İnsanlara hürriyət, millətlərə istiqlal!

Fərari rusların Gürcüstan yürüşü - Kreml bu ölkəni də qarışdıra bilər

Deputat: “NATO Rusiyanın sərhədlərində yerləşən bütün dövlətlərdə mövqelərini möhkəmləndirməyə çalışır”

Putin Rusiyada səfərbərlik elan edəndən dərhal sonra rus vətəndaşları ölkəni hava, quru, dəniz yolları ilə tərk edib canlarını qurtarmağa çalışdılar. Təyyarə biletləri fantastik qiymətə yüksəldiyindən ruslar daha çox Gürcüstan, Qazaxıstan üzərindən “aradan çıxırlar”.

Maraqlı hal odur ki, ruslar Rusiyanın illər öncə hücum etdiyi, ərazilərini tutduğu Gürcüstana pənah aparırlar.

Son məlumata görə, Rusiyadan Gürcüstana bugünədək yüz minlərlə rus keçib, hazırda Rusiya-Gürcüstan sərhədində 6000 minə yaxın nəqliyyat vasitəsi növbə gözləyir.

Qeyd edək ki, Rusiya vətəndaşlarının heç də hamısı Gürcüstanda qalmır, onlar buradan tranzit kimi istifadə edib, Türkiyəyə, bir çoxları isə oradan Şərqi Avropaya üz tutmağa çalışırlar. 

İddialara görə, Gürcüstana girən Rusiya vətəndaşlarına Gürcüstanın ərazi bütövlüyünü tanıdıqlarına, Şimali Osetiya, Abxaziyanın Gürcüstana aid olmasına dair sənəd də imzalatdırılır.

Bəzi şərhçilər Gürcüstanın Rusiyadan qaçan fərarilərə bu şəkildə qucaq açmasının Kremldə qıcıq yaratdığını və bu səbəbdən Gürcüstanı qarışdırmaq planı qurulduğunu iddia edirlər.

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın sentyabrın 27-də Gürcüstana təcili səfəri də bu təhlükə ehtimalını gücləndirir.

X.Kolomina səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Gürcüstan Prezidentinin administrasiyasının yaydığı məlumatda bildirilib ki, tərəflər NATO-Gürcüstan əlaqələri, regionda yaranmış təhlükəsizlik mühiti və Qara dənizin təhlükəsizliyinə dair müzakirə aparıblar.

Rusiya Gürcüstanı qarışdıra bilərmi? İndiki vaxtda bu ona lazımdırmı?

Bu suallarla ekspertlərə müraciət etdik.

Azər Badamov: “Yaxın illərdə idxaldan asılılığımız xeyli azalacaq”

Azər Badamov

YAP-çı deputat Azər Badamov Rusiyanın başının dərddə olduğunu söylədi: “Rusiyada elan olunmuş qismən səfərbərlik 100 minlərlə insanın ölkədən qaçmasına gətirib çıxarıb. Rusiyanın qonşu dövlətlərlə  quru sərhəd keçid məntəqələrində kilometrlərlə uzun tıxaclar əmələ gəlib. O cümlədən Gürcüstanla sərhəddə yerləşən Lars keçid məntəqəsində 30 km uzunluqda tıxac yarandığı haqqında məlumatlar verilir. Qismən səfərbərlik elan olunandan sonra Gürcüstan ərazisinə 100 minə yaxın rus vətəndaşı daxil olub. Təbii ki, əksər rus vətəndaşları Gürcüstanı tranzit ölkə kimi istifadə edirlər və oradan Avropa ölkələrinə üz tuturlar. Gürcüstan dövlətinin rusiyalı fərarilərə qucaq açmasının Kremldə qıcıq yaratdığını və bu səbəbdən Gürcüstanı qarışdırmaq planı qurulduğunu iddia edirlər. Amma bu iddianın heç də reallığı əks etdirdiyini düşünmürəm. Çünki bu gün Rusiya öz ölkəsində başına çarə edə bilmir. Həm də Rusiyadan qaçan fərarilər ancaq Gürcüstan vasitəsilə qaçmırlar. Qazaxıstan ərazisinə keçən rusların sayı heç də Gürcüstandan az deyil. Həm də Gürcüstanda Rusiyayönümlü İvanişivilinin partiyası hakimiyyətdədir.  NATO Baş Katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndəsi  Xavyer Kolominanın 27 sentyabrda Gürcüstana təcili səfəri isə NATO-Gürcüstan əlaqələrini gücləndirmək və regionda Rusiyanın təsirini  azaltmağa hesablandığını hesab edirəm. Bu gün NATO Rusiyanın sərhədlərində yerləşən bütün dövlətlərdə mövqelərini möhkəmləndirməyə çalışır  və məqsədi də Rusiyanı dünyadan təcrid etməklə gücsüzləşdirməkdir. Kolomanın Gürcüstana təcili səfəri və dövlət rəhbərləri ilə görüşlərin keçirilməsi də NATO-nun regionda həyata keçirmək istədiyi planın tərkib hissəsi olduğunu hesab edirəm”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini – Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev 

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev bir çox vacib məqamlara aydınlıq gətirdi: “Rusiyanın səfərbərlik qərarından sonra insanların təcili şəkildə ilk növbədə viza tələb olunmayan ölkələrə üz tutması onun göstəricisidir ki, əhalinin böyük əksəriyyəti rəsmi Kremli Ukrayna müharibəsində dəstəkləmir və bu səbəbdən hərbi əməliyyatlarda iştirak etmək istəmirlər. Sadəcə qorxduqlarından bunu açıq bildirə bilmirlər. Həmçinin onu da vurğulamaq lazımdır ki, Gürcüstana gələnlərin bir hissəsi bu ölkədə yaxınları və qohumları yaşayan Rusiya vətəndaşları olan etnik gürcülərdir. Amma aralarında kifayət qədər rusların olduğu da şübhəsizdir. Yəni Gürcüstana gələnlər Abxaziya və Cənubi Osetiyanı Gürcüstan ərazisi kimi tanıdıqlarına dair sənəd imzalamasında heç bir kompleks yaşamayacaqlar və bu addımı rahatlıqla atacaqlar. Amma bir təhlükəli məqam var ki, Rusiya xüsusi xidmət orqanları ölkəni tərk edən insanların arasında öz əməkdaşlarını, agentliklərini rahatlıqla Gürcüstan ərazisinə göndərə bilərlər ki, sonradan onların vasitəsilə hansısa işlərin görülməsinə cəhd etsinlər. Kimsə deyə bilər ki, Ukrayna ilə müharibənin gərginləşdiyi bir dövrdə, iqtisadi, siyasi sanksiyalardan əziyyət çəkən bir vaxtda Rusiya Gürcüstanda nədən yeni gərginlik ocağının yaranmasını istəsin? Amma məsələ ondadır ki, Ukraynaya hücumdan xeyli əvvəl hamı deyirdi ki, Rusiya hərbi əməliyyatlara başlasa, bu onun üçün çox ağır nəticələrə gətirəcək. Amma bu addımı atdı. İndi də kim təminat verər ki, Gürcüstanda nə vaxtsa hansısa təxribatlara getməyəcək. Ümumiyyətlə, bu təcrübə bütün dünyada mövcuddur. İndiyədək çoxlu sayda faktlar olub ki, Yaxın Şərqdən Avropaya qaçqın kimi köç edən insanların arasında xeyli sayda terror təşkilatı nümayəndələri, xüsusi xidmət orqanları əməkdaşları olub. Bir az da geri baxsaq eyni təcrübə 90-cı illərdə keçmiş Yuqoslaviyanın parçalanması zamanı yaşanan köç vaxtı da olmuşdu. Yəni Gürcüstanla və digər ölkələrlə bağlı ehtimal olunan təhlükələrə ciddi yanaşılmalıdır. Bildiyim qədər Gürcüstan xüsusi xidmət orqanları bu məsələ ilə bağlı gücləndirilmiş iş rejiminə keçiblər və imkan daxilində sərhəddi keçən insanların Gürcüstanda ləngiməyib digər ölkələrə getməsində maraqlıdırlar. Amma görünən odur ki, kifayət qədər insan Gürcüstanda qalmaqla bağlı qərar verəcək. Çünki orada vizasız qalma müddəti digər ölkələrə baxanda daha uzunmüddətlidir ( məsələn, Azərbaycan daxil çox ölkələrdə bu müddət 3 aydır), yaşamaq nisbətən ucuzdur və dil və din məsələsində də ciddi problem yoxdur. Gürcülərin əksəriyyəti rus dilində danışa bilirlər”.

Qarabağ böyük regionda balaca bir oddur - Azər Hüseynov | Hafta.az

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov isə bildirdi ki, Rusiyadan Gürcüstana qaçqın axını humanitar bir faciədir: “İnsanlar heç bir məna olmadan ölmək istəmir. Müharibə vaxtı fərari axını hər yerdə müşahidə edilir. Ona görə biz gənclərimizə, qazi və şəhidlərimizə minnətdar olmalıyıq. Xalqımıza minnətdar olmalıyıq. Az qala balaca balalar da savaşmaq istəyirdi. Rusiyadan qaçqın axını içərisində Gürcüstana kriminalların və eləcə də xüsusi xidmət orqanı işçilərinin keçməsi də mümkündür. Necə ki, Avropaya Suriya qaçqınları içərisində insanlıq əleyhinə cinayətlərdə adı keçən yüzlərlə adam keçmişdi. Onların bir qismi ifşa edildi. Eyni ssenari Gürcüstanda da ola bilər. Bu mənada gürcü hökumətinin narazılığı başa düşüləndir. Bu qədər insan hətta tranzit olaraq keçirsə, yenə də içində hər cürü ola bilər. Rusiya Gürcüstanı qarışdıra bilərmi? Bu suala gəldikdə gürcü hökuməti açıq bir şəkildə anti-Rusiya əhvalı ifadə etmir. Edərsə, təbii ki mümkündür. İndi ona görə əslində koordinasiyalı çalışmaq lazımdır, Türkiyə, Azərbaycan, Gürcüstan və digər tərəfdaşlar. Avropada bilirlər ki, Gürcüstan özündə bu qədər insan saxlaya bilməz. Ona görə bu səfər də ”görək nə edirik" tərzindədir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR