İnsanlara hürriyət, millətlərə istiqlal!

Ey həkim...

“Kəndə molla gəlib, kim ölür, ölsün”

(Azərbaycan ata sözü)

Həkimlərimizə qarşı hücumlar artmış, onlar qarayaxma kampaniyası ilə üz-üzə qalmışlar. Sən demə. Doğrudur, bu hücumlar əsasən sosial şəbəkələrdə, media səhifələrində və telekanalizasiyalarda-zadda imiş. Şükür. Ancaq nigarançılıq yaranıb ki, sonra hücumlar real və türkün sözü, fiziksəl ola bilərmiş.

Bu münasibətlə bir qrup həkimin müraciəti də oldu. Onlar həbs edilən həmkarlarının müdafiəsi üçün alovlu çıxışlar etdilər. Bəziləri skalpel götürüb jurnalistləri cıracağını çatdırdı. Uroloq həkim Tik-tokda təbiblər haqda neqativ kadr yayanların böyrəyinə qoşa təpik qoydu. Ginekoloq bildirdi ki, loğmanlarımıza pis gözlə baxan jurnalistləri doğuzdurmayacaq. Qoy elə ana bətnində qalıb ölsünlər, parazitlər! Dəri-zöhrəvi həkimi hansı bəyanatı imzaladı, ta onu burda yazmayım, abrımız əldən gedər.

Qısası, qırğın-qiyamətdir. Deyirlər nə olsun hansısa əməliyyatda adam ölüb, buna görə həkimi tutmaq olarmı? Deyirlər saxta plastik cərrahlara görə bütün vicdanlı həkimlərə şər atmaq, peşəni ləkələmək yaraşmaz. Deyirlər, deyirlər... Bircə hələlik lor həkimlərinin səsi çıxmır.

Əlbəttə. Buna kim şübhə edir ki? Ancaq şanlı həkimlərimiz elə bil, sanki, mənə elə gəlir “kın” (rəhmətlik deputatımız demişkən) bir qədər gecikiblər. Qarı çoxdan şey olub, qapı da bağlanmaq üzrədir. Cəld sivişmək lazımdır, yoxsa quyruq qapı arasında qalar.

Burda möhtərəm Martin Niemöllerin çox məşhur, aforistik məktubunu təzədən yazıb başınızı ağrıtmaq istəmirəm, bircə cümləsi bəsdir: “Onlar məni aparmağa gələndə, buna etiraz edəcək kimsə qalmamışdı”. Vəssalam. Bütün məsələ burdadır.

Dünən Bakı-Tiflis qatarının bərpa olunacağı haqda xəbər oxuduq. May ayında belə fantastik, nağılvari hadisə gözlənilirmiş. Hal-hazırda Borçalıda, Tiflisdə, şair demişkən, bütün Gürcüstan ellərində bu münasibətlə qurbanlar kəsilir, insanlar gözaydınlığı verib muştuluq alır, tonqaldan hoppanıb dombalaq aşırlar. Ancaq xəbərin tragikomik detalı bu idi ki, bizə bunu özümüzün məmurları, öz mediamız çatdırmadı. Gürcüstandakı hansısa dövlət idarəsinin məlumatı imiş.

İlk dəfədirmi? Yox. Dəfələrlə olub, ölkəmizə aid xəbərləri qıraq-bucaqdan, bəzən düşmənin, itin-qurdun ağzından toplamağa məcbur olmuşuq. Çünki Azərbaycan məmuru Azərbaycan mediasını, Kütləvi İnformasiya Vasitələrini sıfır, heçlik, “zero” sayıb. Heçliyə niyə məlumat versinlər?

Amma biz həmişə belə deyildik axı. Mediamızın bərkgedən vaxtları da vardı. Lakin üstümüzü qara buludlar alanda, yanımızda 1 nəfər belə həkim görməmişik. (Çox insafsız olmayaq, indi yadıma 1-2 nəfər düşdü). Bax, hazırda həkimlərin hansının vicdanlı, hansının vicdansız olmasını, səhiyyədə gerçəklikləri, reallıqları media araşdırıb xalqa çatdırmalıdır. Mən dünəndən ölmüşəmsə, həkimə bu gün nə cür qiymət verim? Nə istərsən bacından, bacın ölür acından.

Bütün peşələrimizdə aşağı-yuxarı vəziyyət budur. Bəzən müəllimlərin, məktəbin, təhsilin səviyyəsindən şikayətlənirik. Ancaq məktəbin yaşaması üçün əlimizi ağdan-qaraya vurmadıq. Bizə həmişə elə gəldi ki, məktəbi hansısa yadplanetlilər qurmalı, yaşatmalıdır, bizim də işimiz uzağı uşağın dalından bir təpik vurub ora yollamaqdır.

Müəllim həkimin, həkim jurnalistin, jurnalist vəkilin, vəkil aşbazın, aşbaz kəndlinin, kəndli fəhlənin, ziyalı ziyasızın vəziyyətindən, dərd-sərindən hali olmadıqca işlər düzələn deyil. Bax elə kəndli yazdım, yadıma düşdü, üç-dörd gün qabaq milli kartoflarımızın yoxa çıxması haqda şikayətnamələr, ahu-zar, vay-şivən aləmi başına almışdı. Sanki kartof öz-özünə, hava boşluğundan, vakuumdan əmələ gəlməli, süfrələrimizin ortasına tappıltıyla düşməliymiş. O bazarda zənbillə sülənən şəhərlilərin hansı kəndlinin, əkinçinin zülmündən, başına açılan bəlalardan narahat olub indiyəcən? Olsaydıq, indi kartof da olardı.

Əlbəttə, yenə insaf naminə bir-iki narahat olan var, bunu qeyd etməliyik. Ancaq kartofun sayı da elə narahat olanların sayı qədərdir. Qalanını Kolorado böcəyi yeyib. Mətbuatı güvə yediyi kimi.

Həkimləri hansı bakteriyalar yeyib, yeyir, onu özləri müəyyən eləsin. Mənə nə? Bu haqda ata sözümüzü də epiqrafda artıq yazmışam.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

20 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR