İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa Cənubi Qafqazda gedən proseslərə bu yolla müdaxilə etmək istəyir-AÇIQLAMA  

 

“Fransanın xarici işlər naziri Katrin Kolonnanın Ermənistana səfəri Azərbaycanın regional siyasəti ilə birbaşa bağlıdır. Qarabağda yaşayan ermənilərin regionu tərk etməsi sərbəst şəkildə icra olunur. Bu hadisəni fürsət kimi dəyərləndirən Fransa Cənubi Qafqazda gedən proseslərə müdaxilə etmək istəyir”.

Bu fikirləri Musavat.com-a politoloq İlyas Hüseynov bildirib. Politoloq xatırladıb ki, Fransanın xarici siyasət idarəsinin rəhbəri bu yaxınlarda regionda səfərdə olub: “Budəfəki səfər zamanı Ermənistana hərbi yardımların edilməsi, yaxud müdafiə, təhlükəsizlik sahəsində müxtəlif yanaşmaların tətbiq olunması təhlükələrdən, təhdidlərdən xəbər verir. Digər tərəfdən İrəvandakı Fransa səfirliyinə təyin olunacaq hərbi attaşenin birbaşa funksiyası birbaşa Ermənistana gətirilən silahların koordinasiyası, istifadə imkanlarının öyrənilməsi, təlimlər, seminarlar və s. fəaliyyəti özündə birləşdirir. Bu, həm bizim milli maraqlarımıza ziddir, həm də regionda yeni revanşist meyllərin artmasına xidmət edəcək”.

Politoloq Fransanın regionla bağlı maraqlarını şərh edərkən qeyd etdi ki, Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi konfiqurasiyada Fransa yoxdur: “Fransa regional proseslərə təsir etmək imkanını itirib. Bu baxımdan regiondan mövqeləri güclənən Rusiya və Türkiyənin maraqlarını sarsıtmaq, onların regiondan sıxışdırıb çıxarmaq məqsədi aydındır. Eyni zamanda Fransa daxilində güclü erməni lobbisinin təsiri ilə pozucu, destruktiv addımlar bir-birini əvəzləyir. Fransanın humanitar yardım etməsi də təsadüfi deyil. Düşünürəm ki, humanitar yardım adı altında silah daşına bilər. Bir sıra ekspertlər 1988-ci ildə Spitakda baş vermiş zəlzələdən sonra Fransa və digər ölkələrin humanitar yardım adı ilə Ermənistana silah daşıdığını bildirirdilər. Bu baxımdan düşünürəm ki, Azərbaycan təhlükəsizliyi gücləndirməli, çağırışlara adekvat cavab verməlidir”.

 

 

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR