İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir”- Fəzail Ağamalı  

"Makron prezident seçildiyi gündən Azərbaycana qarşı gizli və aşkar şəkildə düşmənçiliyini ifadə edir. Fransa müxtəlif yollarla Ermənistanı himayə edir, beynəlxalq müstəvidə onun yanında olur, Azərbaycana qarşı qərəzli addımlar atır”.

Bu fikirləri millət vəkili Fəzail Ağamalı Musavat.com-a açıqlamasında deyib. O bildirib ki, qətnamə qeyri-obyektivdir: "Bu, Azərbaycana qarşı qərəzin ən açıq formasıdır. Bəlli olduğu kimi, işğal altında saxladığı dövrdə Qarabağı viran edən ermənilər hər zaman onların təcavüzkar və vandal siyasətinə irad bildirməyən Fransanın yanında olub.

ATƏT-in Minsk qrupunun həmsədri olduqda da faktiki olaraq məhz Ermənistanın işğalçılıq siyasətinə haqq qazandırmaq xətti götürərək Azərbaycanın torpaqlarını azad etmək uğrunda atdığı addımlarını bloklayıb. Bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Fransa da bunu həzm edə bilmir. Buna görə də Azərbaycanın bundan sonra atacağı addımları məhdudlaşdırmaq istəyir. Məhdud sayda Qarabağda yaşayan ermənilərə statusun verilməsinə nail olmağa çalışır. Beləliklə, gələcəkdə Ermənistanın təcavüzkarlıq xəttinə imkanlar açmaq istəyir. Bu, Makron və onun komandasının ikiüzlü, riyakar, həqiqəti göz önünə gətirmədən həyata keçirmiş olduğu siyasətdir. Fransa təkcə Azərbaycana deyil, Türkiyəyə qarşı da düşmənçilik siyasətini həyata keçirməkdədir. Səbəb Makronun Türkə qarşı olmasıdır. Qətnamənin hüquqi əsası olmasa da, siyasi baxımdan təsirləri var. Mübarizəni davam etdirmək lazımdır. Ölkə prezidentinin qətiyyətli mövqeyi, müdrik xarici siyasəti, mahir diplomatik bacarığı və xalqımızın dövlətlə birliyi bütün bu məkrli addımları bloklaya biləcək.

Bu qətnamənin müəllifi Makrondur. Biz Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Şurasında- ən müxtəlif platformalarda qətnamədə əksini tapan fikirlərin gündəmə gəlməsinin şahidi olacağıq. Fransa parlamentariləri bu məsələləri qaldıracaqlar. Bizim müvafiq qurumlarda təmsil olunan deputatlarımız mübarizəyə hazır olmalıdırlar. Təkcə özləri deyil, digər ölkələrin nümayəndələri ilə də ciddi danışıqlar aparılmalı, onların Fransanın yanında yer almasına imkan verilməli deyil. Hər halda Fransa bu niyyətləri ilə Cənubi Qafqazda mövqelərini Ermənistan vasitəsilə gücləndirməyə çalışacaq. Unutmaq lazım deyil ki, bu iki ölkə arasında uzun illərdir formalaşan ənənəvi münasibətlər var. Bu baxımdan situasiyanı ciddi qəbul etmək lazımdır".

Millət vəkili həmçinin, qeyd etdi ki, Fransanın bu cür addımlarına hər zaman ölkə başçısı səviyyəsində qətiyyətli cavab verilib, bundan sonra da veriləcək: "Cəmiyyət də dövlətə dəstək olmalıdır. Həm Fransa, həm İran, həm də Ermənistana qarşı mübarizə mövqeyini ortaya qoymalıyıq. Təəssüf ki, Azərbaycanda dövlətə, millətə xəyanət edən ünsürlər, anti-milli qüvvələr bu gün Fransanın yanındadırlar. Sentyabrda Azərbaycana qarşı Ermənistanın sərhədboyu törətdiyi təxribatların qarşısı alınanda satqın şəxslər Azərbaycanı ittiham etdilər. Bu gün də onların səsi gəlməkdədir. Cəmiyyət də onları tanıyır və qətiyyətli mövqe göstərir".

Nigar HƏSƏNLİ,
Müsavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR