Onlayn ictimai-siyasi qəzet
Bu gün Qəməri təqvimlə Ramazan ayının 30-dur və rəsmən bayramdır. İslam dünyasının böyük hissəsində Ramazan bayramı bu gün qeyd edilir.
Fəqət İran əhalisi və Qumu qiblə sayan dini dairələr bayramı sabah qeyd edəcəklər. Başqa sözlə, yüz milyonlarla mömin bu gün oruc tutmağı dayandırıb bayram edərkən, on milyonlarla dindar oruc tutacaq.
Dini etiqad azadlığının sərbəst buraxıldığı, ibadət və ayinlərə kütləvi riayat edilməsi üzərində qadağa götürüldüyü gündən bəri fərq etdiyimiz əsas məsələ o oldu ki, nəinki bu ölkədə, hətta bütün dünyada müsəlman təriqətləri Ramazan bayramını eyni gündə qeyd etmirlər.
Həmin ənənə davam edir: hələ də şiə məzhəbinin davamçıları ilə sünni təriqətinə mənsub olanların “dini bayramlar təqvimi” fərqlənir. Bu intriqanın kökü qədimlərə gedib çıxır və bu, təsadüfi deyil. Bu, süni “uyğunsuzluqdur” və bilərəkdən yaşadılır, qəsdən bu məsələdə konsensus əldə olunmur.
Bu, gün fərqi ilə bayram qeydetmə “ənənə”sini israrla sürdürənlər fərqinə varmır ki, onların bu höcətliyi ilk növbədə islam həmrəyliyinə zərbə vurur, islama ziyan gətirir, sekulyar ölkələrdə yaşayan müsəlmanların dilini gödək edir.
Bu inadkarlığın elə bir fundamental əsası da yoxdur. “Ay görünməyib” və yaxud “Ay görünüb” kimi mübahisələri sonlandırmaq üçün müasir optik cihazlar var və onlarla bu ixtilafı birdəfəlik həll etmək olar.
Bunu etmək əvəzinə hər il Hicri\Qəməri təqvimlə bu vaxtlar müsəlman aləmi iki qeyri-bərabər tirəyə bölünür və sonu görünməyən mübahisələr davam edir. Axırda hər tərəf öz fikrində qalır.
Bizim ölkə bu mübahisədə tərəf olmamaq üçün Ramazan bayramını iki gün ərzində qeyd etmək üçün optimal yol tapmışdı, amma bir neçə ildir ki, biz artıq İslam dünyasının böyük hissəsi ilə ayaq uydururuq.
Çünki Ayın teleskopla və teleskopsuz görünməsinin elə bir əhəmiyyəti yoxdur. Bu, inanc məsələsidir. İnsanlar 30 gün ərzində oruc tutublar, ayinləri yerinə yetiriblər, artıq könülləri rahatdır, Yer planetinin kosmik fəzadakı peykinin adi gözlə görünüb-görünməməsinin onların daxili saatına dəxli yoxdur.
Birdəfəlik anlamaq lazımdır ki, bu formallıqdır. 30 gün ərzində oruc tutan adamın öz ibadətini bir gün tez və bir gün gec dayandırmasının və bayram etməsinin savab-günah prizmasından elə bir prinsipial fərqi ola bilməz. Əsas məsələ niyyətdir, mənəvi təmizlikdir, düzgün yolun yolçusu olmaqdır, cəmiyyətə, insanlara zərər yetirəcək, problem yaradacaq əməllərə yol verməməkdir.
Oğurluq, mərdiməzarlıq, qeybət, zina, qəddarlıq, tamahkarlıq edəndən sonra 30 gün yox, lap 300 gün boyunca oruc tutan insanın bu hərəkətinin özünü, ətrafındakılar, hətta dindarların prizmasından yanaşsaq, Yaradanı aldatmaq cəhdindən başqa adı yoxdur.
Hətta mömin olduğunu, yeri gəldi-gəlmədi oruc tutduğunu, namaz qıldığını vurğulamaq, bununla başqaları qarşısında özünə üstünlük qazanmağa cəhd etmək də savab iş deyil, qəbahətdir. Eləcə də baçqalarını oruc tutmadığına, dindar olmadığına görə qınamaq da onun kimi.
Bu, mənəviyyat, daxili rahatlıq məsələsidir. Hər kəs özünə cavabdehdir. Başqalarını utandıraraq, təhrik edərək dindar olmağa təşviq və məcbur etmək, ona dini ayinləri az qala zorla etdirmək, əslində, siyasi hərəkətdir, totalitarizm nümunəsidir.
Bəzi ölkələr var ki, orada insanların dini etiqad azadlığı ciddi şəkildə tapdanır: çoxluq oruc tutubsa, azlığın oruc tutmamaq lüksü yoxdur. Dövlət və cəmiyyət onları buna vadar edir. Onlar hər dəqiqə töhmət-təhnizə məruz qala, “necə müsəlmansan ki, oruc tutmursan” deyə sərt şəkildə qınana, hətta cəzalandırıla bilərlər.
Şükür ki, ölkəmizdə dini etiqad azadlığı bir sıra şəriət rejimlərindən fərqli olaraq, normal şəkildədir. Burada dini ayinləri icra edənlərə hər hansı bir qadağa olmadığı kimi, ibadət etməyənləri də qınamaq, cəzalandırmaq kimi hallar yoxdur.
Fəqət İran və bəzi başqa ölkələr belə məsələlərə sırf totalitar təfəkkürlə yanaşır, dini ehkamların və ayinlərin kütlə üzərində dominant ideologiya olaraq qalmasını təmin edir, insan haqlarını məhdudlaşdırırlar.
Dindarlığa qalsa, bəzi Avropa ölkələri daha dərin dini inanca malikdir və dini ayinləri diqqətli şəkildə icra edirlər, ancaq bu zaman onlar xırdaçılığa varmır, intriqaya getmir, məzhəb düşmənçiliyi aparmırlar.
Bu baxımdan gələcəkdə islam üləmaları bir araya gələrək dini bayramların qeyd edilməsinin optimal mexanizmini tətbiq etmək barədə ortaq məxrəcə gəlməlidirlər, hansısa bir meyarı əsas götürüb bütün müsəlmanların bayramı eyni gündə qeyd etməsinə dair razılaşmalıdırlar.
Ziyanı olmaz, faydası isə çox olar.
01 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ