Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın ona qarşı qərəzli və düşmənçilik münasibəti ilə öndə gedən Fransa ilə iqtisadi əlaqələrində ciddi azalma müşahidə olunmaqdadır. Dövlət Gömrük Komitəsinin xarici ticarət statistikasına əsasən bu ilin 10 ayında Fransadan idxal 199 milyon 405.06 min dollar, ixrac isə 64 milyon 312.35 min dollar olmaqla qarşılıqlı ticarət dövriyyəsi 263 milyon 717,41 min dollar təşkil edib. Ötən ilin eyni dövründə 368 milyon 16.02 min dollarlıq idxal, 128 milyon 785 min dollarlıq ixrac olmaqla dövriyyə 496 milyon 801,02 min dollara bərabər olmuşdu. Bu isə o deməkdir ki, ölkələr arasında qarşılıqlı ticarət iki dəfəyə yaxın azalıb.
Halbuki 2023-cü ilin yekununda Fransa ilə qarşılıqlı ticarətin həcmi 133 milyon 219.50 min dollar ixrac, 403 milyon 51.97 min dollar idxal olmaqla 536 milyon 271,47 min dollara qədər artmışdı. Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin yekununda illik dövriyyə 273 milyon 834,22 min dollar olub. Bunun 50,9 milyon dolları Fransanın idxalının, 222,8 milyon dolları Azərbaycanın idxalının payına düşüb. 2021-ci ildə qarşılıqlı dövriyyə 245 milyon 463 min dollar olmuşdu.
Azərbaycanın Fransadan idxalının mühüm hissəsini insulin tərkibli və digər dərman preparatları, ətir və kosmetik vasitələr, tərkibində aktiv komponent kimi qiymətli metallar və ya onun birləşmələri olan katalizatorlar, Tərkibində digər bitumlu minerallardan və onların duzlarından alınmış tiofenləşmiş yağlar, bitumlu süxurlardan əldə edilmiş yağların tiofenləşdirilmiş sulfoturşuları və onların duzları, kənd təsərrüfatı texnikası, rabitə avadanlıqları və sair təşkil edir.
Fransaya ixracda isə neft və neft məhsulları aparıcı paya malikdir. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Fransaya 57 milyon 85 min ABŞ dolları dəyərində 89 min 712 min ton bitumlu süxurlardan əldə edilmiş xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 61 milyon 554 min ABŞ dolları (51,9 faiz), həcmcə isə 109 min 294 ton (54,9 faiz) azdır.
Onu da bildirək ki, 2020-ci il Vətən Müharibəsində Azərbaycanın qalib gəlməsindən sonra Fransada müxtəlif səviyyələrdə ölkəmizə qarşı sanksiya tətbiqi, iqtisadi əlaqələrin dayandırılması çağırışları səsləndirilib. Eyni zamanda Fransa Senatı belə tələbləri nəzərdə tutan qətnamə qəbul edib. Buna cavab olaraq bu ilin yanvarında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat qəbul edib. Bəyanatda komitə Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə bir sıra tədbirlərin görülməsi ilə bağlı çağırış edib Bura Fransaya qarşı sanksiyalar tətbiq ediməsi; Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması; Fransa ilə bütün iqtisadi əlaqələrin dayandırılması; Total da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması və Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsidir.
2023-cü ilin sentyabrında antiterror əməliyyatı ilə Qarabağda separatçılığın kökü kəsildikdən sonra isə Fransanın qərəzi ifrat həddə çatıb, Paris əlində olan bütün imkanlardan ölkəmizə qarşı istifadə etməyə çalışır.
Bu fonda Fransa Azərbaycandan neft alışını azaltsa da, onun enerji şirkəti TotalEnergies ölkənin ikinci böyük qaz yatağı olan “Abşeron”da, həmçinin Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərində iştirakını davam etdirir. Hansı ki, Abşeron yatağının işlənməsi layihəsinin on ildən yuxarı yubanmasında məsuliyyət bilavasitə Fransa şirkətinin üzərindədir. Məhz Total-ın Azərbaycandan mümkün qədər çox güzəşt qoparmaq, ölkənin mənafelərinə zidd olaraq layihədən daha çox qazanc götürmək niyyəti uzun müddət ərzində yataqdan ilk qazın əldə olunmasına imkan vermədi.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən 1960-cı illərdə kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir. Bu, Xəzər dənizində "Şahdəniz" yatağından sonra ikinci böyük qaz yatağıdır. "Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında hasilatın pay bölgüsü sazişi imzalanıb. 2011-ci ilin sentyabrında "Total" şirkəti "Abşeron" yatağında böyük qaz ehtiyatlarının kəşf edildiyi barədə məlumat yayıb.
Yataqdan ilk qaz 2023-cü ilin iyulunda əldə olunub. Elə həmin ilin avqustunda Abu Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 faizlik iştirak payının alınmasına dair Saziş imzalanıb. Satınalma tamamlandıqdan sonra SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 faiz təşkil edir.
Yatağın işlənməsinin birinci mərhələsində ildə 1,5 milyard kubmetr qaz və 750 min ton kondensat hasilatı nəzərdə tutulur. Növbəti illərdə isə burada illik hasilatın ən azı 4 milyard kubmetrə qədər artırılacağı gözlənilir.
Bu il “Abşeron” yatağından 1,5 milyard kubmetr qaz və 523 min ton qaz kondensatın hasil ediləcəyi nəzərdə tutulur.
Yatağın işlənməsinin birinci mərhələsində əldə olunan qaz daxili bazara yönəldilir. İkinci mərhələdə əldə olunacaq həcmlər isə ixraca yönəldiləcək. Yekun investisiya qərarının nəzərdə tutulmuş vaxtda qəbul edilməsi “Abşeron” yatağının tammiqyaslı işlənilməsi çərçivəsində ilk qazın 2028-ci ildə əldə olunmasına imkan yaradacaq. Bu mərhələ çərçivəsində yataqdan ildə 5-6 milyard kubmetr qazın çıxarılması nəzərdə tutulur.
ADNOC-un layihəyə qoşulması yatağın işlənməsi layihəsinin icrasında Fransa şirkətindən asılılığı zəiflətməklə proseslərin sürətlənməsinə imkan yaradır. SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun verdiyi məlumata görə, “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarı bu ilin sonuna qədər verilə bilər. Vitse-prezident qeyd edib ki, Abu Dabi Milli Neft Şirkətinin (ADNOC) bu layihəyə daxil olması SOCAR üçün əla dəstəkdir: “Dövlət Neft Şirkəti ikinci mərhələ çərçivəsində ilk qazın planlaşdırılan müddətdə əldə edilməsinə ümid bəsləyir. İlk qazın müəyyən olunan müddətdə əldə edilməsi üçün operatorla çox sıx əməkdaşlıq edirik və Fransanın "Total" şirkəti bu istiqamətdə üzərinə düşən məsuliyyəti başa düşür”.
Fransanın Azərbaycandakı iqtisadi maraqları neft-qaz sektorundan kənarda da yetərincə təmin olunur. Bu gün Azərbaycanda işləyən 60-a qədər Fransa şirkəti arasında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər var. Fransanın “Alstom Transportation S.A.” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında 12 may 2014-cü il tarixdə müqavilə imzalanıb. Həmin müqavilənin tərkib hissəsi kimi “Alstom” şirkəti ADY üçün 10 ədəd Prima M4 (AZ4A) sərnişin lokomotivi istehsal etməli idi. İlk lokomotiv 2017-ci ildə ADY-yə təqdim olunub. 2018-ci ildə 1, 2019-cu ildə isə qalan 8 lokomotiv Azərbaycana gətirilib. Onların ümumi dəyəri 54 milyon 460,33 min dollar təşkil edib.
Fransa biznesi siyasətçilərdən fərqli olaraq, Azərbaycanla əlaqələrin üzülməsində deyil, daha da inkişafında maraqlıdır. Bu marağı 2022-ci ilin aprelində 7 mindən yuxarı iri Fransa şirkətini birləşdirən Fransa Sahibkarlar Təşkilatı – “MEDEF International”ın direktoru Filip Qotyenin rəhbərlik etdiyi, müxtəlif sahələrdə fəaliyyət göstərən 15-dən çox fransız şirkətinin təmsil olunduğu nümayəndə heyətinin Azərbaycana səfəri də ortaya qoyur.
Bundan əlavə, Fransanın İnkişaf Agentliyi olan AFD Azərbaycana kredit ayırıb, ondan gəlir əldə edir. AFD “Azərbaycan 2030: gələcəyə baxış konsepsiyası”na dəstək olaraq, iqlim dəyişikliyi, şəhərlərin dayanıqlı inkişafı, regional inkişaf və su ehtiyatlarının idarə edilməsi mövzuları ətrafında çoxillik proqramı çərçivəsində 2015-ci ildən bəri Azərbaycanda müxtəlif layihələrə 276 milyon avro ayırıb.
Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində AFD 2018-ci ildən Sumqayıt-Yalama dəmir yolu xəttinin yenilənməsinə dəstək verir. İşlər yüklərin və sərnişinlərin sürətli və təhlükəsiz daşınmasını təmin etmək məqsədi ilə 166,5 km ikixətli dəmir yolu xəttinin yenilənməsini nəzərdə tutur. Bu layihənin maliyyələşməsinə AFD 175 milyon dollar ayırıb. Aydın məsələdir ki, bu vəsaitləri heç biri faizsiz verilmir, Fransa tərəfinin gəliri olmasaydı, Azərbaycana kredit ayırmaq ağlına belə gəlməzdi.
Proseslərin gedişi göstərir ki, Fransanın düşmənçilik siyasətinin davam etdirməsi qarşılıqlı iqtisadi əlaqələrin daha da zəifləməsinə səbəb olacaq. Nəzərə alsaq ki, qarşılıqlı ticarət dövriyyəsində əsas paya Azərbaycanın idxalı malikdir, onda rahatlıqla demək olar ki, ticarətin zəifləməsindən Fransanın özü, öz biznesi daha çox zərər görür. Çünki ticarətin əsasında Azərbaycanın bu ölkədən idxalı dayanır. Bu gün Fransadan alınan malların digər ölkələrdən tədarükünü yoluna qoymaq elə böyük vaxt, hər hansı əlavə resurs tələb etmir.
Dünya SAKİT,
Musavat.com
04 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ