İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgərimizə görə “kövrələn” Makron... Bakıya gələcək?

Fransa “kiçik bacı” Ermənistan naminə özünü oda-közə vurmağa, dəridən-qabıqdan və ənənəvi hoqqalardan çıxmağa davam edir. Buna əslində “ürək-dirək” vermək də demək olar. Hansının ki, növbəti “dozasını” dünən boş nazir (pardon, baş nazir) Nikol Paşinyan Parisdə aldı.

Prezident Emmanuel Makron yenə pafosla ölkəsi adından “Ermənistanın müdafiəsi” üçün əlindən gələni edəcəyini bildirdi, İrəvana “müdafiə silahları” vəd etdi. Təbii ki, bunu da o, guya Bakını çox qıcıqlandırmamaq üçün “sülh göyərçini” obrazına girərək söylədi...

“Fransa regionda sülh və sabitliyin bərqərar olmasına yönəlik səyləri təşviq etməyə davam edəcək”.

Makron bunu Paşinyanla birgə keçirdiyi dünənki brifinqdə bəyan edib. Ərz edib ki, İrəvan “ərazi bütövlüyü, demokratik yol və sülh istəyi məsələsində” Parisin köməyinə ümid bəsləyə bilər.

Ardınca o, fevralın 12-də Azərbaycan əsgərinin yaralanmasından təəssüf ifadə edıb, amma Azərbaycan Ordusunun 4 erməni quldurunu gəbərtməsini qeyri-mütənasib cavab adlandırıb: “Fransa həmçinin Azərbaycanın qeyri-mütənasib cavabından təəssüflənir”.

Makronun fikrincə, regionda sülhə, beynəlxalq hüquqa, suverenliyə, sərhədlərin toxunulmazlığına və ölkələrin ərazi bütövlüyünə hörmət etməklə nail olmaq olar.

Doğru. Bəs 35 ildir buna əməl etməyən kimdir? Şübhəsiz, İrəvan və Fransa başda olmaqla onun havadarları. İşğal dövründə ATƏT-in bədnam Minsk Qrupunun həmsədri olaraq, bu dövlətdən niyə bircə dəfə Ermənistanın ünvanına qınaq, azərbaycanlı köçkünlərin qayıdışına dəstək, erməni barbarların törətdiyi etnik təmizləmə faktlarına, Xocalı, Meşəli, Başlıbel soyqırımlarına, bəşəriyyət əleyhinə digər cinayətlərə etiraz bəyanatları eşitmədik? İndi 4 silahlı terrorçu-muzdlunun məhvini gözümüzə soxur...

Əlbəttə, biz özünü ermənidən çox erməni kimi aparan Makronun sərhədçimizə görə “kövrəlməsinə” inanacaq qədər sadəlövh deyilik. Görünən kəndə nə bələdçi? “Timsah göz yaşları”nızı özünüzə saxlayın.

Əvvəla, sən get öz ölkəndə Natəvanın təhqir olunmuş heykəlini qaydaya saldır, mədəniyyətimizə qarşı vandallıq edənləri cəzalandır, deyək “hə, Paris deyəsən ikiüzlü siyasətini dəyişdirmək istəyir”.

Yaxud belə bir fakt: Paşinyan baş nazir olanda ona dərhal təbrik göndərən Makron seçkidə halal qələbə qazanmış İlham Əliyevə eyni jesti etmək üçün 15 gündür fikirləşir. O zaman sən hardan neytral, qərəzsiz vasitəçi oldun və ya ola bilərsən?..

Bəllidir ki, Nikol sonuncu Paris səfəri zamanı Aznavurun 100 illik yubileyi ilə bağlı E.Makronu sentyabrda ölkəsinə səfərə dəvət edib. Qarşı tərəfin reaksiyası məlum deyil.

WhatsApp Image 2024-02-22 at 12.27.00.jpeg (62 KB)

Ancaq yada salaq ki, Fransanın hazırkı prezidenti artıq bir dəfə Ermənistanda olub. 2018-ci ildə İrəvanda arvadı ilə Frankofoniyanın 17-ci sammitinə qatılan Makron Paşinyanla rəqs də edib və qayıdıb. Amma balans xətrinə Bakıya dəyməyib (O vaxt Fransa Minsk Qrupunun həmsədri idi).

Lakin ondan üç il qabaq - 2015-ci ildə saxta “erməni genosidi” iddiasının 100-cü ildönümü ilə bağlı İrəvanda olan ovaxtkı prezident Fransua Olland özündə iradə, təpər tapıb Azərbaycana da baş çəkmiş, Parisə Bakıdan yollanmışdi. Dünya dağılmadı. Hərgah, İrəvanda “soyqırım” deyən Olland Bakıda “işğal” deməmişdi.

Və sonda. Azərbaycan xalqı olduqca genişürəkli, bağışlayan, mərhəmətli və qonaqpərvər xalqdır. Fəqət, qonaq da gərək yerini və həddini bilsin, “qırmızı xət”lərimizi keçməsin. Bunlar olacaqsa, qapılar açıqdır. Əks halda, nəinki bizim, bölgənin qapıları da Fransanın üzünə bağlı qalacaq. Uzun müddətə, həmişəlik...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR