Onlayn ictimai-siyasi qəzet
Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin dünyada insan haqları, dini azadlıqlar və s. dair növbəti hesabatında Azərbaycanın adının dini azadlıqları boğan ölkələr sırasında hallandırılmasına təəccüblənmək lazım deyil. Böyük güclərin ikili standartlara söykənən siyasi oyunları və ya siyasi oyunbazlıqları məngənəsində qalan dünyada bu, adi bir haldır. Özünü dünyanın ağası hesab edən bu güclər, onlara lazım olanda, zəif hesab etdikləri bütün dövlətlərlə “qaydasız döyüşün qaydaları” çərçivəsində və bəzən hətta o qaydalardan kənar davrana bilirlər.
Birləşmiş Ştatlar Cənubi Qafqazda gerçək söz sahibinə çevrilmək üçün Rusiyanı bu bölgədən vurub çıxarmaq istəyir. Ancaq o, hələ ki, bunu necə etməyin yollarını tapa bilmir. Ermənistan Rusiyanın Azərbaycan torpaqlarında qurub- yaratdığı və bu gün də cilovu Rusiyanın əlində olan bir dövlətdir. Təbii ki, əgər sərhədlərini Rusiyanın qoruduğunu və iqtisadiyyatını 80%-ə qədərinə Rusiyanın nəzarət etdiyini nəzərə alıb, Ermənistana dövlət demək mümkündürsə…
Ermənistanın baş naziri Nikol Paşinyan artıq bir neçə ildir ki, ciddi-cəhdlə bu cilovun Rusiyanın əlindən çıxarılması üçün çaba göstərir. Ancaq Rusiya Ermənistanın cilovundan bərk-bərk, özü də iki əlli yapışıb. Son zamanlar şirin vədlərlə Ermənistanın saqqızını oğurlaya bilən Qərb onu Rusiyadan qopartmaq üçün Paşinyanın əli ilə bir qədər manevrlər etsə də, Paşinyan sonda bunun bir oyun olduğunu və bu gedişlə Ermənistanın da Ukraynanın taleyini yaşaya biləcəyini anladı. Daha doğrusu, öncə Ukrayna ilə müharibədə Rusiyanın tezliklə məğlub olacağına inanmış Ermənistan rəhbərliyi, ABŞ başda olmaqla 60-a qədər ölkənin az qala 20 minə qədər sanksiyalar tətbiq edərək dirəniş göstərməsinə baxmayaraq, iki ilə yaxındır ki, Rusiyanı məğlub duruma gətirə bilmədiklərinin fərqində olmağa başladı. Elə bu səbəbdən də MDB dövlət başçılarının, Avroasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Təşkilatının son bir neçə tədbirinə qatılmayan Ermənistan rəhbərliyi, nəhayət, keçən ilin dekabr ayının 25-26-da Sankt-Peterburq şəhərində Avroasiya İqtisadi İttifaqının və MDB dövlət başçılarının növbəti tədbirinə qatılmağa məcbur oldu.
Rusiyanın çağrışına həm Azərbaycanın və həm də artıq Qərbin öz ağuşunda hesab etdiyi Ermənistanın qatılması və bununla da Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında Rusiyanın vasitəçilik şanslarının yenidən gündəmə gəlməsi, Birləşmiş Ştatların administrasiyasında qıcıq yaratmaya bilməzdi. Təbi ki, ilkin mərhələdə bu qıcığın obyekti Azərbaycan olmalı idi və belə də oldu. ABŞ öz oyununa salmaq istədiyi Ermənistanı sadəcə indilik hürkütmək istəmir.
İlk baxışda ABŞ Azərbaycana qarşı belə bir addım atmamalı idi. Çünki Birləşmiş Ştatlar Azərbaycana qarşı bundan öncə etdiyi haqsızlığa görə üzr istəyib, münasibətlərdə yaranmış gərginliyi sanki “nizama” sala bilmişdi. Bəs yenidən nə baş verdi? Yanlış hərəkətə görə Azərbaycandan üzr istəyən tərəf nədən yenidən Azərbaycanı özündən narazı salacaq digər bir “səhvə” yol verdi? Səbəb bəllidir. Azərbaycan kimi regionun söz sahibi olan, özgüvəninə və qətiyyətinə söykənərək davranan, böyük güclərlə münasibətdə balanslaşdırılmış siyasət yürüdən bir ölkəyə təziq göstərməyin digər bütün vasitələri əldən çıxanda “dini azadlıqların boğulması” kimi sərsəmləmələr də işə düşə bilir.
Dünyayaya multikultural baxışları və tolerantlığı ilə ən yaxşı nümunələrdən birini sərgiləmiş Azərbaycanı dini azadlıqların boğulmasında ittiham etmək absurddur. Erməni iftirası ilə formalaşan bu sərsəm fikirlərin Birləşmiş Ştratların dövlət katibinin dilindən səslənməsi bir daha sübut edir ki, biz Qərbdən, özünü demokratiyanın beşiyi adlandıran ölkələrdən gələ biləcək bütün iftiralara həmişə hazır olmalıyıq.
Unutmayaq ki, ABŞ və Avropanın böyük güclərinin Cənubi Qafqazda və ümumiyyətlə dünyanın istənilən bölgəsindəki geosiyasi maraqlarının kökündə onların maddi maraqlarından başqa heç nə dayanmır. Demokratiya, insan haqları, söz azadlığı, dini azadlıqlar kimi “dəyərlər” isə bu maraqları reallaşdırmağın açarı rolunda çıxış edən alətlərdir.
Tarix boyu öz müstəmləkəçilik ambisiyalarını reallaşdırmaq naminə dünyanın hər yerində qətliamlar törədib, hərbi cinayətlərə imza atmış və bununla da bəşəriyyət qarşısında siyasi əxlaqsızlıq nümayiş etdirmiş böyük güclərin başqalarına əxlaq dərsi keçməsi sadəcə absurddur…
Fikrət Yusifov, professor
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ