İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsədi devirən silahlılar bir çətir altında

Türkiyənin dəstəyi ilə 300 minlik nizami ordu yaradılır və silahlı qruplar ləğv edilərək Müdafiə Nazirliyinə tabe olur

Suriyada Bəşər Əsəd rejiminin devrilməsində iştirak edən silahlı qruplar özlərini buraxmaq barədə razılığa gəliblər. Nəzərə çatdıraq ki, bu, Türkiyənin “yol xəritəsi”ndə əsas məsələ idi və artıq uğura nail olunub. Silahlı qruplaşmalar Müdafiə Nazirliyinin çətiri altında birləşməyə razılıq veriblər. Bu razılıq Suriyada hakimiyyətin lideri Əhməd-əl Şara ilə silahlı qrupların rəhbərləri arasında görüşdə əldə edilib. Suriyanın baş naziri Məhəmməd əl-Bəşir keçən həftə bildirib ki, nazirlik keçmiş silahlı qruplaşmalardan və Bəşər Əsəd ordusundan qaçan zabitlərdən istifadə edilməklə yenidən strukturlaşdırılacaq. Suriyanın yeni rəhbərliyi Bəşər Əsədi devirən üsyançıların aparıcı simalarından hesab edilən Murhaf Əbu Qəsrəni müvəqqəti hökumətdə müdafiə naziri təyin edib.

“Yeni Müsavat” xatırladır ki, Suriyada silahlı qruplar dekabrın 8-də Dəməşqə nəzarəti ələ keçirib. Bəşər Əsəd Rusiyaya qaçmağa məcbur olub. Silahlı qruplaşmaların MN-də birləşməsi Suriyada sabitliyin bərpasına səbəb olacaqmı? “Suriyada Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə 300 min nəfərlik yeni ordu qurulacaq”. Bunu suriyalı general Əhməd Osman “Türkiyə Gazetesi”nə açıqlamasında bildirib. Məlumata görə, Bəşər Əsədin devrilməsindən sonra nizami ordu strukturuna keçməyə hazırlaşan Suriya bütün müxalif qrupları paytaxt Dəməşqə çağırıb. Türkiyənin məsləhətləri və hərbi dəstəyi ilə bir yerə toplanacaq yeni ordudan əlavə, Türkiyə Silahlı Qüvvələrinin 5 kritik nöqtədə hərbçilərinin olacağı bildirilib. Bundan əlavə, Türkiyənin Suriyanın dəniz, hava və quru qüvvələrinin yenidən qurulması prosesinə fəal şəkildə məsləhətçi-ekspert dəstəyi verəcəyi deyilir. Suriyalı general Əhməd Osman türk nəşrinə açıqlamasında təcili olaraq 70-80 min nəfərlik ordu skeletinin formalaşdırılacağını bildirib. Suriya ilə bağlı beynəlxalq danışıqlar proseslərində hərbi nümayəndə kimi xidmət edən general Osman bu yaxınlarda ölkənin yeni lideri Əhməd əl-Şara ilə təkbətək görüşdüklərini qeyd edib.

Ramiyə Məmmədova: “Ərdoğana müxalif olan partiyaların sayı artmaqdadır”

Ramiyə Məmmədova

Siyasi ekspert Ramiyə Məmmədovanın sözlərinə görə, Suriyada Əsədi devirənlər Müdafiə Nazirliyinə tabe olurlar. Onun fikrincə, söhbət Azad Suriya Ordusu və "Təhrir-əş Şam" kimi silahlı qruplaşmalardan gedir: “Digər silahlı müxalif güclər də var. Amma YPG və PKK kimi silahlı kürd terror qrupları istisnadır. Ölkədə hələ də İŞİD və PKK problemi qalmaqdadır. Müdafiə Nazirliyinə tabe olduqdan sonra həmin qüvvələr adıçəkilən terror təşkilatlarına qarşı mübarizəyə başlaya bilər. Sözsüz ki, Türkiyənin xüsusi dəstəyi olacaq. Məncə, Türkiyənin nəzarəti altında Suriyada prosesləri ağrısız həyata keçirirlər. Qardaş ölkə sübut edir ki, əlini qoyduğu hər bir işdə müsbət təsir göstərir. Ancaq başqa dövlətlər müdaxilə edəndə böhran yaranır. Türkiyə isə böhranı aradan qaldırır. Zənnimcə, Suriya ordusu yenidən komplektləşdiriləcək”.

Təhlilçi hesab edir ki, Suriyanın milli ordusu formalaşdıqdan sonra genişmiqyaslı antiterror əməliyyatı mümkündür: “Əsəd rejiminə xidmət etmiş, amma son hadisələrdə döyüşməyən hərbçilərin də orduda xidməti davam edəcək. Putin açıqladı ki, 30 minlik qüvvə silahlı müxalifətlə döyüşmədən geri çəkildi. Həmin silahlı qüvvələr Suriya milli ordusunda xidməti davam etdirəcəklər. Onlar Əsəd rejimindən üz çevirmiş, döyüşmək istəməyən suriyalı əsgərlər idi. Hakimiyyət onlara normal maaş da vermirdi. Hazırda ABŞ Türkiyənin Suriyadakı addımlarını dəstəkləmiş kimi görünür”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR