İnsanlara hürriyət, millətlərə istiqlal!

FHN-dəki kabinetində intim video çəkən polkovniklə bağlı yeni məlumatlar– VİDEO


Zərərçəkənin vəkili: “Burada aldadılma var!”

Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli şəkildə lentə almaqda ittiham olunan polkovnik Zaur Mirzəyevin məhkəməsi davam edir. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olmuş Zaur Mirzəyev Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

43 yaşlı Zaur Mirzəyev haqqında cinayət işində gizli şəkildə videosu çəkilən 2 qadınla yanaşı, FHN də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.

4 aydır həbsdə olan Zaur Mirzəyev onunla bağlı aparılan istintaqdan narazıdır. Hesab edir ki, araşdırmalar obyektiv və hərtərəfli getməyib. Vəkili məhkəmədə vəsatət qaldırıb ki, cinayət işi təkrar araşdırma üçün istintaqa geri qaytarılsın. Lakin vəsatət təmin olunmayıb. Polkovnikin vəkili deyib ki, əgər məhkəmə bu işə baxacaqsa, o halda, proses qapalı keçirilsin. Çünki bu işdə şəxsi həyata aid məqamlar var. Amma zərərçəkmiş qismində tanınan qadınlardan birinin nümayəndəsi bunun əleyhinə çıxıb. Vəkil Yasər Abdullayev deyir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra nümayəndəsi olduğu şəxs haqqında ictimaiyyət arasında mənfi fikirlər formalaşıb. Ona görə məhkəmə prosesinin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirlər.

Lakin Məhəmməd Əkbərovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, bu cinayət işinə qapalı şəkildə baxılmalıdır.

Dekabrın 21-də keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub. Zaur Mirzəyev ittiham üzrə özünü təqsirli bilməyib. Ardınca zərərçəkən A.N sərbəst ifadə verib. Bundan sonra məhkəmə yanvarın 11-nə qədər təxirə salınıb. Növbəti prosesdə digər zərərçəkən və şahidlər dindiriləcək.

İş üzrə zərərçəkən A.N-nin vəkili Yasər Abdullayev “Yeni Müsavat”a deyib ki, o və hüquqlarını müdafiə etdiyi şəxs məhkəmənin açıq keçirilməsi tərəfdarıdırlar.

“Məhkəmənin ona görə açıq keçirilməsini istəyirik ki, istintaq dövründə bu işlə bağlı cəmiyyətə məlumat verilmədi. Bu olayla bağlı informasiya kirliliyi var, yalan məlumatlar yayılıb. Müdafiə etdiyim A.N-nin hüquqları pozulub. Sosil həyatında neqativ dəyişikliklər baş verib. Ailəsi dağılıb, həyat yoldaşından boşanıb, övladları əlindən alınıb. Burada aldadılma var. Videolardakı qadınların heç birinin o çəkilişlərdən xəbərləri omayıb. A.N bildirir ki,  Zaur Mirzəyevlə çox yaxşı münasibətləri olub, ailəvi dost olublar. Hansısa bir məqamda ailələrdə problem yarananda Zaur Mirzəyev bundan istifadə edib. Videolardakı qadınların birinin o birindən xəbəri olmayıb”.

Vəkil bildirib ki, müvəkkili hazırda ev-eşiyindən olub, sığınacaqda yaşamaq məcburiyyətindədir.

“Zaur Mirzəyev o videoları niyə çəkib və həmin videoları yayan kimdir” sualına vəkil belə cavab verib: “İstintaq dövründə o videolar niyə çəkilib sualına cavab verilməyib. Hazırda həmin videoların yayılması ilə bağlı ayrıca cinayət işi istintaq olunur”.

Sözügedən görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb. Bir neçə gün sonra – avqustun 17-də Zaur Mirzəyev həbs olunub. Ona qarşı CM-in 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cinayət işinin materiallarında iddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013-cü ildən 2019-cu ilin sonuna qədər xidməti tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb. Belə məlumatlar var ki, Zaur Mirzəyev ibtidai istintaqa video çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR