Onlayn ictimai-siyasi qəzet
Yay mövsümünün olmazsa olmazlarından biri də gün eynəkləridir. Günəşin göz qamaşdıran şüaları eynək taxmağa vadar edir. Kimisi gözlərini qorumaq üçün, kimisi də tərzini tamamlamaq üçün gün eynəyi taxır. Xüsusən də xanımlar eynəkləri təkcə günəşdən qorunmaq üçün deyil, bir aksesuar kimi də seçirlər.
Musavat.com-un əməkdaşı olaraq, bu yay mövsümündə Bakının müxtəlif yerlərində gün eynəklərinin qiymətlərini, keyfiyyətlərini və ən əsası, gözlərimizə nə qədər xeyir və ya zərər verdiyini araşdırmaq üçün paytaxtda bir neçə ticarət nöqtəsinə baş çəkdik.
Səfərimiz metro keçidlərindən başlayır. Kosmetika və aksesuar mağazalarında, eləcə də yeraltı keçidlərdə gün eynəkləri bol çeşiddə düzülüb: fərqli çərçivələr, parlaq rənglər, cazibədar formalar...
Burada 10-13 manatdan başlayan qiymətlərlə eynək almaq mümkündür. Ən bahalı eynəklər isə 30 manata qədər yüksəlir.
Satıcılardan biri deyir:
“Ən çox satılanlar polaroid və orqanik şüşəli eynəklərdir. Polaroid 25 manatdır, orqanik olanı 20 manat. Amma 13-14 manatlıq da var. Mən özüm onları taxanda başım gicəllənir, ürəyim bulanır. Amma müştəri alır. Elə bahalı mağazalarda da bəzən bu eynəklər satılır. Biz özümüz də hardan gəldiyini bilmirik. Azərbaycanda nə istehsal olunur ki, bu da olsun?”
Digər mağazada satıcı açıq etiraf edir ki, eynəklərin keyfiyyəti barədə bilgisi yoxdur:
“Ən çox qadınlar alır. Çox vaxt başlarına keçirirlər, elə bil tacdır. Gözəllik üçün, dəb üçün. Əsas odur, yaraşsın”.
Əldə etdiyimiz məlumatlar təkcə görüntü ilə kifayətlənmədi. Növbəti dayanacağımız optik mağazalar oldu. Burada isə vəziyyət bir qədər fərqlidir – həm qiymət, həm də yanaşma baxımından.
Türkiyə istehsalı optik eynəklər 35-39 manatdan başlayır. Avropadan gələn brend eynəklər isə 130-300 manat arasında dəyişir.
“Zəif görənlər üçün rənglənən eynəklər də var. Əgər rəngləyici əlavə olunarsa, qiymət 45 manata qalxır. Yaxşı polaroidlərimiz isə 65 manatdan başlayır. Biz insanlara həmişə deyirik: gözünüz qiymətə deyil, keyfiyyətə layiqdir. Optikadan alınan eynəklər zərər verməz”, - satıcı bildirir.
Digər bir satıcı İtaliya və Türkiyədən gətirilən məhsulları təqdim edir:
““Vogue”, “Armani”, “Gucci”, “Calvin Klein” – ən ucuzu 250-300 manatdır. Gözləri günəşə qarşı çox həssas olanlar üçün polaroidlər uyğundur. Amma biz Afrikada yaşamırıq axı. Azərbaycanda o qədər gün yoxdur deyə, insanlar daha çox görünüş üçün alır”.
Ticarət mərkəzlərində isə gün eynəkləri əsasən 50 manatdan başlayır. Lakin buradakı məhsulların brend olub-olmaması, keyfiyyəti barədə satıcılar birmənalı fikir bildirmirlər. Bəziləri “modaya uyğundur”, digərləri isə “bəxtiniz gətirsə, yaxşısıdır” deyə yanaşır.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə daha sərt danışır:
“79 yaşlı şəxs olaraq mən heç vaxt gün eynəyi taxmamışam. Gözümün görmə qabiliyyəti 100 faizdir. Düz günəşə baxa bilirəm. Allahın yaratdığı hər şey mükəmməldir. İnsanın gözü günəşlə təmizlənməlidir. Mən gün eynəyindən istifadənin əleyhinəyəm. Qış aylarında, buldulu havada Azərbaycan qadınları avtomobildə eynək taxırlar. Bu, lovğalıq və özünü kiməsə göstərməkdir. Buna bənzər çox şeylər var ki, biznes baxımından icad olunub. Bir çox dünya ölkələrində də gün eynəkləri harada gəldi satılır.
Gün eynəklərinin standarta uyğun olanı da var, olmayanı da. Alıcılar bilməlidir ki, brend olan eynəklərin xüsusi testləri olur. Məsələn, polaroid eynəklərinin testlərində yol şəkli, avtomobil var ki, həmin eynəyi geyinərkən adi gözlə görünməyən bu cisimlər görünür. Testləri olmayan eynəklər keyfiyyətsiz eynəklərdir.
İstehlakçılar eynək alarkən onun məişət sertfikatını, testinin olub-olmadığını soruşmalıdırlar. Ümumiyyətlə, insanlar gün eynəklərini həkim məsləhəti ilə almalıdır. Digər brendlərin də özünəməxsus testləri var.
Azərbaycanda gün eynəkləri ümumiyyətlə, heç bir ekspertizadan keçmir. Kim nə istəyir müxtəlif ölkələrdən, xüsusən də Çindən standarta uyğun olmayan eynəklər gətirir. İnsanlara səslənirəm ki, gün eynəklərindən uzaq olsunlar, gözlərini kor etməsinlər. İnsan Günəşə açıq gözlə baxmaqdan həzz almalıdır”.
Oftalmoloq Kəmalə Mustafazadə da göz sağlamlığına önəm verilməsinin vacibliyini vurğulayır:
“Eynək alarkən mütləq UV400 və ya daha yüksək qoruyuculuq olmasına diqqət edin. Sertifikatı və etiketi olmayan eynəklər gözə zərər verir. Plastik şüşəli eynəklər ultrabənövşəyi şüalardan qorumur, əksinə, gözətrafı dəridə qırışların yaranmasına səbəb olur. Ən əsası - polarizasiya qabiliyyəti olmalıdır, çünki bu, göz üçün rahatlıq deməkdir”.
Günəşin gözlərimizi qamaşdırdığı yay günlərində eynək həm zərurət, həm də zinətdir. Amma seçim edərkən təkcə görünüşə və ya qiymətə aldanmamalıyıq. Gözümüz – bədənimizin ən həssas üzvü – “zövqlə” deyil, zəmanətlə qorunmalıdır.
Şahanə Rəhimli
Musavat.com
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ