İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafaya sui-qəsdlə bağlı yeni xəbərlər

 Deputatı ölümlə hədələyən şəxsin qardaşı məhkəmə qarşısına çıxarılır; həbs edilən şəxslərin hər biri törətdikləri əməli etiraf edib

Dövlətə xəyanətdə ittiham olunan Həsən Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi üzrə materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Siyavuş Hacıyevin icraatındadır. Məhkəmənin hazırlıq iclası avqustun 25-nə təyin edilib.

Həsən Hüseynov İranda gizlənərək deputat Fazil Mustafanı terrorla öldürəcəkləri barədə təhdid ünvanlamış Hüseyn Hüseynovun qardaşıdır. Həsən Hüseynov Tural Məmmədova İran xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib. Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə hava məkanında obyektlərin hərəkət trayektoriyası müşahidə edən İrandan göndərilmiş xüsusi qurğu ilə həbs edilib.

Fazil Mustafa bugünlərdə mediaya açıqlamasında deyib ki, həbs edilən şəxslərin hər biri törətdikləri əməli etiraf edib: “Bütün detallar demək olar ki, aydınlığa qovuşub. Dəymiş maddi və mənəvi ziyan müəyyənləşib. Müəyyən detalların tam araşdırılması gedir. Çünki bu xəttin uzantısı birbaşa İrana gedib çıxır. İrandan planlaşdırılmış hərəkatdır. Bu hərəkatın əməlləri ölkəmizdə olan xainlərin əli ilə həyata keçirilib”.

 F.Mustafa bir neçə ay sonra işin məhkəməyə göndərilə biləcəyini söyləyib: “Yeri gəlmişkən, qeyd edim ki, ölkədə hər hansı məzhəb görüntüsü adı altında çox sayda İran xüsusi xidmət orqanları tərəfindən ələ alınmış insanlar var. Cəmiyyətimiz olduqca ehtiyatlı olmalıdır. Onlar dinçi görüntüsü ilə xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirən şəxslərə çevriliblər. Vətən xaini olmaq rolunu özlərinə qəbul etdiriblər. O baxımdan da bu məsələdə ciddi həssaslığa ehtiyac var. Yəqin ki, bir neçə ay sonra artıq istintaq yekunlaşıb məhkəməyə təqdim olunacaq.  Hər halda, ümumi hüquq proseduru bunu göstərir ki, müəyyən müddət var. Müəyyən müddət başa çatdıqda iş məhkəməyə göndəriləcək”.

Yada salaq ki, bu ilin mart ayının 28-də saat 21:51-də deputata yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR