İnsanlara hürriyət, millətlərə istiqlal!

Fazil Mustafadan Prezidentin çıxışına REAKSİYA: “Kadrların əhəmiyyətli hissəsi öz yerində deyil...”  

“Gədəbəy hadisələri ilə bağlı ölkə Prezidentinin mövqeyini hərtərəfli incələdikdə görürsən ki, ölkə başçısı  ətraflı məlumat aldığı bütün sahələrdə çox ciddi addımlar atmağa qərar verir və burada müəyyən problemlərin aradan qalxması üçün bütün imkanları səfərbər edir. Söyüdlü məsələsində də belədir”.

Bu barədə Musavat.com-a Milli Məclisin deputatı Fazil Mustafa açıqlama verərkən deyib. “Anlaşılan odur ki, məsələnin mahiyyəti ilə bağlı müvafiq qurumlar ölkə Prezidentinə lazımi məlumatı verməyiblər,  məlumatlar gizlədilib. Bu məlumatların da gizlədilməsi ona səbəb olub ki, hadisələr geniş masştabda təxribat xarakteri almağa başlayıb”, -deyə millət vəkili əlavə edib. O qeyd edib ki, xüsusilə də bir-iki polisin səhvindən istifadə edərək müəyyən təxribat törətməyə və onu sosial şəbəkələrdə tirajlamağa çalışan qüvvələr bunu qarışıqlıq amili kimi göstərməyə çalışıblar: “Amma polisin burada dövlət mənafeyini qoruması, eyni zamanda polisə qarşı daşların atılması, təxribat yaradılmasına daha soyuqqanlı cavab verməsi təqdir olunan bir hadisə kimi vurğulanır. Dövlətin də öz polisinin arxasında olduğu bildirilir. Eyni zamanda, dövlətin həm də vətəndaşı qoruduğu göstərilir. Hər hansı xarici şirkətin ekoloji tarazlığı pozmağa, ekoloji vəziyyətlə bağlı problem yaratmağa haqqı yoxdur. Bu məsələ üzərində də çox ciddi müzakirə açılmalıdır. Çünki Prezident əslində, bunu diqqətə çatdırdı ki, təkcə Söyüdlüdən söhbət getmir. Bütün sahələrdə bu cür özbaşınalıq hökm sürürsə, buna qarşı müəyyən addımların atılması olduqca vacibdir. Bu məsələdə kimin istefa verib-verməyəcəyi bəlli deyil.

Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Amma kadrların əhəmiyyətli hissəsi öz yerində deyillər. Fikrimcə, bu amil problemlərin yaranmasının əsas səbəbidir. Çünki hər bir qurumun öz əsasnaməsi var. Hər bir qurum əsasnamədə yazılan müddəalara olduğu kimi əməl etsə, vaxtında monitorinq aparsa, vaxtında vətəndaşların narazılığına səbəb olan məsələləri bir-bir izah edərək diqqətə çatdırsa, heç bu qədər narazılıqlar da olmazdı, insanların da əsəbləri bu qədər gərilməzdi. Bu qurumlar öz vəzifə borcunu layiqincə yerinə yetirməyiblər. Prezidenti də məlumatlandırmadıqlarına görə, bu məsələ böyüyüb, təxribatçı ünsürlər üçün də göydəndüşmə fürsət yaradıb. Bu, digər məsələlərə də yeni baxış bucağını formalaşdırmaq üçün bir əsas verdi. Bu istiqamətdə təsiredici addımların atılması gözləniləndir”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəyin Söyüdlü kəndində baş verən məlum olayla bağlı danışıb. O, məsələyə dair tam obyektiv bir mövqe sərgliləyib. O, Gədəbəydəki olaylarla bağlı ən incə detallara qədər məsələni öyrənib. Bu məsələdə günahı olan hər kəsin də cəzalanacağının anonsunu vermiş olub.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR