Onlayn ictimai-siyasi qəzet
Bu günə qədər (22 sentyabr 2025-ci il) Fələstin dövlətinin müstəqilliyini BMT-yə üzv olan 193 dövlətin 152-si, həmçinin BMT-də müşahidəçi statusunda olan Vatikan və Sahara Ərəb Respublikası tanıyıb.
Ən son bu sıraya dünən Böyük Britaniya, Kanada, Portuqaliya və Avstraliya qoşulub.
Fələstiini tanıyan dövlətlərin 20-yə yaxını NATO üzvüdür.
ABŞ və İsrail özü Fələstinin müstəqilliyini tanımır. Bu cərgədə bəzi Aİ ölkələri də var, amma onlar artıq ard-arda mövqe dəyişdirirlər.
Bu, o deməkdir ki, dünya bir tərəfdə, ABŞ və İsrail isə o biri tərəfdədir.
Prinsipcə, anqlosaks dövlətlərin (Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya) qəbul etdiyi qərarın eynisini, onlardan biri olan ABŞ də qəbul etməliydi. Ancaq ABŞ-nin indiki administrasiyasında İsrailə qahmar çıxmaq hissi daha güclüdür.
İsrail isə Fələstin dövlətini tanımamaq məsələsində heç vaxt olmadığı qədər qətiyyətlidir. Bəlkə də əvvəlki baş nazirlərin dönəmində İsrail dövləti beynəlxalq birlikdən Fələstini tanımaq üçün bu qədər basqı görsəydi, dirəşməz, Fələstin ərəblərinin haqqını verərdi. Ancaq Benyamin Netanyahu bu xüsusda bütün sələflərindən inadkardır. Son dəfə o, dünən yenidən Fələstini tanımayacağını bəyan edib.
Fələstin dövləti 1988-ci il noyabrın 15-də Əlcəzairdə Fələstin Milli Şurasının fövqəladə iclasında elan edilib. FMŞ bu qərarı elan edərkən Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 29 noyabr 1947-ci il tarixli 181 (II) saylı qətnaməsinə istinad edib. Məhz 1947-ci ildə BMT Britaniyanın mandatında olan Fələstinin ərəb və yəhudi dövlətlərinə bölünməsi ilə bağlı qətnamə qəbul edib.
Ancaq həmin vaxt Fələstinin müstəqillik bəyannaməsi simvolik xarakter daşıyıb, çünki o zaman Fələstin Milli Şurası heç bir əraziyə nəzarət etmirdi.
Bir də o zamankı Fələstin rəhbərləri maksimalistlik edərək bu bölgüylə razılaşmayıblar, İsrail dövlətinin qanunsuz yaradıldığını elan edərək, onu məhv etmək uğrunda mübarizəyə başladıqlarını elan ediblər. Nəticədə onlar haqlıykən haqsız duruma düşüblər.
Sonra baş verən hadisələrin təfərrüatına varsaq, bu yazı azı “Hərb və Sülh” romanı qədər uzanar. Ona görə də qısaca onu deyək ki, aradan keçən bu 78 ildə nə fələstinlilər müstəqil dövlətçilik ideyasından vaz keçiblər, nə də israillilər onlara belə bir haqq tanıyıblar. Müharibələr, üsyanlar bir-birini əvəz edib, minlərlə insan həlak olub, amma Yaxın Şərqin bu başıbəlalı bölgəsinə heç cür dinclik, sülh gəlməyib.
Ötən əsrin ortalarından ta bu əsrin ilk onilliyinə qədər dünya birliyi bu və ya digər şəkildə İsrailin tərəfində olub, bəzən onun həddini aşan aqressiyasını pisləsə də, fələstinlilərin terrora əl atmasını kəskin şəkildə qınayıb.
Bu yol Fələstinin dövlət kimi tanınmasını xeyli ləngidib. Avropa ölkələri vaxtaşırı dəhşətli terror aktları törədən fələstinlilərin mübarizəsinə əhəmiyyət verməyiblər. Ancaq Fələstin rəhbərliyi terrorizmdən imtina edəndən sonra bir çox Avropa ölkələri Fələstin xalqının müstəqillik uğrunda dönməz mübarizəsini görərək, bu qərara gəliblər ki, İsrail-Fələstin münaqişəsinin yeganə həlli Fələstinin müstəqil dövlət olması, İsraildən ayrılmasıdır.
Hamı görür ki, bu xalq az qala yekdilliklə yəhudilərlə iç-içə, eyni dövlətdə yaşamaq istəmir və öz niyyətində son dərəcə qətiyyətlidir.
Əslində İsraildə də çoxları anlayır ki, Fələstinə müstəqillik verilməməsi, daha dəqiqi, onun İsrail tərəfindən müstəqil dövlət kimi tanınmaması əbədi müharibə deməkdir və bu, yəhudi xalqının maraqlarına, perspektiv planlarına uyğun deyil.
Çünki həll olunmamış Fələstin problemi yəhudilərlə çoxsaylı ərəb dövlətlərində yaşayan ərəblər arasında xroniki münaqişəni vaxtaşırı aktuallaşdıracaq. Nəticədə bəzi hallarda İsraillə qonşuları arasında münasibətlər yenidən gərginləşəcək. Bütün qonşularla konfliktdə yaşamaq isə mümkün deyil, əvvəl-axır bunun acı nəticələri ola bilər.
Lakin İsrailin “millətçi qırğıları”nın əlini gücləndirən bir nüans var. Bu da ondan ibarətdir ki, Fələstin millətçiləri, eləcə də onlara dəstək verən İran İsrailin dövlət kimi mövcudluğunu qəbul etmirlər. İsraildə aparıcı düşüncə budur ki, Fələstin müstəqil dövlət olarsa, islam ölkələri onu fövqəladə dərəcədə gücləndirəcək, militarist bir dövlətə çevirəcək, İsrailə qarşı iddialar irəli sürməyə, müharibəyə başlamağa sövq edəcəklər.
Bu, İsrail üçün çox real və ciddi təhlükədir. ABŞ və Avropa ölkələri belə olmayacağına dair İsrailə təminat verə bilmirlər. İsrail isə “haray bəri başdan” mövqeyində qalmaqda israrlıdır.
Hazırda Fələstin dövlətinin müstəqilliyini tanımayan ölkələr hesab edirlər ki, onun yaradılması məsələsi yalnız İsrail və Fələstin administrasiyası arasında birbaşa danışıqlar yolu ilə həll edilməlidir.
İsrail Fələstin Milli Administrasiyasının rəsmi nəzarətində olan ərazilərin əhəmiyyətli bir hissəsinə de-fakto hərbi nəzarəti həyata keçirir. Eyni zamanda, İordan çayının qərb sahilində, eləcə də Şərqi Qüdsdə əhəmiyyətli ərazilər İsrail və Fələstin ərəbləri arasında mübahisənin predmetidir. Yəni bu gün İsrail Fələstinin müstəqilliyini tanısa da, sırf həmin ərazilərə görə İsrail-Fələstin münaqişəsi həll olunmuş sayılmayacaq. Hələ ortada Yerusəlim-Qüds məsələsi də var. İki dövlətin bir paytaxtının olması absurd olar.
Fəqət beynəlxalq tendensiyadan görünür ki, İsrailin, daha dəqiqi, Netanyahu administrasiyasının başqa yolu yoxdur. Avropa İttifaqının bir çox ölkələri və Yaponiya da Fələstin dövlətini tanıyandan sonra İsrail beynəlxalq arenada tamamilə təklənəcək.
BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü (ABŞ və Fransa) hələlik Fələstin dövlətini tanımır, ona görə də o, BMT-nin tamhqüquqlu üzvü statusuna malik deyil. Fransa artıq bu mövqeyini dəyişmək üzrədir. BMT üzvü olmaq istəyən yeni dövlət mandat əldə etmək üçün BMT-yə üzv dövlətlərin üçdə ikisinin (hazırda bu, 193 dövlətdən 129-nun dəstəyi deməkdir) dəstəyini qazanmalıdır və Təhlükəsizlik Şurasının heç bir daimi üzvü tərəfindən ona veto qoyulmamalıdır. Fələstin BMT üzvü olan dövlətlərin 152-sinin dəstəyini alsa da, ABŞ-nin vetosu fələstinlilərin BMT qapısını bağlayır.
Araz Altaylı, Musavat.com
22 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ