İnsanlara hürriyət, millətlərə istiqlal!

Etibarlı görünən, amma tələyə aparan mesajlar: Bunları etsəniz, pulunuz cibinizdə qalar!

Ötən gün vətəndaşların 87 min manatdan çox pulu talanıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ötən gün ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla – 20 min, 17 min, 16 min, 15 min, 7 min 800, 4 min 650, 2 538, 1 006, 350, 500, 900, 850, 200, 107, 60, 56, 50 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

DİN bir daha vətəndaşlara müraciət edərək şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edib:

“Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”.

Bank kartlarına aid məlumatları müxtəlif yollarla ələ keçirib vəsaitlərin oğurlanması faktları hər ötən gün artır.

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, informasiya-kommunikasiya texnologiyaları (İKT) müasir həyatın və inkişafın bütün sferalarını geniş şəkildə nüfuz etdikcə, İKT-dən dələduzluq məqsədi ilə istifadə edənlərin imkanları da genişlənir. Dələduzluq, soyğunçuluq kimi cinayətlər də sürətlə smartlaşmaqdadır.

NATİQ.jpg (75 KB)

Vətəndaşlar İKT-dən istifadə edərkən diqqətli olmalıdırlar:

“Bu gün qlobal məkana və informasiyaya çıxışdakı sərhədlərin aradan qaldırılması, informasiya mübadilələrinin və əməliyyatların yüksək sürətinin təmin olunması, bu proseslərin bir barmaq toxunuşu qədər sadələşdirilməsi, ucuzluğu və əlyetərliliyi qısa bir zaman ərzində dünya əhalisinin təxminən yarısının istifadəçiyə çevrilməsi ilə nəticələndi. Bütün bunlar isə kibercinayətlərin də artmasını şərtləndirdi. Bu gün kibercinayətlərin araşdırılmasının həyata keçirilməsi üçün yeni üsul və vasitələrlə yanaşı, onların realizəsində yeni metod və imkanların yaranmasına, habelə potensial kibercinayətkarlıq obyektlərinin sayının və miqyasının sürətlə artmasına gətirib çıxarıb.

Kiberməkanın səciyyəvi xüsusiyyətləri, habelə infrastrukturun, əsasən özəl sektor və vətəndaşların əlində cəmlənməsi kibercinayətkarlıqla mübarizədə adekvat institutsional strukturların, elmi-texniki və normativ-hüquqi bazasının formalaşdırılması və təkmilləşdirilməsi ilə yanaşı, dövlət, özəl sektor və vətəndaşlar arasında, həmçinin beynəlxalq səviyyədə tərəfdaşlığın və əməkdaşlığın genişləndirilməsini tələb edir. Adekvat mexanizmlərin, zəruri institutların, çoxtərəfli və beynəlxalq tərəfdaşlıq və əməkdaşlığın yerində olmaması isə kibercinayətkarlıqla mübarizəni daha da müəkkəbləşdirir və çətinləşdirir.

Daha kimsəni küçədə aldatmırlar. Bir malı alqı-satqı saytına yerləşdirib müştəri yığır, bank hesabı verir və pulunu alıb aradan çıxırlar”.

Natiq Ələsgərov bildirib ki, bu gün dünya üzrə internetdən istifadə edən yetkin insanların 50 faizi kibercinayətkarlıqla və ya digər neqativ onlayn vəziyyətlərlə üzləşib:

“Müasir dünyada həyatımızın önəmli parçalarından biri internetdir. Biz ondan ünsiyyət qurmaq, müəyyən işlərimizi həll etmək, alış-veriş etmək üçün istifadə edirik.

Onlayn dünya bizə saysız-hesabsız faydalar versə də, özü ilə müəyyən riskləri də gətirə bilir. Bu sahə ilə bağlı təcrübəsindən asılı olmayaraq hər kəsin bilməli və zərər görməmək üçün müəyyən tədbirlər görməli olduğu əsas təhlükələrdən biri fişinqdir. Bank və ya hansısa dövlət qurumundan sizə e-poçt, mesaj və ya zəng gəlir. Bu mesaj sizdən linkə klikləməyi, şifrənizi, kredit kart məlumatlarınızı və ya şəxsiyyət vəsiqənizdəki gizli məlumatları təqdim etməyinizi istəyir. Bu kimi hallarda təmkinli olmaqda fayda var, əks halda siz fişinq hücumunun qurbanı ola bilərsiniz.

Fişinq dünyada ən çox istifadə edilən və ən böyük fəsadlara səbəb olan kiberhücumlardan biridir. Burada bir və ya bir neçə nəfərlik onlayn dələduzluqla məşğul olan dəstələr, banklar, sosial media platformaları və ya dövlət qurumları kimi etibar edilən müəssisələrə məxsus veb-saytları təqlid edərək sizdən bu zərərli və saxta saytlara şəxsi məlumatlarınızı yazmağı tələb edirlər. Daha sonra şəxsi məlumatları sizə qarşı istifadə edirlər. Cinayətkarlar sizin məlumatlarınızdan istifadə edərək bank hesabınızdan pul oğurlaya bilər, şəxsi məlumatlarınızdan istifadə edərək sizin adınızdan kibercinayət törədə bilərlər.

Fişinq hücumları ilə bağlı riskləri düzgün tədqiq etmək və onlayn təhlükəsizliyi təmin etmək hər bir internet istifadəçisinin vacib nəzərə alması məqamlardan biridir. Kiberhücumları reallaşdıraraq dələduzlar sizdən müxtəlif növ gizli məlumatları oğurlaya bilərlər. Fişinq hücumları müxtəlif formalarda ola bilər və bu hücumlar sizi müxtəlif yollarla aldatmaq üçün nəzərdə tutulub.

Fişinq hücumlarının ən çox istifadə edilən üsulları aşağıdakı kimidir: E-poçt fişinq növü sizin qarşınıza çıxa biləcək ən ənənəvi kiberhücumlardan biridir. Dələduzlar nüfuzlu təşkilatlar, banklar, dövlət müəssisələrinin domen adlarını təqlid edərək e-poçt ünvanları yaradırlar. Daha sonra kiber üsullarla müəyyən etdikləri hədəflərə bu tipli e-poçt adreslərindən saxta mesajlar göndərərək onlardan gizli məlumatlarını yazmağı tələb edirlər və ya zərərli linkə klikləyərək qurbanların kompüterlərinə virus yükləməyə çalışırlar. Bu tipli hücumlarda dələduzlar adətən konkret şəxsləri və ya qurumları hədəfə alırlar.

Dələduzlar göndərdikləri mesajın yüksək dərəcə etibarlı görünməsi üçün müxtəlif növ üsullarla topladıqları şəxsi məlumatları bu mesajların içərisinə əlavə edirlər. Bu tipli məlumatları görən qurbanlar adətən belə mesajlara inanır və dələduzların ondan istədiyi digər gizli məlumatları onlarla bölüşürlər. Səs fişinqi dələduzların ən çox istifadə etdiyi kiberhücumlardan biridir. Burada dələduzlar müxtəlif növ vasitələrdən istifadə edərək ayrı-ayrı qurumların adından onların istifadə etdiyi mobil nömrələri təqlid edərək qurbanlara zəng edirlər.

Etibarlı mənbədən zəng gəldiyini zənn edən qurbanlar da bu halda dələduzların tələsinə düşürlər. Dələduzlar bu tipli zənglərdə sizdən öz hesablarına pul göndərməyinizi, məlumatlarınızın ələ keçirildiyini deyərək şifrələrinizi və digər gizli məlumatlarınızı onlarla bölüşməyinizi tələb edə bilərlər”.

N.Ələsgərov fişinq hücumlarından qorunma üsulları barədə də məlumat verib:

“Ümumi fişinq hücumları və kiberdələduzların sizi aldatmaq üçün istifadə etdikləri üsullar barədə məlumatlı olmaq və bu tipli hücumları real mesajlardan ayırd edə bilmək sizin üçün çox vacibdir. Göndərilən mesajda hər hansı bir keçidə klikləməzdən əvvəl mesajın kim tərəfindən göndərildiyinə diqqət edin. Dələduzlar adətən təqlid etdikləri qurumun və ya şirkətin domen adına bənzər adlar istifadə edərək sizin bir anlıq diqqətsizliyinizdən istifadə etməyə çalışırlar.

İstifadə etdiyiniz hesablarda ikimərhələli doğrulama kodları sizin təhlükəsizliyinizi təmin edə bilər. Dələduzlar hər hansı yollarla şifrənizi əldə etsə belə, ikimərhələli doğrulama kodunu ələ keçirə bilmədiklərindən sizin hesabınıza daxil ola bilməyəcəklər. Şübhəli hadisələri aidiyyəti qurumlara bildirin”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR