Onlayn ictimai-siyasi qəzet
Müğənni Təranə Qumral fəxri adlarla bağlı verdiyi açıqlama ilə diqqət çəkib. O, “Günə bax” verilişində deyib ki, ona fəxri adı pulla satmaq istəyiblər:
“Bir müddət əvvəl fəxri adlar pulla satılırdı. Deyirdilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək. Biz heç vaxt buna getmədik. Düşündük ki, dövlət nə zaman istəyər, onda da verər. Bu, qanun çərçivəsində olmalıdır. Titullar necə özbaşına verilə bilər?”.
Qumralın açıqlaması birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub.
Bəs kimlərdir fəxri adı satanlar? Mədəniyyət Nazirliyi bununla bağlı araşdırma aparıbmı?
Musavat.com mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlayıb. Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri
Aynur Kərimova bildirib ki, müğənninin dedikləri sadəcə sözlərdən ibarətdir:
“Bu xanımın bu formada dediyini biz nə əsasında və necə araşdıraq? Sadəcə sözdür. Əgər doğrudan fəxri adın ona satılacağı deyilibsə, uyğun orqana niyə müraciət etməyib? Amma mən yenə də araşdırılması üçün yönləndirərəm”.
Müğənni Nadir Qafarzadə də Musavat.com-a açıqlamasında bildirib ki, illər öncə ondan da pul istənilib:
“Fevral ayında 54 yaşım olacaq. Daha heç kimdən heç nə gözləmirəm, incik deyiləm. İncikliyim keçib. Məsləhət olmayıb ki, mənə fəxri ad verməyiblər. Heç kim məndən pul istəməyib. İllər öncə mənə də demişdilər ki, pul ver, adını siyahıya salaq. Hətta pulla alanlar da var. Pul veriblər, amma sonra pulunu qaytarıblar. Hazırda elə şeylər yoxdur. Təki canımız sağ olsun. Adımız olmasa da olar”.
Bəs fəxri adlar kimə və necə verilir?
Fəxri adlar Azərbaycan Respublikasının prezidentinin fərmanı əsasında verilir.
Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamədə deyilir:
Azərbaycan Respublikasının fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir.
“Əməkdar artist” fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio proqramları diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.
“Xalq artisti” fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər əməkdar artist və ya əməkdar incəsənət xadimi adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio proqramları diktorlarına verilir.
Könül İbrahim
Musavat.com
17 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ