictimai-siyasi qəzet
Avropa məkanında siyasi-ideoloji dəyişikliklər baş verməkdədir. Bu dəyişiklikləri hətta siyasi-ideoloji böhran da hesab etmək olar. Hər halda, hazırda Avropa məkanında Qərbin onilliklər boyu qürurla ön plana çıxartdığı bəşəri dəyərlər artıq öz təsirini və əhəmiyyətini itirməyə başlayıb. Və indi Qərbdə bu dəyərlər üzərindən öyünmək üçün çox az nəsə qalmış kimi görünür.
Məsələ ondadır ki, Qərb ölkələrinin cəmiyyətləri tədricən demokratiya, insan hüquqları, liberalizm və s. bu kimi anlayışlardan uzaqlaşmağa başlayıb. Qərb ölkələri daha qəbul edilən qərarlarda, atılan ölkədaxili addımlarda bu bəşəri dəyərlərin sərhədlərini qorumağa həvəs göstərmirlər. Əksinə, Avropa məkanında indi daha çox aqressiv, sərt və radikal siyasi idarəetmə sistemi ön plana keçir. Hətta bəzi Avropa ölkələrində ultramillətçi siyasi qüvvələr hakimiyyəti ələ keçirməkdirlər. Və bu, Avropa dəyərlərinin deqradasiyaya uğramaqda olduğu anlamına gəlir.
Onu da qeyd etmək lazımdır ki, indi hətta Avropa siyasi sisteminin təmsilçiləri belə, Qərb dəyərlərinə güvənmədiklərini biruzə verirlər. Məsələn, Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel açıq mətnlə vurğulayıb ki, Avropa qurumlarında ikilistandartlar indi daha ön plandadır. Bərabərlik prinsipi daha əvvəlki kimi aktual deyil. Və belə anlaşılır ki, Avropa məkanında yeni siyasi-ideoloji formasiyaya keçid mərhələsi artıq start götürüb.
Maraqlıdır ki, son illərdə Avropa məkanında dünyanın başqa bölgələrindən gəlmiş insanlara nifrət təbliğ edilir. Onların hüquqları məhdudlaşdırılır, təzyiqlərə və zorakılıqlara məruz qoyulur. Yəni, Avropa məkanı tədricən demokratiyadan, həmişə hədəf almağa vərdişli olduğu avtoritarizmə doğru yönəlir. Və bu səbəbdən də, Qərb ölkələrinin digər bölgələrdə demokratiya tələbləri indi sadəcə, qıcıq doğurur.
Təbii ki, belə situasiyada Avropa Birliyi başda olmaqla, digər önəmli Qərb qurumları nüfuzdan düşür. Qərb ölkələri müxtəlif dövlətlərin daxili işlərinə qarışmaqda, hətta siyasi hakimiyyətlərin qeyri-qanuni yollarla dəyişdirilməsinə yönəlik cəhdləri dəstəkləməkdə suçlanır. Bu baxımdan, uzun illər ərzində Avropa Birliyi və NATO-ya üzvlük siyasətinə sadiq qalmış, bu məsələ ilə davamlı vədlər almış Gürcüstanın Qərbdən gələn təzyiqlərə sərt reaksiya verməsi olduqca önəmli örnəkdir.
Qərb siyasi dairələrinin artıq xalqların seçiminə, beynəlxalq hüquq normalarına əhəmiyyət vermədiyini Gürcüstan hökumətinin son açıqlaması da birmənalı şəkildə təsdiqləyir. Belə ki, həmin açıqlamada açıq mətnlə vurğulanır ki, Gürcüstana qarşı Qərb siyasi dairələrindən gələn təhlükə ön plana çəkilir. Hətta Gürcüstanın ABŞ və Avropa Birliyi ilə münasibətlərinin korlana biləcəyi bildirilir. Əsas arqument kimi isə ABŞ və Avropa Birliyinin 2020-2023-cü illər arasında Gürcüstanda iki dövlət çevrilişi cəhdini dəstəkləməsi göstərilir. Və bu, elə indi də Qərbin "qrant agenturası"nın dəstəkləməsi ilə Gürcüstanın daxili işlərinə müdaxilə cəhdi anlamı daşıyır.
Göründüyü kimi, Qərbdə artıq siyasi maraqlar bütün beynəlxalq hüquq normalarını arxa plana keçirib. Xüsusilə də, Avropa məkanında siyasi hədəflərin məhz hərbi ritorika üzərindən müəyyən edilməsinə yönəlik cəhdlər də mövcuddur. Belə ki, Afrikada böyük uğursuzluğa düçar olmuş Fransa Avropa məkanını hərbi poliqona çevirməklə, avanqard ölkə statusunu qorumağa can atır. Və beynəlxalq hüquq normalarının, eləcə də, Avropa Birliyinin təməl prinsiplərinin sarsıdılmasında da Fransanın avtoritarizmə meyllənməsinin inkaredilməz rolu mövcuddur.
Maraqlıdır ki, Böyük Britaniya Fransanın radikallaşmasından narahatlığını qətiyyən gizlətmir. Belə ki, Fransa prezidenti Emmanuel Makron "qoca qitə"nin gələcəyindən danışarkən, Avropa Birliyini nəhəng hərbi gücə çevirməyə çağırması birmənalı qarşılanmayıb. Çünki Fransa prezidenti onun bu çağırışlarına operativ reaksiya verilməyəcəyi təqdirdə, Avropa Birliyinin çöküş dövrünə girəcəyini də iddia edib. Yəni, rəsmi Paris Avropa məkanının gələcəyini yalnız bu qurumun hərbi jandarma çevrilməsində görür. Və müəyyən mənada, Avropa məkanında yeni NATO yaradılmasına çağırır.
Təbii ki, Fransanın bu çağırışları qarşısında əsas əngəllərdən biri məhz Almaniyanın bloklayıcı mövqeyidir. Çünki rəsmi Berlin Fransanın çağırışlarını hərbi-siyasi avantüra hesab edir. Almaniya Avropa məkanının yeni hərbi bloka çevrilməsinə dəstək vermək niyyətindən uzaqdır. Ona görə də, Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron arasında keçiriləcək görüşün gərgin atmosferdə olacağı gözlənilir. Çünki həmin görüşdə Avropa Birliyinin müdafiə prioritetləri və Çin siyasətinin müzakirə ediləcəyi bildirilir. Və bu, Çin lideri Si Tsinpinin Avropaya səfəri ərəfəsinə təsadüf edir.
Məsələ ondadır ki, Çin lideri Si Tsinpin əvvəlcə Fransaya, ardınca isə Serbiya və Macarıstana səfər etmək niyyətindədir. Ona görə də, Çin liderinin Avropa səfəri ilə reallaşdıracağı geopolitik trayektoriya böyük maraq doğurur. Çünki hazırda Fransa ABŞ və Avropa Birliyinin ortaq mövqeyinə zidd olaraq, Çinlə yaxın münasibətlərə can atır. Eyni zamanda, Serbiya Rusiyanı dəstəkləyir, Macarıstan isə Ukrayna savaşı ilə bağlı proseslərdən mümkün qədər məsafə saxlamağa çalışır. Və bu baxımdan, Rusiyanın əsas strateji tərəfdaşlarından olan Çinin məhz bu üç Avropa ölkəsi ilə birbaşa təmaslara start verməsi birmənalı qarşılanmır.
Belə anlaşılır ki, Fransa və kollektiv Qərb arasında müəyyən geopolitik çatlar yaranmağa başlayıb. Rəsmi Paris bir tərəfdən, Rusiyanın ortağı olan Çinlə yaxınlaşır. Digər tərəfdən isə mövcud NATO-ya alternativ olaraq, yeni Avropa NATO-su yaratmaq istəyindədir. Və bu, yalnız NATO-nun dağılma təhlükəsini deyil, həm də Avropa məkanının hərbiləşdirilərək, avtoritarizmə meyillənmə ehtimalını gücləndirir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ