Onlayn ictimai-siyasi qəzet
“Şər qüvvələr hər hansı dövlətdə problem yaratmaq, dövlətin genofondunu zədələmək istəyirlərsə, fokuslandığı yaş qrupu gənclərdir”
Qarabağın işğaldan azad edilməsindən 3 ildən çox zaman keçib. Bu zaman kəsimində işğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi üçün geniş bərpa-quruculuq işlərinə başlanıb. Şəhərlərdə, kəndlərdə yaşayışın təmin olunması üçün genişmiqyaslı tədbirlər görülür. Qarabağın dirçəldilməsi uzun zaman, enerji və vəsait tələb edən prosesdir. Lakin əlbəttə, ən önəmlisi insan kapitalından istifadədir. Müxtəlif sahələrdə minlərlə iş yerləri açılır ki, bu da uzunmüddətli iş imkanı deməkdir.
Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov “Yeni Müsavat”a şərhində qeyd etdi ki, gənclərin savadlılığı və Vətənə münasibəti strateji məsələdir: “Bir dövlətin inkişaf etməsi yaxud zəifləməsində əsas rol gənclərin üzərinə düşür. Şər qüvvələr hər hansı dövlətdə problem yaratmaq, dövlətin genofondunu zədələmək istəyirlərsə, fokuslandığı yaş qrupu gənclərdir. Buna görə də dövlətlər gənclərin milli mənlik dəyərləri, vətənpərvəlik ruhunda inkişafında maraqlı olurlar. Azərbaycan bu barədə çox uğurlu yol keçib. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə ilk yaratdığı nazirlik 1994-cü ildə Gənclər və İdman Nazirliyi oldu. Bu, Heydər Əliyevin gəncliyə verdiyi böyük dəyər idi. Həm də Heydər Əliyev bilirdi ki, dövlətin, xalqın gələcəyini gənclər təmin edəcək. O dövrdə inkişaf edən gənclər bu gün dövlətin hərtərəfli inkişafına kifayət qədər töhfə verirlər. Təbii ki, xalqın təşəkkül tapması, inkişaf etməsi, özünü realizə etməsində gənclərin milli mənlik şüuru, milli-mənəvi dəyərlərə hörməti, vətənpərvərlik tərbiyəsi, bilikli, savadlı olması dövlətin strateji məsələsi sayılır. Bu özüllə böyüyən gənclərin Vətənə münasibəti bəllidir. Dövlət başçısı İlham Əliyevin dediyi kimi, o hakimiyyətə gələndə azyaşlı olanlar 2020-ci ilə kimi əsl vətənpərvər Azərbaycan igidi kimi böyüdülər, inkişaf etdilər, Vətən müharibəsində üzərlərinə düşən şərəfli missiyanı uğurla yerinə yetirdilər. O gənclər dünyaya vətənpərvərlik master-klassı vermiş oldular. Bu çox böyük bir dəyərdir. Həqiqətən Azərbaycan gəncliyi Vətəni necə sevdiyini, qorumağı bacardığını nümayiş etdirdi. Azərbaycan gəncliyi 21-ci əsrdə elə qəhrəmanlıqlar göstərdi ki, hər biri bir film ssenarisidir, kitabdır, dastandır”.
“Böyük Qayıdış” Proqramına diqqət çəkən Vüqar İskəndərov qeyd edib ki, artıq bir çox əraziyə köç başlanıb: “Artıq işğaldan azad edilmiş ərazilərimizi böyük miqyaslı bərpa-quruculuq işləri ilə inkişaf etdiririk. Həmin bölgələr sürətlə qurulur, tikilir. Azərbaycan gəncləri bu prosesdə də uğurla fəaliyyət göstərirlər. Postmüharibə, sülh dövründə və bu gün də işğaldan azad edilmiş bölgələrimizdə tikinti, mühəndislik, hətta biznes sahəsinin qurulması kimi sahələrdə əsas qüvvə gənclərdir. "Böyük Qayıdış" konsepsiyasında vacib məsələlərdən biri də həmin bölgələrdə məşğulluğun təmin edilməsi, əmək bazarının formalaşdırılması və insanların layiqli yaşaması məsələsidir. Əsas missiyalarımızdan biri yeni yaradılacaq iş yerlərində gənclərimizin dayanıqlı işlə təmin edilməsidir. Vətənpərvər gənclərimiz, doğma Azərbaycanımızı canı qədər əziz tutan bu gənclər bərpa-quruculuq prosesində də öz töhfələrini verməlidirlər. Növbəti mərhələlərdən birində Şuşa şəhərinə köç reallaşacaq. Muzey-şəhər olan Şuşada da yeni iş yerlərinin açılması məsələsi gündəmdədir. Statistikaya nəzər salanda görürük ki, gənclərə üstünlük veriləcək. Turizm, aqrar, şəhər infrastrukturunun qurulmasında və s. sahələrdə yeni iş yerləri yaradılır. Düşünürük ki, layiqli, yerli gənclərdən uğurla istifadə olunmalıdır. Bir dövlətin problemlərindən biri də urbanizasiya məsələləri olur. Ucqar yerlərdən böyük şəhərlərə axın problemlər yaradır. Bunun qarşısının alınması üçün önəmli çıxış yolu həmin ucqar yerlərdə yeni iş yerlərinin yaradılmasıdır. Bu məsələdə iş adamlarının üzərinə böyük vəzifə düşür. Rayonlarda, kəndlərdə yaşayan insanlar öz doğma yerlərində yeni iş yerlərinin açılmasında novator rolu oynamağa çalışmalıdırlar. Bu, eyni zamanda dövlətə də böyük töhfə vermək deməkdir. Xüsusilə işğal edilmiş ərazilərə qayıdan gənclər həm doğma yurdlarında çalışaraq uğurlu iş sahibi olmalı, həm də bölgələrə töhfələrini verməlidirlər. Dövlət maksimum şərait yaratmağa çalışır, lakin biznes strukturları, özəl sektor qarşılıqlı faydalı əməkdaşlıq etməli və yeni iş yerləri yaratmaqla məşğulluğun təmin edilməsində aparıcı rol oynamalıdırlar".
Yazını hazırladı: Nigar HƏSƏNLİ
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ