Onlayn ictimai-siyasi qəzet
Fransa-Azərbaycan münasibətlərində yeni dönəm: geosiyasi dinamikalar və arxa qapı diplomatiyası
Avqust ayının əvvəllərində Fransanın Azərbaycana yeni səfir təyinatı, iki ölkə arasında son dövrlərdə müşahidə olunan münasibətlərin tənzimlənməsi səylərinin daha dərin mərhələyə keçdiyindən xəbər verir. Rəsmi Parisin Cənubi Qafqaz siyasətində Azərbaycanın çəkindirmə qabiliyyətini yeni prizmadan qiymətləndirməsi, regional reallıqlara adaptasiya niyyətini göstərir. Fransa, əvvəlki ritorikasından fərqli olaraq, Bakı ilə münasibətlərdə daha çox arxa qapı diplomatiyasına və strateji balansı qorumağa üstünlük verir.
Siyasi analitik Aqşin Kərimov mövzu ilə bağlı Musavat.com-a deyib ki, Fransa Azərbaycanın Cənubi Qafqazdakı çəkindirmə qabiliyyətinin əhəmiyyətini daha bir neçə faktla müşahidə etdi: “Həmin faktları əsasən iki ümumi yanaşma ilə təqdim etmək olar: Azərbaycan ABŞ Prezidenti Donald Trampın prezidentliyi dövrü üçün beynəlxalq nizamı gözləyən proseslərə cavab olaraq geosiyasi qüvvəsini yenilədi, Azərbaycan 12 günlük İsrail-İran müharibəsinin yaratdığı geosiyasi yerdəyişmələrin müşayiətində xarici siyasət strategiyasını daha təkmil şəkildə strukturlaşdırdı.
İsrailin Azərbaycanla Fransa arasındakı münasibətlərdə tənzimləyici mexanizmlərlə çıxış etməsi məlumatları qeyd olunan proseslərdən kənarda deyil. Ehtimal ki, İsrail Fransa və Azərbaycan arasında yeni münasibətləri müəyyənləşdirmək, eləcə də bunun regional yerini nümayiş etdirmək üçün yola çıxmışdı. Lakin buradan üç sual ortaya çıxır: İranla müharibədən əvvəl İsrailin bu səyləri onun Avropa və Qafqazdakı təsirlərində hansı strateji kodları açmağa hesablanmışdı? Bu məsələdə Fransadakı yəhudi lobbilərinin təsirləri hansı səviyyədə idi? Türkiyə bu gedişatda hansı nöqtədə dayanır? Bu suallara orijinal fikirlərlə həqiqi yanaşmalar tapmaq, onun pərdəarxası dərin məqamları barədə fikir yürütmək üçün insayder məlumatların olması şərtdir”.
Siyasi analitik qeyd edir ki, Fransa Prezidenti Emmanuel Makron Rusiya-Azərbaycan münasibətlərinin gərginləşdiyi vaxt rusiyalı həmkarı Vladimir Putinə zəng etdi: “Ehtimalla, cənab Makron müzakirələr zamanı Bakı-Moskva gərginliyindən istifadə edərək regionda Fransanı “prosesin qalibi” etməyə çalışan sınaq testini Putinlə yoxlayıb. Hərçənd ki, bu dəfə Makron Azərbaycanın da strateji maraq və reallıq yaratmaq imkanlarını nəzərə alıb. Yekunda isə, Fransa səssizdir, Azərbaycan-Ermənistan münasibətlərindəki Vaşinqtonda əldə edilmiş razılıqlara qarşı gediş edəcək əlamətlər nümayiş etdirmir. Bu onu deməyə əsas verir ki, Fransa ilə Azərbaycan arasında arxa kanal diplomatiyasında, kəşfiyyat elitası səviyyəsində intensiv danışıqlar gedir, Fransa Vaşinqtonda razılaşdırılmış Zəngəzur dəhlizinə (“Tramp marşrutu”) qoşulmaq və iqtisadi iştirakçı olmaq imkanları axtarır, Azərbaycanla Fransa hər iki ölkə prezidentinin – İlham Əliyevlə Emmanuel Makronun – danışıqları üçün uyğun vaxt və məkan müəyyən etmək üçün səylərini birləşdirib”.
Afaq Mirayiq,
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ