İnsanlara hürriyət, millətlərə istiqlal!

Fəlsəfə üzrə 526 alim, astronomiya üzrə “sıfır” - səbəblər

Ekspert: “Plagiat alimlərin ucbatından Azərbaycan elmi dünyada ciddi qəbul edilmir”

Ötən il 526 nəfərə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu barədə Ali Attestasiya Komissiyası məlumat yayıb. Ən çox elmi dərəcə 156 olmaqla filologiya elmləri üzrə verilib. Mexanika, astronomiya, antropologiya, memarlıq üzrə isə ötən il fəlsəfə doktoru dərəcəsi alan olmayıb. Səbəbi nədir? Niyə bu cür vacib sahələr üzrə elmi işlərə müraciət edən yoxdur? Bu qədər fəlsəfə üzrə doktor kimə və nəyə lazımdır? 

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, SSRİ dağıldı, onunla birgə köhnə sistemin qalıqları da zamanla sıradan çıxmaqdadır: “2004-cü ildən sonra Gürcüstan bu elmi adlar modelindən tamamilə imtina edərək, ABŞ modelinə keçib.

 Belə ki, “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri ləğv edilib və ölkədə vahid elmi dərəcə - “doktor” (PhD) - müəyyən edilib. Əvvəlki dövrdə “elmlər namizədi” və “elmlər doktoru” elmi dərəcələri alanların da elmi dərəcələri “doktor” ilə əvəz edilib. Əvvəlki elmi adlar da tamamilə ABŞ sisteminə uyğunlaşdırılıb və yeni sistemdə “assisent”, “assisent professor”, “assosiativ professor” və “professor” elmi adları (vəzifələri) müəyyən edilib. Bunlarla yanaşı, fəxri elmi adlar olan “fəxri doktor” və “emeritus”un da verilməsi nəzərdə tutulub. 

Aparılan islahatların ikinci mühüm istiqaməti isə Ali Attestasiya Komissiyasının ləğv edilməsi, onun elmi dərəcə və elmi adların verilməsi ilə bağlı bütün səlahiyyətlərinin ali təhsil müəssisələri və elmi təşkilatlara ötürülməsi olub. Belə ki, hazırda Gürcüstanda elmi dərəcə və elmi adların verilməsinin əsas şərtləri “Ali Təhsil Haqqında” (2004) qanunda təsbit edilmiş, ali təhsil müəssisələri və elmi təşkilatlar isə bu şərtlərə özlərinin də əlavə şərt müəyyən etmək hüququ ilə elmi dərəcə və adları verirlər".

Kamran Əsədov əlavə edib ki, hazırda xeyli bilikli, savadlı insanlar var, alimlik dərəcəsi ala bilmirlər: “İllərlə Milli Elmlər Akademiyasının yollarında, institutlarında süründürülür. Nəyə görə? Axı kənardan izləyən hər bir normal vətəndaş bilir ki, savadlı insan, biliyinə güvənən alim rüşvət verməz. Buna görə də bilik səviyyəsi güclü olan çox alimlərimiz alim adını ala bilmir. Lakin təzada baxın ki, çoxlarının biliyinə şübhə etdiyi, açıq-aşkar hətta “primitiv savadı olan biridir” deyə münasibət bildirdiyi insan alimlik dərəcəsi ala bilir.

Hələ sovet dövründən Elmlər Akademiyasının ayrıca bir quruma çevrilib təhsildən uzaqlaşması elm və təhsilin vəhdətini pozmuş, xüsusilə gənclərin elmi proseslərə qoşulmasına sədd çəkib. Halbuki dünyanın bir çox inkişaf etmiş ölkələrində elmi-tədqiqat mərkəzləri məhz universitetlərin nəzdində fəaliyyət göstərir. Ona görə də tələbələr çox erkən elmi yaradıcılığa cəlb olunur. Bugünkü hər bir referat özündə sabahkı geniş tədqiqatın rüşeymini daşıyır. Təəssüf ki, ölkəmizdə bu məsələ olduqca yarıtmaz vəziyyətdədir. Hesab edirəm ki, elmimiz qarşısında duran əsas problemlərdən biri dissertasiya mövzularının düzgün seçilməməsi ilə bağlıdır. Elmi əsərlərin yeniliyinin düzgün anlaşılmaması bir çox hallarda elmi tədqiqat əvəzinə ortaya tərtibat və tərcümə əsərlərinin çıxması və bu əsərlərin də dissertasiya kimi müdafiə edilməsi ilə  nəticələnir. Bəzən dəfələrlə işlənmiş mövzular yeni ad altında təqdim olunur, dissertant elmə heç bir yenilik gətirmədən deyilən fikirləri təkrarlayır. Təəssüflər olsun ki, bu cür dissertasiyalar bəzən heç bir çətinliklə üzləşmədən uğurla “müdafiə edilir”. Azərbaycan elmində, xüsusilə humanitar sahədə “bu mövzu Rusiyada və yaxud ərəb ölkələrində işlənib, Azərbaycanda isə işlənməyib” arqumenti hökm sürür. Nəticədə dissertasiya işi elə həmin əsərlərin tərcüməsinə çevrilir". 

Ekspert onu da qeyd edib ki, elmimizə xas digər bir bəla plagiatdır: “Bəzən nəinki xaricdə yaşayan alimlərin əsərləri oğurlanır, hətta bir institutda, bir şöbədə, bir kafedrada işləyənlərin öz həmkarlarının zəhmətinin məhsuluna yiyələnməsi də baş verir. Eləcə də dünyasını dəyişmiş alimlərin haqqı da layiqincə qorunmur. Buna görə də müəllif haqları məsələsi bir daha gündəmə gəlməli, plagiatla məşğul olanlar cəzalanmalıdır.

Plagiat problemi elm sahəsində digər ağrılı məsələni - həmmüəlliflər məsələsini ortaya gətirir. Məsələ burasındadır ki, plagiatla məşğul olan başabəla alimlər özlərini sığortalamaq üçün bəzən nüfuzlu şəxsləri özlərinə həmmüəllif olmağa razı sala bilirlər. Bununla da onlar bir tərəfdən oğurluqlarının üstünün açılmasının qarşısını alır, digər tərəfdən isə başqasının zəhməti hesabına özlərinə arxa, himayədar qazanırlar. Halbuki dünya praktikasında həmmüəlliflər tərəfindən yazılan əsərlərdə hər bir kəsin yazdığı fəsil, bölmə ayrıca göstərilir.

Hesab edirəm ki, başqa bir müəllifin adını göstərmədən onun elmi işindən, monoqrafiyasından istifadə edib özününkü kimi təqdim etmək elmi etikaya tamamilə ziddir. 

Danılmazdır ki, bu gün yüksək vəzifə tutan kifayət qədər elmi dərəcəsi olanlar var. Amma onlar arasında elmi tədqiqat işindən xəbəri olmayanlar da az deyil. Bu, elmin inkişafına təkan verə bilməz. Bu yolla Azərbaycan elmi nüfuz qazana bilməz.  

Çox təəssüflər olsun ki, gənclərin elmə gəlməsinə, faydalı elmi-tədqiqat işləri aparmasına belələri ciddi şəkildə maneə olur. Bu gün plagiat alimlərimiz ucbatından Azərbaycan elmi dünyada ciddi qəbul edilmir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR