İnsanlara hürriyət, millətlərə istiqlal!

Etirazçı qızlara divan tutan İran rejimindən növbəti riyakarlıq

Paşinyanın arvadı Qumda nə gəzirdi; Novella Cəfəroğlu: “Anna Akopyanı dəvət etməklə İran öz qadınlarını təhqir etdi”

Ötən həftəsonunun diqqət çəkən olaylarından biri Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın İran səfəri, daha doğrusu, onun prezident İbrahim Rəisinin təşəbbüsü ilə təşkil olunan “Nüfuzlu qadınların 1-ci beynəlxalq konqresi”nə “1-ci ledi” qismində dəvət edilməsi oldu.

Akopyan Tehranda İran prezidentinin xanımı Cəmilə Sədat Alamolxoda və qızı Reyhanə Rəisi, habelə İranın qadın məsələləri üzrə vitse-prezidenti Ensiye Xəzali ilə görüşüb, onlarla birgə dini mərkəzlərdən sayılan Qum şəhərinə gedib, orada məscidi və “Fatimeyi Məsumə” mavzoleyini ziyarət edib. Qısası, erməni Annaya xüsusi lütfkarlıq göstərilib. Əri Nikol Paşinyana göstərilən hörmət-izzət kimi.

Təəccüblü deyil əslində. Özünü dünya müsəlmanlarının, daha dəqiqi, şiələrin əsas himayədarı sayan İran rejimi elan elədiyi islami-əxlaqi dəyərləri, ümmət maraqlarını çoxdan panfarsizm maraqlarına dəyişib. İranın qardaş Türkiyə kimi işğalçı Ermənistanla sərhədləri dərhal bağlamaq əvəzinə, məscidlərimizdə donuz saxlayan bir əcaib və Allahsız topluma, təcavüzkara 30 il ərzində hərtərəfli dəstək olması, ermənilər üçün “nəfəslik” rolunda çıxış etməsi özlüyündə hər şeyi deyir. Ermənistanda və Qarabağda müsəlman ziyarətgahlarını dağıdan və buna görə zərrəcə peşmanlıq hissi keçirməyən bir ölkənin baş nazirinin arvadını qucaqlayıb öpüşlərə qərq eləməyin adı nədirsə, onun yüz faiz islami-əxlaqi dəyərlərə dəxli yoxdur.

Anna Akopyan İranda məscidə

Yada salaq: İran rejiminin hərbçiləri hətta 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun irəliləməsini ən azı bir neçə gün ləngitmək üçün suveren ərazimizə girmişdilər. Həmin ərəfədə Anna Akopyan Qarabağda “hərbi təlimlər” adı ilə əlində avtomat şəkil çəkdirdi, qadınları hərbi təlimlərə cəlb etməklə bağlı təşəbbüs qaldırdı. Qarabağa gələn Anna Akopyan qadın terrorçulardan ibarət dəstə yaratdığını, adını da “Erato” qoyduğunu elan etdi. Onun Azərbaycanın birinci xanımını Şuşaya muğam dinləməyə, çay içməyə dəvət etməsi barədə sərsəmləməsi də unudulmayıb...

Bu mənada Annanın səfəri erməni-fars dostluğu “zənciri”ndə yalnızca növbəti həlqədir. Yaxın tarixin acı təcrübəsi isə göstərir ki, mollakratiya Azərbaycan dövlətinə qarşı İblisin özünü belə qucaqlayıb öpməyə hazırdır.

Tədbirə gəlincə, o, çox sönük keçib. Bu da təbiidir. Öz ölkəsində dinc etirazçılara, ələlxüsus gənc qadın fəallara divan tutan bir rejimin qadınlara həsr olunan humanitar tədbir təşkil etməsi, yumşaq desək, parlaq riyakarlıq nümunəsidir və özünə hörmət edən, vicdanlı qadınlar tərəfindən təqdir oluna bilməz.

Novella Cəfəroğlu: "Vəsiyyətim var, oğlum çap edəcək..." -

Novella Cəfəroğlu

Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İran ilk növbədə öz ölkəsində yaşayan qadınlara dəyər verməlidir. O, İran hakimiyyətinin sülh istəyən, zorakılığa məruz qalan, hətta edam olunan İran xanımlarına daha çox diqqət etməli olduğunu vurğuladı: “Annadan sülh qadını olmaz. Müsəlman dövləti olsa da, İran Anna Akopyanı dəvət etməklə öz qadınlarını təhqir etdi. İranın bütün addımları yanlışdır. İran sözdə Qurani-Kərimin qanunları ilə yaşadığını, ədalətli davranmağa çalışdığını desə də, reallıqda bunun tam əksini görürük".

N.Cəfəroğlu İran hakimiyyətinin Azərbaycana mütəmadi mesaj verdiyinə diqqət çəkdi: “İrəvandan gələnlərlə daim qucaqlaşıb, öpüşürlər, yəni demək istəyirlər ki, nə olursa-olsun biz bir yerdəyik. Mən qəbul edirəm ki, qorxu faktoru var. İranda yaşayan soydaşlarımız başını qaldıranda zorakılığa məruz qala, edam oluna bilərlər, amma 40 milyondan çox insan bu rejimə, haqsızlığa, məkrli siyasətə qarşı çıxa bilmir? İran qadınları Anna Akopyanın əlində bizə tuşlanmış avtomat olan şəklini görməmişdilər? Niyə onu qəbul etdilər? Biz hər zaman İran qadınlarının tərəfində olmuşuq, onlara dəstəyimizi göstərmişik. Qurultay iştirakçıları Anna Akopyanın gəlişinə etiraz olaraq məkanı tərk etməli idilər. Bu, onların İran siyasətini dəstəklədiklərinin göstəricisi idi”.

Qeyd edək ki, sözügedən tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova təmsil edib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR