Onlayn ictimai-siyasi qəzet
Suriyanın cənubunda Suveyda vilayətində gərginlik yenidən yüksəlir. İyulun 17-də ABŞ-ın vasitəçiliyi ilə vilayətdə atəşkəs elan olunsa da, axşama doğru vəziyyət yenidən gərginləşib. Şəhər ətrafında toqquşmalar başlayıb, ardınca isə Suriyanın müxtəlif regionlarından ərəb qəbilələri cihad çağırışı ilə silahlı dəstə toplamağa başlayıb.
Yerli və xarici medianın yazdığına görə, Suriyanın fərqli bölgələrindən olan 50 mindən çox qəbilə silahlısı Suveydaya doğru yola çıxıb, onlar “druzları cəzalandırmağa” söz veriblər. Bu qədər silahlının Suveydaya hücumu faktiki olaraq yeni vətəndaş müharibəsinin başlaması deməkdir. Üstəlik İsrailin proseslərə müdaxiləsi Suriyanın cənubunda fəlakətli vəziyyətin yaranmasına səbəb ola bilər. Suriyada vətəndaş müharibəsindən əvvəl 700 min druz yaşadığı məlumdur. Bu o deməkdir ki, 50 minlik bədəvi silahlısının Suveydaya hücumu qanlı hadisələrə səbəb ola bilər. Son məlumatlara görə, artıq döyüşlər Suveyda şəhərinin qərb girişində baş verir. Bir neçə ətraf qəsəbə artıq bədəvilərin əlinə keçib.
Məsələ ondadır ki, druzlar Suriyada döyüşçü xalq kimi tanınır, vətəndaş müharibəsi illərində həm hakimiyyət, həm də müxalifətə məsafəli olan druzlar yerli ruhani liderlər tərəfindən idarə olunub və əsas hədəf kimi vilayətin təhlükəsizliyinə cavabdeh olublar.
Bəşər Əsədin devrilməsindən sonra yeni hakimiyyətə loyal yanaşan druzlar sonrakı aylarda Dəməşqlə dil tapa bilməyib. Druz icması liderləri yeni hakimiyyətdə yer alan radikal islamçıların druzlara qarşı sərt münasibətini əsas gətirərək Dəməşqlə məsafəli davranmağa üstünlük verib.
Eyni dövrdə İsrail Suriyanın cənubunu ələ keçirib və druz icması ilə daha da yaxınlaşıb. Druzların bir qismi Colan təpələri və İsrail ərazisində yaşayır, hətta İsrail ordusunda druzların xidmət etdiyi Colani briqadası adlı hərbi birlik var. Media orqanlarının yazdığına görə, İsrail druzların Suriyada muxtariyyət əldə etməsi üçün druz icması ilə yaxından işləməyə başlayıb. Məqsəd Suriyanın cənubunda təbii “bufer zonası” yaratmaq, Suriyadakı işğalı legitimləşdirmək və mümkün riskləri neytrallaşdırmaqdır. Digər tərəfdən, Suriyadakı yeni islamçı hakimiyyətdən çəkinən və özünü islamçı qruplar arasında yalnız görən druz icması üçün İsrail xilaskar rolundadır. Son hadisələr İsrailin Suriyaya müdaxiləsi üçün bir mənada fürsət oldu.
Xatırladaq ki, Suveydada hadisələr iyulun 13-də yerli bədəvilərin druzların inancını təhqir etməsi iddiası ilə başlayıb. Hərçənd Suveydada nə baş verdiyi və əsl günahkarın kimlər olduğu məlum deyil. Baş verən silahlı toqquşmanın ardınca Suriya ordusu qüvvələri Suveydaya daxil olub, ancaq toqquşma bundan sonra daha da qanlı hal alıb. İyulun 15 və 16-da isə İsrail proseslərə müdaxilə edərək Suveyda ətrafındakı Suriya ordusu hissələrini, sonrakı gün isə Dəməşqdə ordu baş qərargahı və prezident sarayı ətrafını bombalayıb. İndi isə bədəvilərin Suveydaya hücumu başlayıb. Və İsrail rəhbərliyi druz icmasını qoruyacağını bəyan edib.
Daha bir diqqətçəkən məqam Suveyda hadisələri ilə eyni anda Suriyanın şimal-şərqində, ikinci separatizm ocağı olan kürd bölgəsində yerli ərəb qəbilə silahlıları ilə kürdlər arasında toqquşmaların baş verməsidir. Suveyda şəhərində olduğu kimi, Raqqa ətrafında baş verən kürd-ərəb toqquşmasından sonra Suriya ordusu əraziyə daxil olub. Fərat və Dəclə çayları arasında yerləşdiyi üçün Cəzirə, yəni “ada” adı verilən Suriyanın şimal-şərq hissəsi həm də ölkənin “taxıl anbarı”, ən münbit torpaqları olan bölgədir.
Mart ayının 10-da Vaşinqtonun vasitəçiliyi ilə Dəməşq və SDQ arasında barışıq və birləşmə sazişi imzalansa da, saziş icra olunmur və kürdlər Dəməşqdən daha çox status tələb edir. Üstəlik, kürdlərin əsas dəstəkçisi olan Vaşinqtonda da bu məsələdə fikir haçalanması var. Trampın Suriya üzrə xüsusi elçisi, Ankaradakı səfiri Tomas Barrak Suriyanın ərazi bütövlüyünə vurğu etdiyi halda, ABŞ ordusu – CENTCOM – kürdləri dəstəkləyir. Son hadisələr də ABŞ səfirinin Suriyanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatından sonra baş verib. Bu mənada Suriyada baş verənlərin iki mümkün səbəbi olduğunu düşünmək olar.
Birincisi, həm druzlarla, həm də kürdlərlə baş verən gərginlik planlı hərəkətdir, məqsəd Suriyanın yeni hakimiyyəti üçün başağrısı və ölkənin suverenliyi üçün təhdid olan separatizmi aradan qaldırmaqdır. Hər iki istiqamətdə hadisələr də oxşardır: ilk olaraq yerli qəbilələrlə separatçı qruplar (şimalda kürdlər, cənubda druzlar) arasında məhəlli toqquşmalar baş verir, ardınca isə hökumət müdaxilə edərək separatçı regionların mərkəzlərini nəzarətə götürür. İsrailin druzları müdafiə adı ilə Dəməşqi bombalamasından sonra Suriyada ümummilli cihad çağırışı və qeyri-rəsmi səfərbərlik elan olunması bu ehtimalı gücləndirir.
İkinci ehtimal isə baş verənlərin üçüncü qüvvələr tərəfindən hazırlanmış provokasiya olduğu, əsas məqsədin Suriyada hər iki separatçı bölgənin ayrılması, yəni başqa sözlə Suriyanın faktiki olaraq parçalanmasıdır. Bu həm də o deməkdir ki, Suriyada hakimiyyət içərisində çox güclü xarici təsir var və ölkədə xaos yarana bilər.
Məsələnin daha bir mürəkkəb məqamı isə Türkiyə ilə bağlıdır. Məlum olduğu kimi, yeni Suriya hakimiyyətinin qəyyumu Türkiyədir və bu Vaşinqtonun razılığı ilə baş verib.
Türkiyə isə hazırda kürd separatizmini daxildə həll etməyə çalışır. Təbii ki, Suriyadakı kürdlər həm də PKK-nın yan quruluşu olaraq Türkiyə üçün həssaslıq təşkil edir. Digər tərəfdən, Suriyada baş verənlərin kənardan qurğulanmış təxribat olması Türkiyəni də təhdid edən təhlükədən xəbər verir.
Ankara hələlik hadisələrə təmkinli yanaşır. Türkiyə hökuməti, XİN və prezident Ərdoğan Suveyda şəhərində baş verənləri pisləyib, İsrailin Suriya paytaxtını bombalamasını qınayıb. Bəzi media orqanları Türkiyənin Suriya ərazisindəki hərbi kontingentinin yüksək hazırlıq vəziyyətinə gətirildiyini yazır. Lakin indiki məqamda Türkiyənin Suriya daxilində baş verən hərbi eskalasiyaya müdaxilə etməsi inandırıcı deyil, çünki bu özü ilə bağlı yüksək risklər gətirə bilər. Lakin Ankara indi ərəb müttəfiqləri ilə Suriyaya dəstək mövzusunda məsləhətləşmələr aparır.
Suriyadakı hadisələrin “planlı suverenliyi bərpa” kampaniyası, yoxsa növbəti vətəndaş müharibəsi və ölkəni bölməyə hesablanmış provokasiya olduğunu isə yalnız yaxın günlərdə biləcəyik. Lakin istənilən halda baş verənlər fəlakətli nəticələrə səbəb olacaq kimi görünür.
Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ