Onlayn ictimai-siyasi qəzet
Çörçillin Qərb dünyasına və xüsusi olaraq da ölkəsinə iki vəsiyyəti olmuşdu. Birincisi SSRİ-yə qarşı antikommunist cəbhəsi yaratmaq (məşhur “Fulton nitqi”) idi. Digəri isə Britaniyaya ünvanlanmışdı ki, ABŞ-nin qlobal liderliyini qəbul etsin, daim beynəlxalq siyasətini onunla uzlaşdırsın.
Birinci ismarışın nəticələri göz önündədir və bir daha nəinki xırdalamağa, heç vurğulamağa da dəyməz, çünki artıq keçmişdir və bircə onu deyək ki, “soyuq savaş”ın bir lideri amerikalı Ronald Reyqan idisə, digəri britaniyalı “dəmir ledi” Marqaret Tetçer idi.
Sonuncunu ona görə deyirik ki, detallarınadək izləməsək də, qoca Çörçillin ikinci vəsiyyəti də unudulmadı, deyəsən, ən azı son yarım əsrdə, eləcə də son onilliklərdə Vaşinqtonla Londonun siyasətinin ciddi haçalandığını görmədik.
Əksinə, elə gəlir ki, hətta “breksit” məsələsində də ABŞ-nin izləri oldu: güclü Avropa daha Vaşinqtonun maraqlarına cavab vermir, çünki Qoca Dünya da hərdən başqa iddialara düşür.
Bu səbəbdən düşünürük ki, burada da məsələ tək Londonun birləşmiş Avropada Berlinin kölgəsində keçinmək istəmədiyi deyildi. Bizə elə gəlir ki, anqlo-saks təkəbbürü ilə yanaşı burada Avropaya onun yerini göstərmək cəhdi də vardı.
Həm də bu versiyanı gücləndirəcək yetəri qədər geosiyasi “yozumlar”, konspiroloji fərziyyələr və “senarilər” də az deyil. Düzdür, heç vaxt bu cür “konsepsiya”ların, xüsəsən də ən müxtəlif konspiroloji sxemlərin və ya müxətlif “gizli sövdələşmə” nəzəriyyələrinin həvəskarı olmamışıq.
Ona görə ki, əvvəli demirik, hazırda, yəni “soyuq savaş”dan sonra gizli bir şey qalmayıbdı, hər şey yetərincə açıq, hətta çılpaqdır, daha heç kim maraqlarını nəinki gizlətməyə, hətta malalamağa da cəhd etmir: Rusiya kimi həyasız dövlətlər bir tərəfə, daha ABŞ də aydın şəkildə bəyan edir ki, “səxavətli dayı” olmaq, kimlərinsə təhlükəsizliyini təmin etmək, özünkündən savayı hansısa başqa maraqlar haqqında da fikirləşməyə nə həvəsi var, nə də vaxtı.
Təxminən bu tondaca bu yaxınlarda bir amerikalı səfir danışmışdı. Bu, bir səfirin təşəbbüsü idimi? Düşünmürük! Səfirlərə təlimatlar verilir, onlar bunun əsasında çalışdıqaları ölkələrdə işlərini qurur, lazım gələndə ölkələrinin siyasətini yerli hökumətlərə və cəmiyyətlərə çatdırırlar, yəni burada hansısa özfəaliyyətdən danışmağın mənası yox, hər şey ölçülüb-biçilir, ciddi nizamlanır.
Bu kontekstdə bəzi geopolitik-konspiroloqların da məxsusi “konsepsiya”ları var. Bir vaxt bu haqda rusiyalı Aleksandr Duqin də çox yazırdı.
Onun da “nəzəriyyə”sinə görə, dünyada guya yəhudilərlə anqlosakslar arasında ittifaq, sövdələşmə yaranıb.
Bəlli olduğu kimi, yəhudilər (indi daha çox ortodokslar) özlərini “Allahın seçdiyi xalq” hesab edirlər. Duqin kimi filosoflar-politoloqlar iddia edir ki, hazırda guya anqlosakslar da hesab edir ki, onlar da yəhudilərlə birlikdə bəşəriyyətin “Tanrı tərəfindən seçdiyi” xüsusi xalqdırlar, guya yəhudilərlə anqlosakslar arasında belə ittifaq yaranıb.
İlk baxışda Trampın siyasətinə baxanda, onun İsrailə və yəhudi dünyasına münasibətini analiz etməyə cəhd göstərəndə adam lap buna inanmaq istəyir, çünki düşünmürük ki, ABŞ-nin indiki prezidentinin İsrailə olan çox isti münasibəti yalnız kürəkəninin yəhudi olması ilə bağlıdır, yox, bu, məsələni primitivləşdirmək olardı.
Amma Duqin kimi “konspiroloq-geopolitik”lərə də inanmaq istəmirik. Bizə elə gəlir ki, burada, sadəcə, bəzi amerikalıların ardınca qəbul etmək lazımdır ki, ABŞ dünyada ən çox yəhudi dövləti olan qeyri-yəhudi dövlətidir: buna görə amerikalıların özləri zarafatla İsraili ABŞ-nin Yaxın Şərqdəki “51-ci ştatı” adlandırır, digər amerikalılarsa uzağa gedərək, yenə də zarafatyana, hətta ABŞ-nin özünə də “yəhudi dövləti” deyirlər...
Bu cür yanaşmalarda şişirtmə axtarmaq heç də predmetsiz məşğuliyyət deyil, amma qəbul etmək lazımdır ki, yəhudilər ABŞ-də güclü təsirə malikdir, özü də tək maliyyə-iqtisadiyyat baxımından yox, həm də ideoloji və elmi- mədəni, intellektual cəhətdən: bizə elə gəlir ki, bu, daha inandırıcı məqamdır, hansısa xüsusi konsepsiya, “sövdələşmə” və “gizli sazişlər” uydurmaq lazım deyil.
Sonda keçək əsas məsələyə, Trampın Britaniyaya səfərinə. Detallar hələ tam məlum deyil. Amma gec-tez açılacaq.
İlk günlərdə jurnalistlər daha çox səfərin protokol tərəflərinə diqqət edirdi: o, buna filan şeyi bağışladı, bu, ona başqa bir şeyi verdi, yemək, hətta yataq dəsti belə oldu, filan oldu və s...
Bunlar formal, nəzakət və protokol xarakterli məsələlərdir. Düşünürük, bu yolla daha ciddi məqamları pərdələmək olmayacaq.
Əvvəlcə ehtimal vardı ki, guya ABŞ və Böyük Britaniya İsrail və Fələstinlə bağlı siyasətlərini uzlaşdırmağa çalışacaq. Amma yazını yazanda rus mənbələrindən oxudum ki, Britaniya ən yaxın vaxtlarda Fələstin dövlətini tanımaqda qərarlıdır. Axşamüstü də yazdılar ki, bəs Britaniya, Avstraliya və Kanada Fələstini tanıyıb!
Bir-iki gün əvvəl də xəbər yayılmışdı ki, guya on dövlət Fələstini tanıyacaq. Yadıma Trampın birinci idarəçiliyi dövründəki “Yerusəlim məsələsi” düşdü. Onda Tramp yaman fiaskoya uğramış və demək olar, tək qalmışdı.
Başqa məsələ də var. Tramp Avropanın Rusiyadan neft almasını əngəlləmək, bununla Ukrayna müharibəsini, həm də daxildəki bəzi probelmləri həll etmək istəyir. Bu da Trampın keçmiş dərdidir. Birinci idarəçilyində də gileylənirdi ki, ABŞ-nin Avropanın təhlükəsizliyi üçün göstərdiyi yardımı Qoca Qitə Rusiyadan neft və qaz almağa xərcləyir!.. Əsas nədir? Bayaqkı “konspiroloji ssenarilər” də qorxutmamalıdır bizi. Azərbaycan təkrar müstəqil olanda ilk gündən Britaniya ilə güclü iqtisadi əlaqələri yaranmışdı. Hazırda əvvəlki intensivlikdə deyil, amma fundament var və inkişaf etdirməyin yolunu düşünmək olar.
İsraillə münasibətlər yetərincə yüksək səviyyədədir. ABŞ ilə təmaslar da yeni impuls alıb; vəziyyət pis deyil, çalışmaq lazımdır.
Bir daha bəzi geopolitiklərin “fərziyyələrinə” gələndə, hər şey heç də onların zədəli təxəyyülünün inikası kimi deyil. Belədə isə axı dünyada hansı xalq güclü olmağa, təsirini artırmağa çalışmır? Lap biz türklər də bir xalq kimi bunu istəmirikmi?..
23 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ